Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar

Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar

10-11-2021 12:55 / Bu xəbər 1471 dəfə oxundu

Seymur Kazımov

Eksklüziv olaraq "Arqument.az"da
 
II yazı

Onlar müharibənin ən sərt üzünü gördülər. Elə bir üzdür ki, insanı həm fiziki, həm də psixoloji olaraq çökdürə bilər. Kimisi rahat danışdı, kimisi də göz yaşlarına qərq oldu. Bəlkə də, "müharibənin sərt üzü” o qədər də şiddətli deyil, onlar məhz ölümün özünü gördülər. 

Müharibənin ən ağır, ən həyəcanlı, hətta ən məsuliyyətli yükünü çiyinlərində daşıdılar. 

Azərbaycan ordusu işğal altındakı torpaqları azad edərkən xalq sevinir, bir-birini təbrik edirdi. Onlar isə 44 gün bu torpaq uğurunda həlak olan şəhidləri qarşıladılar və son mənzilə yola salmaq üçün səfərbər oldular; din xadimləri və onlara kömək edən sadə insanlar, könüllülər...

Övladını itirmiş və onun soyumayan cəsədini gözləyən valideyni də qarşılamaq, sakitləşdirmək, bir sözlə, balalarının yoxluğuna hazırlamaq da din xadimlərinin işi idi. 

27 sentyabr – ərazilər işğaldan azad olunur, eyni zamanda ilk şəhidlər məscidlərə gətirilir və bu hal 44 gün təkrarlanır. 

Minlərlə hekayə, həm ön, həm də arxa cəbhə qəhrəmanlarının hekayəsi... 


Füzuli 

Sentyabrın 27-də günün ikinci yarısından etibarən Füzulinin ikinci Mahmudlu kənd məscidinə 33 şəhid gətirilib... İkinci gün 27, üçüncü gün 34, dördüncü gün 24 və düz 44 gün, hətta ondan sonrakı günlər də vəziyyət dəyişməz olaraq qalıb. Tək dəyişən rəqəmlər olub. 

44 günlük müharibə rayonun "Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirovun ilk təcrübəsi idi: "Beyləqandakı ziyarətgahdan dostlar yanımıza gələndə bir qədər rahatladıq. Çünki onların arasında vaxtilə şəhidləri qarşılayan, onları yuyan təcrübəli din xadimləri var. Yoxsa, işimiz çətin olardı. 10 nəfərə qədər işçi var idi məsciddə. Beyləqandan gələndə 25-30 nəfər olduq”.

Beyləqan ziyarətgahından Natiq, Məhəmməd həm də burada çalışıblar. Nəriman deyir ki, bütün şəhidlərə xüsusi diqqətlə yanaşılırdı: "Göz yaşımızla yuyurduq onları… Bir tərəfdən rayonlarımızın azadlığı xəbərini eşidirik, digər tərəfdən də şəhidlərimiz daxil olurdu məscidə. Gözəl-göyçək igidlər idi. Hamımızın boynunda onların haqqı var. Bir gözümüz gülür, biri ağlayırdı. Bu şəhidlər qovuşdurdu bizi torpaqlarımıza. Hər birinin üzündə nur var idi. Qubadan bir şəhid vardı. Şəhadətə gülə-gülə getmişdi. Hamı onun təbəssümünə tamaşa edirdi”.
 

Nəriman Nəsirov - məscidin həyətində vaxtilə qurulmuş çadırların yerini göstərir.

Füzuli rayonundakı İkinci Mahmudlu kənd məscidi məhəlli xarakter daşısa da, o Diaqnostika Mərkəzi və Hərbi hospitalın yaxınlığında yerləşir. 

Rayonun özünün 78 şəhidi var.
 
Füzuli, ümumiyyətlə ən çox şəhid qəbul edən rayondur: 1361.
 
Beyləqan və Füzuli rayonlarını əhatə edən mərkəzdə ümumilikdə 1930 şəhid cənazəsi son mənzilə hazırlanıb, qeydiyyatı üzrə aidiyyəti ünvanlara yola salındılar. Buradan Azərbaycanın bütün bölgələrinə şəhidlər göndərildi. Kənddəki məscidin cəmi 1 yuyucuxanası var idi. Üstəlik, onun ətrafları da təmir olunmamışdı. Məscidin həyətində çadırlar quruldu, əlavə 3 səyyar yuyucu məntəqəsi yaradıldı. Digər tərəfdən də, təmir işləri davam edirdi. 

