Heç kim qatil doğulmur

Heç kim qatil doğulmur

13-07-2023 13:51 / Bu xəbər 1854 dəfə oxundu

Çingiz SULTANSOY

Detektiv hekayə - V hissə 


Möhkəm iradəli adamlar kimi, qərara gələndən sonra bütün qarışıq, bir-birinə zidd fikirləri, tərəddüdləri kəsibmiş kimi başından atdı. Qərarı isə qəti idi - bu işi görüb, pulunu almaq. Pul ona borclardan qurtarmaq, yeni həyata başlayıb öz geşeftini qurmaq üçün lazım idi. Az əvvəl  belə düşünməsə də həyatının yeni mərhələsi üçün yetişdiyini sanırdı. Bununla ürəyini oxuyub, təklif verənlərin bəsirətini, təklifi qəbul edəcəyini bildiklərini, özü haqqında bəd fikirlərini təsdiqlədiyini anlayırdı, özünə etiraf edirdi, təbii, amma bu etiraf daha narahatçılıq, ağrı mənbəyi deyildi. Fikri-zikri vəd olunan puldaydı. 

Alacağı böyük məbləğ gələcəyinə yol açır, həyatını yenidən başlamağa, başqa bir həyat, sahibkar karyerası qurmağa imkan verirdi, əsas bu idi. Varlanandan sonra xeyriyyəçiliklə məşğul olacaq, müharibə əlillərinə, sağ qalan cəbhə dostlarına, həlak olanların ailələrinə əl tutacaqdı. Hətta Wettbüroda oynamağı tərgitmək, daha pul uduzmamaq və vaxt itirməmək barədə də düşünürdü, hələ tərgitməyə qəti qərar verməsə də...

Qəribədir ki, on min dollar vəd olunan məktubu alanda aldadılmaq ehtimalıyla bağlı yaranan və yaşayan təbii şübhələr tapşırığı icra etməyə qərar verəndən sonra artmadı, əksinə, azaldı. Von Kolbenschlagı öldürtmək istəyən adam sıradan adam ola bilməzdi, onun qədər varlı və imkanlı idi, olmalı idi. Belə isə on min dollar nə qədər böyük pul olsa da, bu işçün elə də böyük deyildi. Belə olan halda, sifarişçi icraçını niyə aldatsın ki?

Məktubu alandan üç həftə sonra əvvəldən seçdiyi, soyuq, yağışlı-çiskinli bir Berlin axşamı cəbhədən gətirdiyi, nədənsə bu çağacan qeydiyyatdn keçirmədiyi, adına olmayan „Parabellum" tapançasını cibinə qoyub Ernst-Maria-Erich von Kolbenschlagın yaşadığı imarətə doğru yollananda həyəcanlı deyildi, əksinə  kifayət qədər sakit, təmkinli və əmin idi. Birincisi, müharibədə otuza yaxın bu sayaq əməliyyatda iştirak etmiş, az qala yarısına rəhbərlik etmişdi, ikincisi, bu əməliyyat cəbhədə icra etdiyi əməliyyatlardan qat-qat asan və təhlükəsiz idi, nəhayət, cəzasız qalacağına əmin idi - əgər işi səliqəli görüb iz, ipucu buraxmasa, onu heç kim heç vaxt tapa bilməyəcəkdi.  Qatillə qurbanı bir-biriylə heç nə bağlamırdı... 

İmarətdən azca aralı, qonşu evin balkonunun altında, küçə fənərinin işığı düşməyən, çoxdan seçdiyi yerdə dayandı, şərfini üzünə çəkib papağını gözlərinin üstünə basdı və gözləməyə başladı. Küçə alaqaranlıq, Kolbenşlaqın imarətinin qabağı işıqlı olsa da, mövqe tutduğu yer yetərincə qaranlıq idi.  Bir də indi küçədə get-gəl vardi ki, görən də olsun? Soyuq, külək, yağış hamını evinə çəkilməyə  məcbur etmişdi, əl-ayaq kəsilmişdi. İndi yalnız hansısa bəd təsadüf buraya şahid yetirib ona mane ola bilərdi. 

O axşam Kolbenschlag evə tək qayıtmadı, hansısa ziyafətdən ya teatrdan dəstəylə qayıtdı, kişili-qadınlı üç maşın idilər, ziyafəti evdə davam eləmək niyyətləri görünürdü.  Durumu görüb Rainer vaxt itirmədən əks tərəfə getdi. 

Sonrakı beş gün, biri istisna, belə pusquda keçdi. Axşam evə qayıdan Kolbenschlaga yaxınlaşmaq imkanı olmurdu, başqa variantlar isə daha əlverişsiz idi. Təbii ki, Rainer yerini dəyişirdi, amma onda Kolbenschlagın imarətindən çox uzaq düşürdü, həm də eyni məhəllədə dörd gün dalbadal kimisə gözləyən adam artıq şübhə doğuracaqdı.  

