Ağ Ev məxfi sənədlərin sızdığını təsdiq edib
11-04-2023 12:20 / Bu xəbər 977 dəfə oxundu
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ağ Ev də Müdafiə Nazirliyinin məxfi materiallarının sızdığını təsdiqləyir.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Pentaqonun məxfi materiallarının sızmasının dayandırıldığını və ya başqa bu kimi məlumatların dərcinin yenə mümkün olub-olmadığını hələ deyə bilməz.
Kirbinin sözlərinə görə, ABŞ administrasiyası məlumatların sızmasını çox ciddi qəbul edir.
"Washington Post” yazır ki, Pentaqonun onlarla səhifədən ibarət məxfi sənədləri fevralın 28-də və martın 2-də "Discord” platformasında çap olunub. Amma hakimiyyət bundan yalnız mətbuat yazandan sonra xəbər tutub.
Şəbəkəyə sızan materialları analiz edən "New York Times” qəzetinin yazdığına görə, sənədlərdən məlum olur ki, ABŞ həm Rusiya hakimiyyətini, həm də Ukrayna və müttəfiq ölkələrdən məmurları izləyir.
"Sənədlərdən aydın olur ki, Amerika xüsusi xidmətləri real zaman rejimində Kiyevi Rusiya hücumunun vaxtı, eləcə də bu hücumların konkret hədəfi barədə xəbərdar edib və beləliklə, Ukraynaya müdafiə tədbirləri görməyə fürsət verib", - "New York Times” yazır.
Nəşr bildirir ki, kəşfiyyat hesabatları Birləşmiş Ştatların Prezident Volodimir Zelenski daxil olmaqla Ukraynanın ali siyasi və hərbi rəhbərliyini izlədiyini ortaya qoyub.
Pentaqonun məlumatlarının sızmasında Rusiya kəşfiyyatının rolu olduğu ehtimal edilir.












