Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri

Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri

05-01-2022 18:41 / Bu xəbər 908 dəfə oxundu

Ənnağı Hacıbəyli

Məhkəmə hakimiyyəti

(dördüncü yazı)

Yuxarıda qeyd etdim ki, hakimiyyətlərin bölünməsi prinsipinə görə, məhkəmə hakimiyyəti hakimiyyətin müstəqil qoludur. Məhkəmə hakimiyyəti qanunverici və icra hakimiyyətinin qanunları pozmasının qarşısını alan, hakimiyyət budaqlarının tarazlığını təmin edən təsisatdır.

Konstitusiya Məhkəməsi konstitusiyaya uyğun olmayan qanunları qüvvədən salmaqla, qanunlara təfsir verməklə, seçkilərin nəticələrini təsdiq etməklə, prezidentə impiçmenti gerçəkləşdirməklə, hakimiyyətlərarası mübahisələri həll etməklə və s. vasitələrlə, ümumi və xüsusi yurisdiksiyalı məhkəmələr isə qanunları tətbiq etməklə, hakim hüququnu gerçəkləşdirməklə, icra orqanlarının qərar və hərəkətlərini qanunsuz saymaqla və s. yollarla başqa hakimiyyət qollarının cilovda saxlanmasına, onlar arasında tarazlıq yaradılmasına nail olmalıdır.

Bizdə gerçəklik nədən ibarətdir?

Konstitusiyanın 8-ci maddəsinə əsasən, "AR Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır”. "Hakimiyyətlərin bölünməsi” prinsipini elan edən 7-ci maddədən dərhal sonra "müstəqil məhkəmə hakimiyyəti”nə təminatçı müəyyən edən normanın müəllifləri hüquq fəlsəfəsinə analoqu olmayan yenilik gətiriblər.

Nəticədə məhkəmə hakimiyyəti icra hakimiyyətindən tam asılı duruma salınıb. İcra hakimiyyəti məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin bütün məsələlərini (hakimlərin təyin olunması və vəzifədən azad edilməsi, onların peşə hazırlığı, mükafatlandırılması və cəzalandırılması, məhkəmələrin texniki təminatı və s.) həll etmək səlahiyyəti qazanıb. Nəticədə pulu kim verirsə, musuqini də o sifariş verir – filankəsə 5 il, o birinə 15 il, söküntülərə dəymə, tutulmayan korrupsionerlərə toxunma, amma ədalət mühakiməsini həyata keçir, insan hüquqlarını qoru…

"Prezident məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır” normasının Konstitusiyaya daxil edilməsinin mənası nədir? Bu normanın müəllifləri bilirdilər ki, qanunların ən çox pozulduğu yer icra hakimiyyətidir və onu məhkəmə hakimiyyətinin qərarlarından qorumaq gərək olacaq. Bunun ən optimal yolu məhkəmə hakimiyyətini icra hakimiyyətindən asılı duruma salmaqdır.

Hakimiyyətlərin bölünməsi prinsipini kəşf edənlərin düşüncəsinə görə, hakimiyyətin hər üç qolu müstəqil olmalı, onların müstəqilliyinin təminatçısı isə ölkənin konstitusiyası və qanunları olmalıdır. Kimsə kiminsə təminatçısı olursa, bu, bölünmə və müstəqillik deyil. Deyə bilərsiniz ki, (necə ki deyirlər) demokratik ölkələrin əksəriyyətində məhkəmə hakimiyyətinin təşkili və fəaliyyəti ilə bağlı məsələləri icra hakimiyyəti orqanları, adətən, Ədliyyə Nazirliyi həll edir. Haqlısınız, amma öz Ədliyyə Nazirliyinizi o ölkələrin nazirlikləri ilə müqayisə edin, cavabınızı alacaqsınız.

Avropa Məhkəməsinin mövqeyinə görə, "müstəqil məhkəmə” icra və qanunverici hakimiyyət, eləcə də tərəflər qarşısında müstəqilliyi ifadə edir. Özəlliklə, icra hakimiyyətinin məhkəmə proseslərinə və onların nəticəsinə təsir etmək məqsədi ilə müdaxiləsi hakimlərin müstəqilliyini sarsıdır. Hakimləri icra hakimiyyətinin vəzifəyə təyin etməsi o şərtlə normal sayılır ki, onlar təyin olunduqdan sonra hər hansı təzyiqə məruz qalmasınlar, konkret işlərlə bağlı və ümumiyyətlə, icra hakimiyyətindən hansısa təlimat almasınlar.

Hakimləri bütün xarici (özəlliklə, icra hakimiyyətindən) və daxili (məhkəmə sədri və başqa vəzifəli şəxslərdən) təzyiq və təsirlərdən qoruyan işlək (!) qanunvericilik qarantiyaları olmalıdır. Bir sözlə, "məhkəmənin müstəqilliyi” anlayışı hakimiyyət qollarının məhkəmə orqanlarının işinə  müdaxilə etməsinə qarşı qanunvericilik və təşkilati (institusional) təminatların olmasını tələb edir.

İstənilən cəmiyyətdə insan faktoru deyilən bir şey var. Normal idarəçilik yarada bilmiş cəmiyyətlər və dövlətlər çeşidli yollarla onun təsirini minimuma endirməyə çalışır. Dövlətçilik ideyalarına, qanunun üstünlüyünə sadiq olan kadrlar yetişdirilməsi, təkmil qanunvericilik qəbul edilməsi, elmi-texniki tərəqqinin nəticələrinin tətbiqi və s. üsullarla insan faktorunun təsirini minimuma endirməyə çalışırlar. Hətta müstəqil hakimlərin olması da problemin həlli deyil.

"Berlində hakimlər var” ifadəsi primitiv formada olsa da, hansısa müstəqil, ədalətli hakimi deyil, məhz ədalətli məhkəmə hakimiyyətini nəzərdə tuturdu.

Müstəqil məhkəmə hakimiyyəti (institusional və fərdi) qurulmadan ölkədə qanunçuluğun və ədalətin təmin olunması mümkün deyil. Bu isə normal qanunvericilik və sağlam siyasi iradə tələb edir.

Hakimiyyətin dəyişməsi avtomatik olaraq hər şeyin düzələcəyi anlamına gəlmir. Sabah o vahid, hər şeyə qadir iradənin daşıyıcısı kim olur-olsun, fərqi yoxdur, mahiyyət dəyişməyəcək.

Mahiyyətin dəyişməsi üçün çağdaş demokratik qanunlar qəbul edilməli, hamının qanun qarşısında bərabərliyi, qanunun üstünlüyü təmin olunmalı, ölkədə qanuna, haqq-ədalətə, insana xidmət edən idarəçilik sistemi qurulmalıdır.

Hakimiyyətin qanunu qanunun hakimiyyəti ilə əvəzlənməsə, heç nə dəyişməyəcək…

Yazı Meydan TV-dən götürülüb.