Həbsdəki hüquqşünasdan ictimaiyyətə çağırış

Həbsdəki hüquqşünasdan ictimaiyyətə çağırış

28-02-2019 12:48 / Bu xəbər 1962 dəfə oxundu

Siyasi məhbus, 6 il azadlıqdan məhrum edilən hüquqşünas Əlabbas Rüstəmov Turan İA-nin direktoru Mehman Əliyevi, hüquq müdafiəçiləri İntiqam Əliyev və Leyla Yunusu, vəkil Xalid Bağırovu, jurnalistlər Xədicə İsmayıl, Zümrüd Yağmur, Qənimət Zahid, Şahvələd Çobanoğlu və hazırda həbsdə olan Seymur Həzini özünün hüquqi varisi elan edib.

Həbsdəki hüquqşünasın niyə belə bir addım atması və mövcud durumu haqda məlumat yoxdur. 

Hazırda Bakı Apelyasiya Məhkəməsində onun həbs müddətinin 2/3-nin başa çatmasına görə azadlığa çıxması ilə bağlı şikayətinə baxılır. 

Hazırlıq iclasından sonra, məhkəmə prosesi martın 1-ə təyin olunub.

Məhbus özünü hüquqi varislərinin elan olunması ilə bağlı deyir: "Həyatın nəşəli və ləzzətverən fəlsəfəsini mənimsəyərək, nəfsi istəklərin tanrısı hesab edən, pula sitayiş edərək puldan başqa büt tanımayan, şərəfin, ləyaqətin pula satan, dövlətin təməl sütunu hesab edilən qurumlara rəhbərlik etməklə bu təmsilçilikdən altlarına yığdıqları pul kütləsinin çoxluğundan fironluq ehtirası ilə alışıb yanan kəslərin əxlaqsız əməlləri və bundan əl çəkməyərək, onu davam etdirmələrinin nəticəsi kimi sizlərə olan belə müraciətə qərar verdim:

İnsan qiyafəsində olan, lakin "mən insanam” sözündən istifadə etməklə haqlarını belə itirən bu kəslərin insanlıqdan uzaq xisləti Müqəddəs Kitabımız Qurani-Kərimdə çox aydın şəkildə göstərildiyindən və onlarla münasibətlərin ssenarisini xəyallarımda canlandırmağa müvəffəq olduğumdan "həbsimdən” hələ çox-çox əvvəl – 29 noyabr 2013-cü il tarixdə vəsiyyətnamə tərtib etdim və onun icrası üzrə sizləri hüquqi varislərim seçdim. Xəyallarımda canlandırdığım ssenari ilə son 5 ildə həyatımda baş verən hadisələrin tamamilə üst-üstə düşməsi nəticəsində yaranan əsərin heyrətamizliyi də ondan ibarətdir olmuşdur ki, "onlardan” ayrı-ayrılıqda hər birinin barəsindəki həqiqətlərin üzə çıxarılmasına nail olunmuş və bu həqiqətlərin ictimailəşdirilməsinə yardım və bu istiqamətdə sərf edilməsi məqsədilə, mənə məxsus həmin əmlaklar üzərində bütün hüquqların bundan sonra sizlərə keçdiyini bəyan edir və fiziki məhvimin belə buna maneçilik törətməməsi baxımından vəsiyyətnaməni sizlərə təqdim etməklə iradəmi bir daha nümayiş etdirmiş oluram.

Getdiyiniz yollarda hər zaman haqqın yanında addımladığınıza əmin olduğumdan hüquqi varis seçimimə razılığınızı bildirməklə yanaşı, eynilə mənim işimdə olduğu kimi illərdir Azərbaycanı "əxlaqsız qaydalarla” idarə edən kəslərin kimlikləri barədə bütün Dünya ictimaiyyətinə bilgi verilməsi işlərini təşkil etmənizi sizlərdən xahiş edirəm”.

Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib. 

Hüquqşünas ölkədəki soyğunçuluq və korrupsiya ilə bağlı, ona ailəsindən miras qalan mülkiyyətin qəsb edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevə yazdığı sərt tənqidi məktubdan sonra həbs olub, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus sayır.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.