400 qəzalı məktəbin aqibəti: “Sanitar qovşaq yox, invertarlar sınıq, döşəmə çürük, tavan çatlaq…”

400 qəzalı məktəbin aqibəti:  “Sanitar qovşaq yox, invertarlar sınıq, döşəmə çürük, tavan çatlaq…”

21-01-2025 17:58 / Bu xəbər 165 dəfə oxundu

Ərəbşalbaşlıların məktəb problemi: "Üç şagirdi olan kənddə  yeni məktəb, 500 şagirdlik kənddə isə heyvan daxması var”

Qobustanın Ərəbşalbaş kənd sakinləri məktəb problemi yaşayırlar.

Onlar Meydan TV-yə deyiblər ki, 1000 təsərrüfatı olan kəndin təhsil ocağı köhnə və yararsız binada yerləşir.

Ötən əsrin 50-ci illərindən yadigar qalan məktəb binası nə xaricdən, nə daxildən təhsil ocağına oxşayır.

Sakinlərlə bərabər məktəbin 50 müəllimi və 500 şagirdi də eyni problemlə üz-üzədir.

"Məktəbimiz heyvan fermalarına oxşayır. 50-ci ildən qalma 2 korpus var. 80-ci illərdə isə əlavə bir korpus tikilib. 25-dən çox sinif otağının invertar avadanlıqları belə dəyişilməyib. Divarlar ovulub tökülür, döşəmə köhnədir deyə çürüyür, ayağını qoyursan, aşağı düşür. Çox bərbad vəziyyətdədir. Sanitar qovşağı yox, partalar sınıq, döşəmə çürük, tavan köhnə. 50-ci ildən qalma məktəb necə olar?”, – deyə kənd sakini Vüqar  Əhmədov bildirir.

Foto: Meydan TV

 "Təmir adı ilə sui istifadə olundu”

Kənd sakinlərinin sözlərinə görə, soyuq aylarda məktəbdə isinmə ciddi problem olur: "Nəmişlik, dar otaqlar və köhnə invertarlar tədrisin keyfiyyətinə mənfi təsir edir. Yeni məktəb binası arzusu artıq kəndliləri ümüdsiz  edir. Aidiyyəti qurumlara edilən çoxsaylı müraciətlərə rəğmən üç korpuslu bir mərtəbəli məktəbin tikintisi isə illərdir ki, yubadılır. Məktəbdə əsaslı təmir adı ilə iş aparılsa da, həm məktəb, həm də sanitar qovşaq bərbaddır”.

Vüqar  Əhmədov deyir ki, sanitar qovşaq da bərbad haldadır: "Məktəbin həyətinin mərkəzində bir ayaqyolu var. O ayaqyoluna baxanda mən xəcalət çəkirəm. Aşağı sinif şagirdləri üçün təhlükəlidir. O kişilər üçündür. Qadınlar, qızlar üçün olan o qədər bərbad idi ki, kəndin gəncləri bunu "ayıb” sayıb özləri yenilədilər. Bir neçə il öncə təmir üçün vəsait ayrıldığını dedilər, əvəzində köhnə uçuq-sökük tikintinin materiallarını söküb dam örtüyü edib getdilər. Bizi təmir adı ilə arxayın salıb, vəsaitindən özləri yararlandı. Məktəb isə "köhnə hamam, köhnə tas ” vəziyyətində qalıb. Təmir adı ilə sui istifadə olundu. Ayrılan vəsaitin aqibəti barəsində məlumat da verilmədi".