"Əməliyyata” belə getməyin artıq təhlükəli olduğunu yaxşı anlayaraq beş gündən sonra ara verdi, Berlinin küçələrini dolaşaraq təzə olmayan, üstünə qonan toz-torpaqdan, damına, kapotuna yapışmış, təmizlənməyən xəzəllərdən çoxdan sürülmədiyi bilinən "Mersedes” qaçırmaq istədi, amma alınmadı - motor işə düşmədi.

İki gün sonra eləcə üstü tozlu, xəzəlli, həqiqətən də çoxdan sürülməyən və çox təzə olmayan "Opel” maşını qaçırdı, yoxlamaq üçün şəhər kənarına sürdü – öz maşını olmasa da, sürməyi  şirkətində öyrənmişdi, son illərdə hərdən varlı müştərilərin maşınlarını sürürdü. "Opel”in sazlığına əmin olub, benzin doldurdu, üstünün xəzəlini, tozunu-palçığını kənddən aralı, adam olmayan ağaclıqda gölməçə suyuyla birtəhər yudu, təmizlədi. İndi əməliyyat yerinə getmək olardı.  

O axşam da bəxti gətirmədi, Kolbenschlag evə tez qayıtmışdı, qonaqları vardı, qonaqların getməyini, ev sahibinin xanımıyla onları darvazayacan yola saldığını gördü.  

Rainer anlayırdı ki, oğurluq maşını bir-iki, uzağı üç gün sürmək olar, sonra tutulmaq təhlükəsi kəskin artır. "Opel”i atıb başqa maşın qaçırmaq lazımdır, o da asan olmayacaq, vaxt aparacaq. Barmaq izlərinin cinayət axtarışında istifadə olunduğunu bilirdi, - əsrin əvvəlindən İngiltərədən başlamışdı, - ona görə əlcək geyinib dəsmalla maşının içində və çölündə əli dəydiyi bütün yerləri sildi, sonra adamsız küçədə qoyub uzaqlaşdı.

Yeni maşın axtarmağa, tapıb qaçırmağa, pusqulara həqiqətən də çox vaxt gedirdi, yuxusunu düz-əməlli ala  bilmirdi, işdə də əvvəlki Rainer von Eberhardt deyildi, artıq müdiriyyət də duymuşdu. Şöbə müdiri onu yanına çağırdı:

- Rainer, sənə nə olub?
- Heç nə, şef.
- Sanki əvvəlki çalışqan, nümunəvi Rainer von Eberhardt deyilsən...
- Əvvəlkiyəm, şef. Kiçik problem yaranıb.
- Problemin nə olduğunu soruşmuram. İsətəsən. özün deyərdin. Bəlkə köməyim dəyə bilər?
- Yox, çox sağ olun.
- Bəlkə, yenə uduzmusan, pul lazımdı? Səni belə görməmişəm indiyəcən...
- Uduzmamışam, şef. Son vaxtlar cıdıra gedirəm ki, uduzum da?
- Oynamırsansa, deməli 100% nəsə olub! Danış görək!

Rainer başa düşdü ki, şöbə müdiri əl çəkməyəcək. Yaşlı kişiydi, təqaüd vaxtı çoxdan çatmışdı, amma bu inflasionda təqaüdə çıxmaq olardı? İşini yaxşı bilirdi, öhdəsindən gəlirdi deyə təqaüdə göndərmirdilər, Rainerə də həqiqətən münasibəti çox yaxşı olduğundan nəsə uydurmaq gərək idi.

- Bacım yoldaşından boşanmaq həddindədir, Berlinə gəlmək istəyir, ona münasib, amma ucuz mənzil tapmaq lazımdı.
- Elə bu? Mənzilin var ki...
- Sevgilim atasından inciyib evdən çıxıb, indi mənimlə qalır. Azdı, şef? Bacımın dörd uşağı var, mənzilimə sığmazlar. Özü də oxumuş olsa da, yalnız kənd təsərrüfütıyla mə.ğul olub, evdar qadındır, ayrı bir peşəsi yox. 
- Bu inflasion vaxtı tək necə dolanacaq?
- Elə problem də odur. Amma hələlik rəsmi ayrılmadan bir-iki ay burada qalmaq istəyir, bəlkə barışdılar, heç boşanası olmadılar?
-  Yaxşı fikirdi. Deməli, ona görə küçələri dolaşırsan?
-  Bəli, şef! Onu da qoyublar ovcunuza?

