Zəng etdiyiniz nömrə təyin edilməmişdir...

Zəng etdiyiniz nömrə təyin edilməmişdir...

02-04-2021 15:45 / Bu xəbər 5694 dəfə oxundu

Gülər Sahib

(Hekayə)

Tərlan ölümündən sonra tez-tez Xəyalənin yuxusuna gəlib nələrsə deyirdi, amma qız nə illah edirdirsə, onun dediklərini yadında saxlaya bilmirdi. O, sevdiyi insanın öldüyünə inanmırdı – bununla bağlı şübhələr daim içini gəmirirdi. 

Ötən gün gecə isə Tərlan yuxuda ilk dəfəydi ona bu qədər yaxınlaşırdı. Sevgilisinin təlaş içində "mən ölməmişəm, məni axtar tap” deyə çığırtılarını eşitdi bir neçə dəfə. 

Bunun yuxu olduğunu anlamadan telefonu götürdü və sevdiyinin nömrəsini son zənglərin siyahısında axtarmağa başladı. Həmin nömrə siyahıda yox idi. 

- Niyə son gələn zəngləri silmişəm? - deyə öz-özünə hiddətlənən Xəyalə telefonun yaddaşından sevgilisinin nömrəsini tapıb zəng elədi. 

Qəribə idi: o, bütün ruhu ilə Tərlanın narahatlığını hiss edirdi. 

- Yəqin, xəstələnib, ya da mənimçün çox darıxıb, yoxsa belə narahat olmazdı deyə - düşündü. Fikirləşirdi ki, sevdiyinin səsini eşidib yaxşı olduğuna əmin olduqdan sonra həm özü rahatlaşacaq, həm onu sakitləşdirəcək, həm də axşamkı görüş saatını deyəcəkdi. 

Əvvəlcə səhvən başqa birinə zəng edən qız təlaş, narahatlıq və darıxmağın gətirdiyi sıxıntıdan özünü danlaya-danlaya bu dəfə doğru nömrəyə - sevdiyinin nömrəsinə zəng etdi. Nömrənin düz olduğunu görüb sevgilisinin səsini eşidib sevinəcəyi fikrindən ürəyi bərk-bərk döyünməyə başladı. Görüşü günortaya təyin edib tezliklə sevdiyinin boynunu qucaqlayacaq, onu çox sevdiyini təkrar-təkrar pıçıldayacaqdı qulağına. 

- Tez görmək istəyirəm səni, - deyəcəkdi. 
- Necəsən, canım-gözüm” sualına "səni yuxumda gördüm, çox darıxdım” cavabını verəndən sonra...

Həyəcandan parlayan gözlərindən sel axmağa başladı. Telefonun o başından isə sadəcə, operatorun səsi eşidilirdi: "Zəng etdiyiniz nömrə təyin edilməmişdir”.

Gözlərinin yaşı yanağını islatdıqca sevdiyinin "Mənə zəng et, səni gözləyirəm” sözlərinin "yuxusundan” tam ayıldı. Pəncərənin önünə gəlib, pərdəni çəkdi. Yağış damlaları aram-aram şüşəni döyəcləyirdi...