Foto: Meydan TV

"Sakinlər olaraq düşünürük ki,  bu artıq məqsədlidir”

Vüqar Əhmədov qeyd edir ki, sakinlər dəfələrlə ölkə başçısından tutmuş Elm və Təhsil Nazirliyinə qədər – hər kəsə müraciət ediblər, amma şikayətləri nəticəsiz qalıb: "Bir jurnalisti dəvət etdik, çəkdi, amma icra hakimiyyəti qoymadı yayımlamağa. Heç kimə də çəkib işıqlandırmağa icazə vermirlər. Yazılı müraciət edirik, şifahi deyirlər ki, düzələcək. Bizim müraciətin üstündə 30-40, 50-70 şagirdi olan məktəblərin yeni  binası var. Kəndin hörmətli bir şəxsi hətta Elm və Təhsil Nazirliyinin qəbulunda oldu. Di, gəl ona verilən cavabda belə anlaşıldı ki, gedib oturaq evimizdə, problem düzələn deyil. Düşünürük ki,  bu artıq məqsədlidir. Üç şagirdi olan kənddə yeni məktəb, 500 şagirdlik kənddə isə heyvan daxması var. Tək məktəb deyil, kəndin kitabxanası, mədəniyyət klubu, tibb məntəqəsi bərbad vəziyyətdədir”.

Son aylar Meydan TV-yə müxtəlif bögələrdən qəzalı vəziyyətdə olan, tədrisə uyğun olmayan məktəblərlə bağlı müraciətlər daxil olur.

Araşdırmalar zamanı məlum olur ki, yeni binaya ehtiyacı olan həmin məktəblərdə, sadəcə, təmirlə kifayətlənirlər. Bir çox hallarda isə dövlət qurumları sorğulara cavab verməkdən yayınırlar. Məsələn, Ərəbşalbaş məktəbi ilə bağlı sorğuya cavab veriləcəyi deyilsə də, sonradan hər hansı rəsmi münasibət bildirilmədi.

Foto: Meydan TV

Bəs rəsmi qurumlar nə deyirlər?  

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə yanvarın 13-də "Azərbaycan müəllimi” qəzetinə deyib ki, ölkədə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib.  

Onun sözlərinə görə, hazırda ümumi təhsil müəssisələrində 1619 335 şagird təhsil alır. Onlardan bir milyonun təhsil şəraiti yaxşılaşdırılıb, xərclər isə 3 dəfə artıb: "2024-cü ildə 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır”.

"Son 20  ildə məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb”, – deyə nazir müavini vurğulayıb.

İcrasına  2016-cı ildən başlanılan və şagird tutumu 100-300 olan modul tipli daşınan məktəblərin tikintisinə  Elm və Təhsil Nazirliyi cavabdehdir ki, indiyə qədər 400 belə məktəb müxtəlif regionlar üzrə inşa olunub.

Məlumata görə, Elm və Təhsil Nazirliyi son 5 ilə qədər tikilərək inşa olunan 3200 məktəbdən  941-nin  sifarişçisi olub. 

Son 5 ildə isə bu göstərici təxminən 400 məktəb civarında  olub.

Foto: Meydan TV

Təhsil eksperti: "Hər bir məktəb üç ildən bir cari, 5 ildən bir əsaslı təmirə getməlidir”     

Təhsil eksperti Elşən Qafarov Meydan TV-yə deyir ki,  ölkədə məktəb tikintisi üç mərhələdə aparılıb. Ümumiyyətlə ölkə üzrə dəqiq 3800 məktəb tikintisi, təmiri icra olunub: "Sovet dövründə, yəni 1970-ci illərdə 950 məktəb, 2005-2015 – ci illəri əhatələyən ikinci dövrdə isə Heydər Əliyev  Fondu hesabına 3200 məktəb isə tikilib istifadəyə verildi, ya da əsaslı təmir edildi. Sonrakı üç il ərzində yaşayan iqtisadi böhran nəticəsində tikinti, təmir prosesində zəifləmə olsa da daha ekonom və tez başa gələn modul tipli məktəblərin tikintisi ortalığa atıldı ki, bunu nazirlik özü icra edir, həm də maraqlıdır. Bu tip məktəblər tikintidə    büdcə az tutur , həm də az şagird sayı üçün nəzərdə tutulur.  Son illərdə isə əsas tikinti üçün maliyyə işğaldan azad olmuş ərazilərə ayrılır və orda 11 məktəb tikintisi icra edilib, bir neçəsinin də tikintisi aparılır”.

