Zahir Əzəmət: “Xalqı yeni parlamentin daha fərqli, işlək olacağına inandırmaq lazımdır” (MÜSAHİBƏ)

Zahir Əzəmət: “Xalqı yeni parlamentin daha fərqli, işlək olacağına inandırmaq lazımdır” (MÜSAHİBƏ)

25-12-2019 17:39 / Bu xəbər 1365 dəfə oxundu

Xəbər verdiyimiz kimi tanınmış yazar-jurnalist, "Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov Zahir) də növbədənkənar parlament seçkilərində namizəd olacağını açıqlayıb. 

Baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Z.Əzəmət maraqlı və aktiv seçki kampaniya aparacağını söyləyib. 

45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.

Seçki ilə bağlı "Şərq”in suallarını cavablandıran baş redaktor imzatoplama kampaniyasının başa çatmaq üzrə olduğunu deyib..

- Zahir bəy, imzatoplama kampaniyasını başa vurdunuzmu? Prosesdə sizə çətinlik yaradan məqamlar oldumu? 

- İmzatoplama kampaniyası başa çatmaq üzrədir. Hazırda sənədlərin hazırlanması mərhələsindəyik. Yekun yoxlamadan sonra dairə seçki komissiyasına təqdim edəcəyik. Kampaniya ərzində heç bir maneə ilə üzləşmədik. Ümumi problem isə ondan ibarətdir ki, ərazidə yaşayan insanların böyük hissəsinin bu dairəyə qeydiyyatı yoxdur. Onların seçici kimi də proseslərdə iştirak edə bilməyəcəyi narahatedici məqamdır.

- Sizə dəstək olanlar varmı, həmkarların yardımı olurmu? 
 
- Prosesə başladığımız ilk gündən medianın böyük dəstəyini hiss etdik. Buna görə bütün həmkarlara, mediaya təşəkkürlərimi çatdırıram. Dairəmizdəki 6 kənddə və Xırdalan şəhərində də bizi dəstəkləyən nüfuzlu şəxslər var. Bu dəstəyin əhatəsini genişləndirmək üçün komandamızla birlikdə aktiv çalışırıq. Ümumi əhval-ruhiyyə və prosesin gedişi gözlədiyimizdən də yaxşıdır.

- Namizəd olduğunuz dairədən rəqib namizədlər neçə nəfərdir, kimlərdir?  

- Hazırda proses davam etdiyi və yekunlaşmadığı üçün bu barədə danışmaq hələ tezdir. Öz araşdırmalarımızdan bəlli olur ki, 10-15 nəfər namizədlik üçün bildiriş təqdim edib. Onlardan neçəsi ilkin imzatoplama kampaniyasını başa vura biləcək, neçəsi rəsmən təsdiqlənəcək, hələ aydın deyil. Hazırda bizim dairədən iddiasını ortaya qoyan şəxslərdən biri də həmkarımız, dostumuz Ceyhun Musaoğludur. Onunla da bir çox məsələlərdə koordinasiyalı şəkildə çalışırıq. Hesab edirik ki, sivil rəqabətimiz yaxşı bir seçki nümunəsi olacaq. Fikrimcə, əsas rəqibim dairədən seçilməyə iddiası olan hər hansı başqa şəxs yox, passiv seçicinin özüdür. İlk növbədə onların aktivliyinə nail olmaq, öz vətəndaşlıq mövqelərini seçki prosesində və seçki günü ortaya qoymaqlarına inandırmaq lazımdır. Son bələdiyyə seçkilərində seçici fəallığının aşağı olması da dediklərimi bir daha təsdiq edir. Xalqı islahatlar mərhələsində yaradılacaq parlamentin daha fərqli, işlək, xalqa daha yaxın olacağına inandırmaq lazımdır. Hər bir namizədin ilkin işi, fikrimizcə, bundan ibarət olmalıdır. Seçki özü-özlüyündə bir aksiyadır, qoy seçicilər bu vacib prosesdə, qanuni formada hansı platformanı, hansı ideyaları dəstəklədiyini sivil şəkildə ortaya qoysun.

- Şəxsən öz şansınızı necə dəyərləndirirsiniz?

- Şansımı yüksək dəyərləndirirəm. Ərazidə yaşadığım üçün seçicilərin problemləri ilə yaxından tanışam, özüm də gündəlik olaraq bu problemlərlə üzləşir, bu qayğıları yaşayıram. Dairədə dayaqlarımız da güclüdür, yenilikçi komandamız var, çox pozitiv, maraqlı kampaniya planlamışıq. İnanıram ki, seciçinin inamını qazana biləcəyik.

- Jurnalistlərin parlamentə bu səviyyədə iddialı olmasına münasibətiniz necədir?

- Peşəkar jurnalistlər öz fəaliyyəti boyu vətəndaşların problemlərini, ölkənin qayğılarını işıqlandırmala məşğul olur. Jurnalistikanın özü də ictimai vəkillikdir. Amma heç də bütün hallarda problemlərin həllinə nail ola bilmirik. İstər bəzi məmurların fəaliyyətsizliyi, istər bürokratik əngəllər bir çox məslələrdə maneəyə çevrilir. Amma bir vəkili kimi bu kimi problemlərin həllinə daha çox təsir imkanlarına sahib olacağıq. Niyə də olmasın? Bütün normal peşə sahiblərinin millət vəkilliyi iddiasında olması normal qarşılanmalıdır. Düşünmürəm ki, ümumi nisbətdə jurnalistlərin qatılma faizi digərlərinə nisbətdə yüksəkdir. Sadəcə jurnalistlər cəmiyyətdə daha çox tanınır deyə, ilk nəzərə çarpan da onlar olur.///Qaynar.info