Füzuliyə də ağır vəziyyətdə olan şəhidlər gətirilir. Din xadimləri, könüllülər istisnasız bütün şəhidləri haqqa təmiz, pak yola salmaq üçün çalışırlar. İstirahət etmirlər, dincəlmirlər. Döyüşlər həm də Füzulinin azadlığı uğrunda gedir. Azərbaycan əsgəri Füzulinin mərkəzini, daha sonra mərhələ-mərhələ kəndlərinə də azad edir. Füzulidəki bu kiçik məsciddə azadlığı gətirən, amma bu sevinci dadmayan qəhrəmanlar son mənzilə hazırlanır. 

Ürəyi ən çox yanan valideynlərdir. Onları sakitəşdirmək, surələr, hədislərlə şəhidliyin ali bir məqam olduğunu bildirmək yenə də din xadimlərinin üzərindədir. Hətta valideynlərlə qucaqlaşıb, onlarla ağlayanlar da olur. Səbir və iman ananın göz yaşları, atanın bükülmüş çiyinləri qarşısında hər zaman tab gətirə bilmir. Valideynlərdən biri gücünü toplayır və boğuq səslə, "Vətən sağolsun” deyir... Başqa bir valideyn övladının öz puluna aldığı bayrağı Nərimana uzadır və xahiş edir ki, onun kəfəni məhz bu bayraq olsun… 

Müharibə bitsə də, məscid bir müddət şəhidləri qəbul edib… Həyətdə bir neçə tabut var, hamısının üstünə də qırmızı parça örtülüb. Kənarda isə qanlı bir xərək. Allah bilir neçə qəhrəmanın qanı var onun üzərində. 

Ağcabədi

"Çox adam dəfn etmişik, amma şəhid ilk dəfəydi görürdük. Aramızda xeyli gənc könüllü də vardı. Şəhidə toxunmaq, onun savabını almağı hər kəs istəyirdi. Hətta xəstəxana morqlarına belə öz əməkdaşlarımızı göndərmişdik. Mərhumların əyinlərindən döyüş paltarlarını da onlar çıxarırdılar”. 

Ağcabədi məscidi ikinci Qarabağ müharibəsində 81 şəhid qarşılayıb.
 
Onlardan 41-i rayonun öz şəhididir, 40-ı isə başqa bölgələrə göndərilib.
 
Mərdan Rzayev Ağcabədi rayonu dini icmasının sədri və rayon məscidinin axundudur. 

Müharibə həm onun, həm də komandasının ilk təcrübəsi idi. 

Mərdan sükan arxasındadır, Beyləqandan Ağcabədiyə gedirik. Yağış yağır. Maşını bir qədər aşağı sürətdə idarə edir. 

Hava yavaş-yavaş qaralır və birdən sükut pozulur: "Şəhidlərdən birinin atası iflic olduğuna görə, danışıq qabiliyyətini itirmişdi. Oğlunun məzarı başında danışmaq istəyirdi.... Evdə öz əlləri ilə bir mətn yazmışdı ki, digər oğlu onun adından oxusun”. 

Ortaya yenə dərin bir sükut çökür və bir qədər keçdikdən sonra danışmağa davam edir. Müharibə canımızı çox yandırdı, əzizlərimizi, doğmalarımızı aldı. Torpaqlarımızı da azad etdik, üstəlik xeyli qəhrəmanlıq dastanı da yazıldı. Bəlkə də, illər sonra dastanlar kitabında bugünki şəhidlərimizin əhvalatı əks olunacaq.
 
Maraqlıdır, o şəhidlərin valideynləri də bu kitablarda yerini tutacaqmı?! Bir şəhid anası təkidlə oğlunun dəfninə gəlir və hər kəsin qarşısında onun tabutu başına keçərək, uca səslə deyir: "Mən südümü, zəhmətimi sənə halal edirəm, oğul. Rahat uyu”. Həmin anlarda hansı hisslər keçirdiyimizi sözlə ifadə etmək çətin idi”. 

Çoxdur belə əhvalat. Hər rayona, hər şəhərə gedən şəhid sayı qədər belə əhvalatlar var. 

Ağcabədiyə də ağır vəziyyətdə şəhidlər gətirilib. Onların arasında bədən üzvləri parçalananlar da də olub. Hamısı təsirli səhnədir. Amma Mərdanı narahat edən, gecələr yuxularını qarışdıran bu görüntülər olmayıb. 

"Yuxuma ən çox ağlayan şəhid anaları gəlirdi”,  - deyir Mərdan.