Cavid Hüseynovun azadlığa buraxılması etiraz doğurdu: "Ədalətsiz qərardır"

Cavid Hüseynovun azadlığa buraxılması etiraz doğurdu:

13-10-2016 13:43 / Bu xəbər 1698 dəfə oxundu

Apellyasiya məhkəməsinin verdiyi qərar ədalətli deyil, Rasim Əliyevin ailəsi də çıxarılmış qərardan narazıdır"

Bunu toplumtv.com-a "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev jurnalist Rasim Əliyevin öldürülməsində təqsirli bilinən "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun ötən gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmasına münasibət bildirərkən deyib. 
Картинки по запросу Mehman Əliyev
 
Mehman Əliyev
 
M.Əliyevin sözlərinə görə, Rasim Əliyevin ölümü ilə bağlı məsələləri ictimai qaydada araşdıran Komitənin İşçi Qrupu bununla bağlı müvafiq addımlar atacaq: "Biz Rasim Əliyevin Rasim Əliyevin ölümü ilə bağlı məsələləri ictimai qaydada araşdıran Komitənin İşçi Qrupu olaraq, bu məsələ ilə bağlı hansı addımların atılacağı barədə ətraflı düşünəcəyik". 

Günay İsmayılova: " Cavid Hüseynovun azadlığa buraxılmasına qərar verən hakim siyasi işlərdə aktiv iştirak edən hakimlərdəndir” .

Hüquqşunas Günay İsmayılova bildirib ki, Cavid Hüseynov və onun qohumlarına Səbail Rayon Məhkəməsi ən doğru cəzanı vermişdi: "Hansı ki 2015-ci ilin avqustundan  etibarən Hüseynov  həbsdə idi. Rasim Əliyevin öldürülməsində birbaşa əli olan futbolçuya verilmiş 4 illik cəzanın 1 il 2 ayını çəkməsi ədalətli deyil. Bildiyimiz kimi, bu işin baxılmasını Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz nəzarətinə götürmüşdü. Bunu Avropa Parlamenti ilə görüşdə jurnalistin ölümünün onunla əlaqəsinin olmadığını və futbolçunun bu işlə birbaşa bağlı olduğunu qeyd etmişdi.  Prezidentin bu ifadələri işlətməsindən cəmi 20 gün sonra Cavid Hüseynov azadlığa çıxdı. Cavid Hüseynovun azadlığa buraxılmasına qərar verən hakim də siyasi işlərdə aktiv iştirak edən hakimlərdəndir".
Картинки по запросу hüquqşünas Günay ismayılova
Günay İsmayılova
 
 
G.İsmayılova hadisə ilə bağlı görüləcək tədbirlərdən danışarkən qeyd edib ki, Rasim Əliyevin ailəsi prosesdə tərəf kimi tanınmayıb: "Bu səbəbdən də onlar Ali Məhkəməyə qarşı tərəf kimi qərarla bağlı şikayət verə bilməzlər. Prosedurlar nə qədər məhdud olsa da, Rasim Əliyevin vəkilləri Avropa Məhkəməsi də daxil olmaqla, mümkün yerlərə şikayət edəcəklər".

Qeyd edək ki, jurnalist Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. 

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. May ayının 31-də Səbail Rayon Məhkəmənin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib.

Xatırladaq ki, oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim H.Əhmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb. Buna səbəb C.Hüseynovun vəkili A.Məmmədovun ilkin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etməsi olub. Daha sonra C.Hüseynov kassasiya şikayətini geri götürüb. 

Bakı Apellyasiya Məhkəməsində Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub və C.Hüseynov azadlığa buraxılıb.

Ofelya Ramilqızı
Toplumtv.com