"Əslində ayrılan vəsaitin 35-40%-i tikintiyə xərclənir”

Təhsil eksperti qeyd edir  ki, əvvəl şagird sayı 100-dən aşağı olanlara Elm və Təhsil Nazirliyi, 100-dən 120-dək olanları yerli icra hakimiyyəti orqanları, daha çox şagird sayı olan məktəblərin inşası üçün tikinti tenderini Nazirlər Kabineti həyata keçirirdi.

İndi isə yerli icra hakimiyyətlərinin məktəb tikmək səlahiyyəti əlindən alınıb.

İndi isə məktəb inşası dövlət büdcəsi hesabına  Elm və Təhsil Nazirliyi tərəfindən və Heydər Əliyev Fondu hesabına icra olunur: "100 şagirddən aşağı olan məktəbləri Elm və Təhsil Nazirliyi tikir. Buna görə də modul tipli məktəblərin sayının artımı da bundan irəli gəlir. Bu tip məktəblər şagird sayından asılı olaraq  adətən  orta hesabla 300-400 min manat civarında inşa olunur ki, əslində, ayrılan vəsaitin 35-40%-i tikintiyə xərclənir, yəni təxminən 100 min manatı. Adətən, tez və ucuz qiymətə başa gəlsə də, təhsil üçün uyğun məktəblər deyil, amma dağlıq zonalar üçün  uyğundur. Çünki dəmir konstruksiyadan ibarətdir, izolyasiyası düzgün qurulmur deyə tez qızır, halbuki Aran zonası üçün yaramır. Nəinki yayda, mayda da həmin  məktəblər dözülməz olur”.

Elşən Qafarov. 
Foto: Şəxsi Facebook səhifəsi

"Əvvəllər ildə 100 ədəd belə məktəb tikilirdisə, son illər isə 30-40 sayında olur. Şagird sayı 100-dən yuxarı olan məktəblər keçirilən tenderlər əsasında Heydər Əliyev Fondu hesabına tikilir. Həmin qəzalı məktəblərin tikintisi isə Nazirlər Kabineti səviyyəsində məsələ  qaldırıldıqdan sonra baş tutur. Rayon icra hakimiyyətləri vaxtaşırı qəzalı məktəblərdə barədə məlumat verməlidir, bu onların işidir. Çünki mütəmadi tikinti üçün  proqrama daxil edilir deyə qəzalı məktəblər barədə məlumat getməlidir. Kənd əhalisi özü də ictimailəşdirib, məlumat verməli, ancaq aqressiv şəkildə yox. Çünki aqressiv ictimailəşdirmə tikintini məqsədli şəkildə yubadır", – ekspert belə deyir.

"Həm cari, həm əsaslı təmirdə ayrılan məbləğlərin 25-30%-i öncədən alınır, yarısı "şapka” puluna çıxılır”

Ekspert əlavə edir ki, hazırda ölkədə 400 ədəd  qəzalı, 1500 ədəd əsaslı təmirə ehtiyacı olan məktəb var.

Məktəblərin cari və əsaslı təmiri isə Elm və Təhsil Nazirliyinə aiddir. Qanuna əsasən qəzalı olmayan hər bir məktəbə 3 ildən bir  cari təmir, 5  ildən bir isə  əsaslı təmir üçün büdcədən  vəsait ayrılır.

