DQ-nin Ali Hərbi Məktəbinə sağlam daxil olan Atilla oradan niyə şikəst çıxdı?
09-08-2022 20:07 / Bu xəbər 2083 dəfə oxundu
"Prezidentdən və nazirdən kömək istəyirəm"
Bayramlı Atilla Afiq oğlu, 9 aprel 2003-cü il tarixində Bakıda andan olub.
Orta məktəbi Bakı şəhərində bitirən Atilla yuxarı siniflərdə oxuyarkən zabit olmaq qərarına gəlir.
Ailəsi bu istəyinə isti yanaşmasa da, o, öz qərarından dönmür və sənədlərini Daxili Qoşunların (DQ) Ali Hərbi Məktəbinə təqdim edir.
Qabiliyyət imtahanı və testdən sonra məktəbə daxil olan Atilla 2020-ci ilin sentyabrında, tədris başlayandan, məktəbə gəlir.
Fevral ayında I semestr imtahanlarını yuksək nəticələrlə başa vuran müdavimin çalışqanlığı və xüsusi nizam-intizamı ilə seçildiyi həm müəllimləri, həm də tələbə yoldaşları tərəfindən təsdiq olunur.
Atası Afiq Bayramovun "Arqument.az"a dediyinə görə, pandemiya ilə əlaqədar Atillanı oxuduğu müddət ərzində evə buraxmayıblar. Evlə əlaqəsi ancaq telefonla olub və o, hər şeyin yaxşı getdiyini, məktəbi oradakı şəraiti və tədris sistemini çox bəyəndiyini deyib.
2021-ci ilin fevralında Atilla Bayramlı məktəbdə su çiçəyi xəstəliyinə tutulub. Bu xəstəliyin karantininin iki həftədən çox olmasına baxmmayaraq, onu 2-3 gün tibbi hissədə qaldıqdan sonra yenidən məşğələlərə və təlimlərə qaytarıblar.
Bu müddət ərzində o, bir neçə dəfə yüngül qripə də tutulub və nəhayət, 2021-ci il may ayının 26-da Atillaya "COVİD-19" əleyhinə vaksin vurulub.
Vaksindən 2 həftə sonra onun vəziyyəti ağırlaşıb. 2 gün Ali Hərbi Məktəbin sanitar hissəsində qalan müdavimi sonra Daxili Qoşunların mərkəzi Hospitalına yerləşdirirlər.
İyunun 11-dən hospitala yerləşdirilən Atilla Bayramlının vəziyyəti getdikcə ağırlaşır və o, artıq komatoz vəziyyətə düşür.
İyunun 19-u hospitaldan onların evlərinə Atillanın durumu ilə bağlı məlumat verilir.
Atası Afiq Bayramovun sözlərinə görə, o, hospitalın həyətinə çatanda görür ki, burada təcili tibbi yardım maşını hazır dayanıb.
Məlum olur ki, artıq yarımcan vəziyyətdə olan oğlunu hospital rəhbərliyi tələsik Respublika Xəstəxanasına köçürmək qərarına gəlib.
İynunun 19-u huşsuz vəziyyətdə Respublika Xəstəxanasına çatdırılan Atilladan səhərisi gün qan analizi götürülüb.
Analizin nəticələrində deyilir ki, onun qanında ciddi heç bir problem yoxdur, xəstə "Covid-19"-a yoluxub və sağalıb: "7 gün burada qalan uşağın vəziyyəti hər keçən gün daha da ağırlaşır və kritik həddə çatır. Müayinəsi üçün kənardan cəlb olunmuş həkim-nevropotoloqların da məsləhəti ilə artıq ağır vəziyyətdə olan Atillanı Bakı Sağlamlıq Mərkəzinə köçürürlər. Bundan sonra yeni tibb müəssisəsində müdavimin bütün müayinə, xəstəxanada qalmaq və dərmanlarının xərci kasıb ailəmizin üzərinə düşdü".
Afiq Bayramovun dediyinə görə, oğlunun Bakı Sağlamlıq Mərkəzində (BSM) qaldığı 30 avqust tarixinə qədər onun 80-90 min manat arası xərci çıxıb və bütün bu pulları da o yaxınlarından borc alıb və ya kredit götürüb.
