"Rejim asta-asta çökür" - Nəsimi Məmmədli
02-11-2016 13:49 / Bu xəbər 3824 dəfə oxundu
"Rusiya uzun müddət belə davam edə bilməz”
Rusiyada baş verən proseslərlə bağlı siyasi şərhçi Nəsimi Məmmədli Toplum Tv-yə müsahibə verib. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, politoloq Valeriy Solovyov Gazeta.Ru saytına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə də toxunub.
Həmin müsahibəni təqdim edirik:
— Nəsimi bəy, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, politoloq Valeriy Solovyov Gazeta.Ru saytına verdiyi müsahibədə bildirib ki, gələn iki ildə Rusiyada dəyişikliklər qaçılmazdır, hətta 2017-ci ili inqilabi proseslərin başlanğıc ili kimi qiymətləndirib. Öz fikirlərini Rusiyada olan və getdikcə dərinləşən sosial-iqtisadi durumla əsaslandıraraq, inqilabi proseslərin qanlı deyil, ancaq sərt olacağını deyən Solovyov onu da bildirib ki, Rusiya əhalisi üçün Krım hadisələrində qələbə və aqressiv xarici siyasət əvvəlki kimi cəlbedici deyil və hakimiyyətdən hər kəs təngə gəlib. Buna görə də protestlərdə hər iki cəbhədən olan insanlar bir araya gələcək. Siz bu proqnozları necə qiymətləndirirsiniz?
— Yaxın yüz illik tarixə nəzər salsaq, görərik ki, Rusiya cəmiyyətini ictimai-siyasi baxımdan proqnoz etmək xeyli dərəcədə çətindir. Burada rus cəmiyyətinin mənəvi-psixoloji durumunu, dövlətçilik ənənələrindən qaynaqlanan milli amilləri, sosial duruma uyğunlaşmasını, məişətini, tarixi dərsləri və özünəməxsusluğunu nəzərə almaq lazımdır. 1917-ci il Oktyabr inqilabının baniləri də hətta o zaman Rusiyada inqilabın baş verəcəyini proqnoz etməyə çətinlik çəkirdilər. İnqilabın banisi Lenin "Aprel Tezisləri” əsərində inqilabın yaxın dövr üçün mümkünlüyünü istisna edirdi. Amma cəmi bir neçə ay sonra inqilab baş verdi. Demokratik rejimlərin mövcud olmadığı cəmiyyətləri əsasən sivil dünyaya tanış olan sosioloji və politoloji qanunauyğunluqlarla təhlil etmək çox zaman mümkün olmur. Belə rejimlər ictimai-siyasi münasibətlərə deyil, şəxslərin iradəsinə bağlıdır. Çağdaş Rusiyanın mövcud sosial-siyasi durumu ilə bağlı istər qərb, istərsə də Rusiyanın müstəqil mediasının yazdıqları şərhlər olduqca maraqlıdır. Bununla yanaşı, bizim çoxsaylı soydaşlarımız, qohum və dostlarımız Rusiyada yaşadığı üçün oradan birbaşa məlumat almaq imkanlarımız da var. Rusiyada sosial-iqtisadi durum çox ağırdır və bu geriləmə getdikcə dərinləşir. Mənim qənaətim belədir ki, Rusiya uzun müddət belə davam edə bilməyəcək.
"Mövcud iqtidar sözdə Avropa məkanına inteqrasiyanı ifadə etsə də, əməldə Rusiyaya meylləndi”
— Əgər Rusiyada hansısa dəyişikliklər olsa, bu, sözsüz ki, Azərbaycana da təsir göstərəcək. Sizcə, Azərbaycana hansı təsirləri ola bilər?
— Ölkəmiz müstəqillik əldə etdikdən sonra Avrointeqrasiya yolunu dövlətimiz üçün öncəlik kimi seçsə də bunu sona kimi apara bilmədi. Təəssüf ki, mövcud iqtidar sözdə Avropa məkanına inteqrasiyanı ifadə etsə də, əməldə Rusiyaya meylləndi. Hazırda ölkəmizin siyasi idarəetməsi tamamilə Rusiyaya uyğunlaşdırılıb. İdarəetmə şablonu və strukturlara təyinatlar əsasən Rusiyada təhsil almış şəxslərdən formalaşıb. Azərbaycan Rusiya ilə eyni siyasi məkana daxildir. Həm də milyondan çox vətəndaşımız da hazırda orada yaşayır və işləyir. Odur ki, Rusiyada baş verəcək sosial-siyasi olaylar ölkəmizə hərtərəfli ciddi təsir göstərəcək.
— Bu dəyişikliklər dünyaya, Rusiyaya müsbət nəsə vəd edir, yoxsa böyük kataklizmlər ola bilər?
— Rusiya əlində nüvə silahı olan çox böyük bir dövlətdir. Orada baş verən siyasi olaylar dünyanın diqqət mərkəzindədir. Əlbəttə, biz istərdik ki, bu böyük qonşumuzda demokratik dəyişiklikləri müşahidə edək. Amma orada demokratik dəyişikliklərin qarşısında dayanan bir avtoritar rejim mövcuddur. Odur ki, sivil dünya üçün Rusiya sürprizlərlə dolu bir ölkədir. Hər halda ümid edirəm ki, Rusiya cəmiyyətinin potensialı orada kataklizmlərin yaşanmasına imkan verməyəcək.
"Rusiyanı uçuruma aparan mövcud siyasət dəyişməsə, onun aqibəti olduqca pis olacaq”
— Bəzi ekspertlər bundan əvvəl də ümumiyyyətlə, 2017-ci ili Rusiyanın çöküş ili kimi dəyərləndirirdilər. Bunu böyük dünya siyasətinin bir parçası da adlandıranlar var idi. Yəni siyasət onun üstündə qurulub ki, 2017-ci il Oktyabr inqilabının 100 illiyi ərəfəsində yeni nəsə ola bilər. Bu deyilənlərə inanmaq olarmı?
— Rusiyanı uçuruma aparan mövcud siyasət dəyişməsə, onun aqibəti olduqca pis olacaq. Faktiki olaraq Rusiya hələ də keçmiş imperiya siyasətini davam etdirir və bəzi hallarda hətta onu gücləndirməyə cəhd edir. Xüsusilə də, qonşu dövlətlərin daxili işlərinə kobud müdaxilələr, beynəlxalq siyasətdə güc tətbiq etmək kimi davranışları onu dünyadan təcrid edir. İnsan hüquq və azadlıqlarına önəm verən ölkələr Rusiya ilə dost olmaqdan, müttəfiq olmaqdan çəkinir. Rusiya daxilində çox ciddi milli-etnik problemlər də mövcuddur. Bu hal onun olduqca təhlükəli gələcəyindən xəbər verir.
— Əslində, Rusiyadakı rejim hələ də dünyaya güc göstərmək əzmini özündə saxlayır. Zəiflədiyini büruzə vermir. Onu yıxmaq çətin olmayacaq ki?
— Rusiyanın resursları düzgün istifadə edilsəydi, o zaman hər şey fərqli qiymətləndirilə bilərdi. Amma indiki şəraitdə biz bunun tam əksini müşahidə edirik. Rusiya bu gün həm Ukraynada, həm də Suriyada öz resurslarını tükətməklə məşğuldur. Onu belə bir xarici siyasət daha sürətlə bitirir. Rusiya öz içərisindən asta-asta çökür. Sadəcə olaraq, bu prosesin nə qədər davam edəcəyini söyləmək çətindir.
Bəhruz Səmədov
Toplum.Tv