Müdir gülümsədi:

-  İşçilərimin iş vaxtı neylədiklərini bilməliyəm ya yox?
- Mən iş vaxtı dolaşmıram. İşdən sonra.
- İş vaxtı da olub. Az-maz.  
- O da düzdü...
- Gəl belə edək: maşını götür, piyada axtarma. 
- Mənə xəcalət verirsiniz, şef!
- Nə xəcalət? Sən bizim dəyərli əməkdaşımızsan, Rainer. Amma işivi də unutma!
- Baş üstə, şef! 

Rainer şirkətin maşını götürdü, amma pusmağa getmədi, təbii, maşınla küçələri fırlanıb qaçırmağa maşın axtardı, üç münasib variant seçəndən sonra maşını qaytarıb şirkətin həyətinə saldı və qayıdıb nişanladığı maşınlardan ikincisini qaçırdı – "Horch” idi, birincisinin motorunu işə sala bilmədi. Quşu quşla tutarlar. İki axşam pusquya "Horch”la getdi, əlverişli məqam olmadı. Maşını mərkəzə yaxın küçədə icazə olmayan yerdə saxladı ki tez tapıb sahibinə qaytarsınalr və uzaqlaşdı... 

Marka ucuruma düşürmüş kimi düşürdü, dolların kursu milyardı keçmişdi. Bu hesabla on min dollar nə qədər edəcəkdi? Özü-özünə "Rainer, belə boş-boş şeylərlə başını qatma!”, - dedi. Yenə bir maşın qaçırıb artıq öyrəşdiyi mövqeyinə getdi. Birinci günlərin pusqusundan fərqli olaraq,  Rainer əməliyyata yemək, su, hər ehtimala qarşı, gərək olsa, özünüəhlikef göstərmək üçün bir yarımçıq şüşə konyak, bir yarımçıq şüşə şnaps* götürürdü, amma heç vaxt spirtli işki içmirdi. İşəmək istəyəndə postu tərk etməmək üçün arxa oturacağın altında bir boş şampan şüşəsi də vardı. Pusqu, "əməliyyat” artıq bir işə  çevridiyindən burada da özünə bazar, istirahət günləri  müəyyən etdi, şirkətdəki işinə daha çox vaxt və səy ayırmağa başladı ki, hörmətini,  iş yerini itirməsin. Cıdıra getməyi özünə yasaq etmişdi - əməliyyatı bitirənəcən.  

Qaçırdığı maşınların sayı iyirmini keçmişdi, sayını-hesabını itirməmək üçün hamısının modelini, nömrəsini, vəziyyətini,  qaçırılma yerini, gününü, saatını, istifadə müddətini, hansı küçədə qoyub getdiyini, bunun da gününü, saatını yazıb evdə bir qovluğa yığırdı ki, eyni məhəllədən iki dəfə maşın qaçırmasın, izi itirmək asan olsun. Saxta nömrə asmaq haqda düşünürdü, amma hər hansı ustaya müraciət emək iz buraxmaq demək idi, ona görə tərəddüdən sonra bu fikirdən əl çəkdi. Cinayətkarlıq elə artmışdı ki, polis qaçırılan maşınların hayında deyildi, daha ciddi və ağır, bank, mağaza yarmaq, qətl və başqa belə cinayətlərlə məşğul idi... 

İki ay beləcə ötdü. Soyuq, yağışlı bir axşam Rainer iki kolbasa-çörəkli buterbrot yeyib özünə termosdan təzəcə isti südlü kofe süzmüşdü ki, von Kolbenschlagın böyük və bahalı "Mersedesi”nin yaxınlaşdığını gördü. Maşın tək idi. Əlindəkiləri oturacağa atıb, tapançanı çıxardı və motoru işə salıb, maskasını bağıadı, üzünə yox, çənəsinə çəkdi ki, görməyə mane olmasın.  "Mersedes” yaxınlaşıb imarətin qabağında dayandı, faraların işığı söndü. Artıq yaxşı  tanıdığı sürücü-cangüdən maşından düşüb ötəri sağa-sola boylananda Rainer gördü ki, maşında Kolbenschlagdan başqa heç kim yoxdur! 

İki ay gözlədiyi məqam çatmışdı. Fürsəti fövtə vermək olmazdı. Rainerin ürəyi daha bərk vurmağa başlasa da, həyəcanlanmadı, sadəcə ovunu  görmüş, üstünə atılmağa hazırlaşan vaşaq ya bars kimi yığıldı, qapısının şüşəsini endirib, maskasını üzünə çəkdi və maşını yavaş-yavaş irəli sürdü. 

QEYD.  
1.  Şnaps - alman arağı, meyvə, tərəvəz ya taxıldan çəkilir
2. Bu hekayənin süjeti orijinal olmayıb,  müəllifin əlli beş il əvvəl oxuduğu və təsirləndiyi, amma adını, yazanın adını unutduğu bir ingilis novellasından götürülüb. Müəllif o novellanı tapıb ona çatdıran oxucuya əvvəlcədən təşəkkürünü bildirir və mükafatı vəd edir.