"Hazırda Atilla evdədir. Dərmanların qiymətini və müalicənin kəsintisiz aparılmasını nəzərə alsaq, mənim vəziyyətimin, durumumun nə olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Bu dərdə dağ da dözməz, mən dözürəm. Böyük fərx hissi ilə əlimin zəhməti ilə böyütdüyüm tək oğlumu sapasağlam zabit məktəbinə göndərdim, üstümə yarımcan qaytardılar", - deyə övlad acısı ilə qovrulan, artıq gözlərində yaşı belə qurumuş ata kədərlə söyləyir.
Onun sözlərinə görə, Türkiyədəki Gülhane Tibb Hospitalında sırf Daxili Qoşunların Ali Hərbi Məktəbinin ehtiyacları üçün daimi 8 çarpayı var. Burada DQ-dən gələn bütün müdavim və hərbçilər Türkiyə dövlətinin hesabına tam müalicə olunurlar.
"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Tibb Xidmətinin rəisi Alışan Musayev hər dəfəsində pandemiyanı bəhanə gətirərək bu bir ildən çox müddətdə Atillanın Gülhanəyə getməsinə razılıq vermədi. Növbəti bəhanə isə bu oldu ki, Atilla epilepsik statusdan çıxmayıb. Bu statusdan çıxdıqdan sonra onun Gülhanəyə getməsinə razılıq verilə bilər. Hazırda Atilla bu statusdan çıxıb. Amma təəsüflər olsun ki, Alışan Musayev və ailələrinin onlara sapasağlam verdikləri oğullarının qeydinə qalmalı olan digər məsul zabitlər onların taleyinə bu qədər biganə yanaşırlar. Axı onların hər biri, elə mənim oğlum da, Vətən müharibəsində sinəsini düşmənə sipər etməyə hazırdırlar. Hərbçi olmağı istəyən oğul, zatən, bu seçimi ilə həmin yolu özünə həyat yolu kimi seçir?! Bəs nədir onların taleyinə olan bu biganəlik?!", - deyə ata göz yaşlarını güclə boğaraq deyir.
Afiq Bayramov deyir ki, DQ hospitalının rəisi polkovnik Şəmsəddin Heydərovla da görüşüb. O da bildirib ki, Atillanın ilk epilepsik sindromu kardioloji kabinetdə qeydə alınıb.
"İyun ayında onun kardioqrammasını çıxardıqdan sonra yenidən məktəbə qaytarmaq istəyirdik. Amma onda qıcolma müşahidə edildi", - deyə Heydərov Afiq Bayramovla söhbətində deyib.
Ata sual edir:
- 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında bir neçə dəfə sətəlcəm olan, 2021-ci ilin dekabrında su çiçəyi çıxaran Atillaya nəyə görə vaxtında düzgün müalicə təyin olunmayıb ki, sonda o, pnevmoniya tutub və may ayında da onu peyvənd ediblər?
- Axı bütün həkimlər bilir ki, tibbdə su çiçəyi çıxaran şəxsə heç bir aşı iynəsi vurula bilməz. Hospitala normal vəziyyətdə çatdırılan müdavimin bir neçə günə halı niyə pisləşib və o, niyə yarımcan hala düşüb?
- Xəstəyə hansı düzgün olmayan müalicə tətbiq edilib ki, o, komaya düşüb və hala gəlib? Nəyə görə heç vaxt epileptik xəstəliyi olmayan, qıcolma keçirməyən bir gənc, hospitala yerləşdirildikdən bir neçə gün sonra gündə 5-6 dəfə qıcolma keçirməyə başlayıb?
Afiq Bayramovla həm üzbəüz, həm də telefon söhbəti zamanı Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov qəti şəkildə bildirib ki, Atilla məktəbin sanitar bölməsindən Hospitala sapasağlam yola salınıb və o, buna başı ilə cavabdehdir.