Foto: Meydan TV

Məbləğ cari təmir üçün on min manat, əsaslı təmir üçün isə 50 min manat altında olur. Məbləğ  məktəbə və görüləcək işlərə görə dəyişir, ancaq cari və əsaslı təmir adı ilə daha çox yeyinti və nəzarətdən  yayınma halları qaçılmazdır: "Hər bir məktəb 3 ildən bir cari, 5 ildən bir əsaslı təmirə getməlidir. Qəzalı, yəni tamamilə tədris üçün uyğun olmayan  məktəb əsaslı təmirə düşmür. Ancaq təcrübədə görünür ki, yeni bina tikilməsi vacib binada əsaslı təmir işləri aparılır. Cari təmir tikintidən üç il sonra icra olunur ki, bura rəngləmə, pəncərə şüşəsinin dəyişdirilməsi kimi kiçik işlər daxildir. Nisbətən böyük işlər əsaslı təmirə daxildir. Ancaq həm cari, həm əsaslı təmirdə  ayrılan məbləğlərin 25- 30%-i öncədən alınır, yarısı "şapka” puluna çıxılır, yəni qalan məbləğdə MMC rəhbərinin, iş icraçısının, briqadır, revizor, maklerdən tutmuş sahə rəisinə qədər hər bir maraqlı şəxsin öz payı olur. Sonda qalan kiçik məbləğdən  hansısa rəngləmə  yaxud əsaslı təmirdə  dam örtüyü dəyişirsə, yəni bu baş tutursa, böyük işdir”.

"Şərait yaxşılaşdırılmalıdır ki, keyfiyyətə mənfi təsir etməsin”

Təhil eksperti Elçin Əfəndi isə hesab edir ki, qəzalı məktəblər önə salınmalıdır, çünki şəraitsiz, tədris üçün uyğunsuz  məktəblər təhsilin keyfiyyətli tədrisinə mənfi təsir göstərir:

Təhsil ekspert Elçin Əfəndi

"Kəndlərdə, rayon daxilində qəzalı məktəblər var. Əlbəttə, həmin məktəbin  tikintisi baş tutmalı, yeni bina mütləqdir ki, tikilib istifadəyə verilməlidir. Əsaslı təmirə ehtiyac məktəbdə isə tək dam örtüyü deyil, həm də sinif otaqlarının çökən döşəməsi, suyun sızmasına, inventar avadanlıqlarına yenilənməsinə qədər işlər  görülməlidir. Son dövrlər nəzərə alınan məsələ var ki, bəzi kəndlərdə şagird sayı 3-5 şagirddir. Onlar digər yaxın şagird sayı çox olan məktəbə daşınır. Yaxud əksinə şagird sayı azdır, amma yeni məktəb tikilib. Yaxınlıqdakı şagird sayı çox olan qəzalı məktəb şagirdləri  ora daşınmalıdır. Əgər həmin ərazidə yeni məktəbə ehtiyac varsa tikilər, şagirdlər öz məktəbinə sonra qayıda bilər. Bu əslində belə tənzimlənməlidir. Şərait yaxşılaşdırılmalıdır ki, keyfiyyətə mənfi təsir etməsin”.

Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildiriblər ki, orta məktəbdəki vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət edilib: "Qobustan rayonunun Ərəbşalbaş kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilib. Bildiririk ki, təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".

Qonşu Gürcüstanda 2022-ci ildən etibarən həyata keçirilən, dəyəri bir milyard lari ( 589 milyon manat) olan geniş layihə əsasında ölkədə 800 məktəb binasının tikintisi və bərpası  nəzərdə tutulur.

Hökümətin strateji prioritet kimi diqqətdə saxladığı təhsil layihəsinin məqsədi bütün təhsil müəssisələrinin 2026-cı ilə qədər müasir infrastruktura sahib olmasıdır.

Azərbaycanda isə son beş ildə dövlət büdcəsindən təhsilə 20 milyard manat məbləğ xərclənib.

Bu il üçün isə nəzərdə tutulan məbləğ 4.94 milyard manat vəsaitdir ki, ötən illə müqayisədə 8.5 % artım var. Bu vəsaitlə yalnız 27 təhsil ocağının təmir tikintisi planlaşdırılıb.