Deməli, gənc müdavimə nə olubsa, məhz hospitalda təyin olunan səhv müalicə nəticəsində olub: "Hospitalda olarkən müayinə şöbəsinin həkimi baş leytenant Tural Bayramov mənə dedi: "Biz Atillanı müalicə etmək istəyirik ki, bizə mükafat versinlər". Amma həqiqət ondan ibarətdir ki, Atillaya hospitalda heç bir müalicə tətbiq olunmayıb və ya düzgün müalicə tətbiq olunmayıb. Əks təqdirdə ora sağlam gələn uşaq niyə komaya düşsün?".
Afiq Bayramov iki dəfə DQ-ın rəhbərliyi ilə də görüşdüyünü deyir. Görüşdə general-mayor Fəxrəddin Səmədov, Tibb Xidmətinin rəisi Alışın Musayev və maliyyə idarəsinin rəisi iştirak ediblər. Hər ikisi, həm Alışan Musayev, həm də maliyyə rəisi Atillanın müalicəsi üçün bütün tədbirləri gördüklərini deyiblər: "Axı hospitaldan çıxdıqdan sonra oğlumun bütün müalicə xərclərini özüm birtəhər, borc-xərclə qarşılamışam. Hələ də (hospitaldan BSM-ə köçürdüləndən sonra) müdavim statusunda olan, həkimlərinin səhlənkarlığı nəticəsində şikəst qalan oğlumun əsl müalicəsini öz hesabıma etmişəm. Axı bu uşaq dövlətin nəzarətində, dövlətin himayəsində idi. Mən dövlətə sağlam uşaq vermişəm, indi nə vəziyyətdədir o uşaq?!"
Atası deyir ki, görüş zamanı general Fəxrəddin Səmədov onunla hirslə danışıb: "Hirsləndi. Sənə deyən var idi ki, oğlunu bu məktəbə göndər?!" - deyə üstümə qışqırdı.
"Ona dedim ki, yaxşı bəs siz niyə burada qulluq edirsiniz? Siz niyə bu peşəni seçmisiniz? Cavabında mənə dedi ki, mən general olmaq istəyirdim. Mən də cavab verdim ki, çox yaxşı, mənim oğlum da general olmaq istəyirdi. Ümumiyyətlə, axı bu general yaraşan söhbət, davranış deyil. Niyə milləti prestiji artan hərb sənətindən uzaqlaşdırır, iyrəndirirlər?!", - deyə Afiq Bayramov təəssüf hissi ilə vurğulayır.
Daha sonra Fəxrəddin Səmədov bildirib ki, sənin uşağını o hala salan şəxs cəzasını alıb: "Amma bu kimdir və hansı cəzanı alıb, bu haqda heç kim heç nə bilmir. Açılan cinayət işi də yarımçıq qalıb və ya bağlanıb və ya ümumiyyətlə açılmayıb. Mənim başım uşağıma qarışıb, ona görə hər şeyin dalınca qaça bilməmişəm. Bunun üçün hərbi prokurorun da qəbuluna yazılacağam", - deyə müdavimin atası əlavə edib.
Dediyinə görə, uşağının taleyinə biganəlikdən şikayət edən Afiq Bayramova isə "zabitlərin" cavabı bu olur: "Get kimə istəyirsən, de!"
Müdavimin atası bildirir ki, səhhətində yaranan problemlərə görə, 2021-ci ilin dekabr ayının 13-də Atilla yaşadıqları evin (3-cü mərtəbə) balkonundan yerə, asfaltın üstünə düşüb. Nəticədə Atilla ağır travmalar alıb.
Kəllə sümüyü sınıb, ayağının bud və diz nahiyələrində ciddi sınıq xəsarətləri yaranıb.
Afiq Bayramov deyir ki, dəfələrlə daxili işlər naziri Vilayət Eyvazovun qəbuluna düşməyə cəhd etsə də, istədiyinə nail olma bilməyib. Afiq Bayramov ölkə başçısından və daxili işlər naziri Vilayət Eyvazovdan məsələ ilə bağlı kömək istəyir.
O, artıq oğlunun başına gələnlərlə bağlı ölkə Prezidentinə yazılı müraciət etdiyini də bildirib.