Ağamalı Sadiq Əfəndinin İsmayıl Şıxlıya "məktub-harayı"

Ağamalı Sadiq Əfəndinin İsmayıl Şıxlıya

09-06-2022 01:00 / Bu xəbər 1390 dəfə oxundu

Azərbaycanın mərhum şairi, yazıçısı və demokratik mətbuatının öncüllərindən Ağamalı Sadiq Əfəndinin 1970-ci illərinin sonuda Azərbaycan Yazıçılar İttifaqının ovaxtkı katibi, yazıçı İsmayıl Şıxlıya ünvanladığı və "Məktub-haray" adlandırdığı, bir çox məqamlarına görə hələ də aktuallığını qoruyan məktubunu kiçik ixtisarla təqdim edirik:
 
Mənbə: Anadil.az 

XXX

Hörmətli İsmayıl müəllim!

Bu məktubu nə üçün yazıram? Məni düşünə biləcək, qaynar başla yazdığım bu kəlmələri heç olmasa, axıra qədər oxumağa vaxt tapa biləcək və barı bircə an mənim yaşadığım hissləri yaşaya biləcək bir allah bəndəsi, bir yer övladı, torpaq oğlu tapmayacağıma əmin olduğum halda, bu məktubu nə üçün yazıram? Mərhəmət diləmək, alçalmaq, əyilmək, bütün itirilənlərin müqabilində bir qarış, cəmi bircə qarış irəliləmək üçünmü? Əsla! Bütün yüksək vəzifələrin münasibətlərdən və bütün münasibətlərin siyasətdən doğduğunu qanımla duyduğum halda, yenə də insanın ikili xisləti ilə barışa bilməmiş və itirə-itirə yeganə bir şey qazanmışam ki, o da mənim, mənəvi iztirablarım olub.

Mən öz əzablarımı dünyanın bütün naz-nemətlərinə dəyişmərəm və dünyada da başı yaşamağa qarışanların yerinə əzab çəkib ağlamaqdan böyük səadət tanımıram.

Eyni zamanda dünyada özünü yalandan ağlayan göstərməkdən də böyük xəyanət tanımıram və təəssüflər olsun ki, bizim ədəbi tənqid ağlayanla özünü yalandan ağlayan göstərənləri ayırd etməkdə son dərəcə cəsarətsizlik göstərir. Mühitdə mənəvi bir boşluq var. Bu boşluq içində yeganə təsəllim içəridən yüksəliş olub və hardasa yanımda tapdanan haqqı müdafiə edə bilməyəndə əlacım qalıb ancaq və ancaq göz yaşıma. Mənim yazılarım göz yaşıdı, mən bunu bilirəm və şeir xalqın mənəvi sərvətidirsə, şükür, hələ ki, bir misra xalqın, bir qəpik dövlətin cibinə girməmişəm. "Bədbəxtlikdən” mən bu həqiqəti nəhayət, dərk etdim və bu məktubu da ola bilsin, öz haqqımı tələb etmək üçün yazıram və belə başa düşürəm ki, Sizin məni müdafiə etməyə haqqınız yoxdur. Ola bilsin, Siz bu cümləni oxuyarkən təəccüblənəsiniz ki, mən nə cürətlə belə yazıram. İnandırım ki, bu haqda mən çox düşünmüşəm. Düşünmüşəm ki, bizim hələ də gənc hesab edilən nəslin ümumiyyətlə, ədəbiyyat haqda söz deməyə, öz haqqını tələb etməyə haqqı varmı? Yoxdursa, niyə yoxdur və haçan olacaq?

Məlum məsələdir ki, ömür deyilən şey sürünmək üçün insana verilən möhlət yox, əməlin, məqsədin bu möhlətdə təzahürü və təsdiqidir. Bu baxımdan insanı iki cür - orqanizm və şəxsiyyət kimi təhlil edən psixoloqlar tamamilə haqlı hesab olunurlar. Orqanizm - cismani mənəvini deyil, mənəvi cismanini idarə edə bilməsin, yəni orqanizm öz tələbləri ilə mənəvini üstələyə bilməsin. Əks təqdirdə insan canlı kölgədən başqa bir şey deyil, Fəqət, bu canlı kölgələrin təzyiqi, titulsuzluq xofu, haqq söz deyən xələfin naxələf, yekəxana adlandırıla biləcəyi nəhayət, ədəbiyyata ağıl və yeri gələndə zopa dərsi verən qardaşların başımızı sığallaması boynumuzu çıxmağa qoymur və bir zaman başımızı qaldırıb görürük ki, biznən bərabər bir yetimlik böyüyüb başa dolub və biz hələ söz deməyə dili gəlməyən balaca uşaqlarıq. Əlbəttə, eyni cəmiyyətdə, eyni mühitdə təhsil və tərbiyə alan adamlar şüur etibarilə bir-birindən fərqlənə bilirlər, ona görə də fərdi şüur bəzən ictimai şüuru qabaqlayır və "başıbəlalı” olur. Qeys - Məcnun, İsgəndər - dəli kimi qələmə verilir. Hazırlıqsız oxucu üçün hətta Kərəmin vəsl gecəsində yanıb külə dönməsi komik gülüş doğurur, adilik qeyri-adiliyə meydan oxuyur, güvəndiyimiz dağlar kiçilir, döş cibimizdə tanış telefon nömrələri olur. Bununla yanaşı, külli-aləmdən müdriklik tələb etmək özü də bir nadanlıq olardı. Lakin qeyri-müdrik bəşərin qarnı deyil, Yer kürəsinin taleyini düşünə bilməyəcəyinə əmin olmaq da fanatiklikdən başqa bir şey deyil.

Bəşəri müdrikləşdirmək, insanı simasızlıqdan xilas etmək - hazırda ədəbiyyatın qarşısında duran ən başlıca problem budur. Lakin bizdə fanatikcəsinə deyirlər ki, guya ədəbiyyat zövqdür və zövqlərlə də mübahisə etmirlər. İndi gərək ədəbiyyat zövqdürsə və hər əlinə qələm alan da çap olunmaq üçün özünə kifayət qədər himayədar tapa bilirsə, onda kimin yaxşı, kimin pis yazdığını hansı meyarla müəyyənləşdirmək olar? Və əgər bir redaksiyada ədəbiyyat şöbəsinin hələ sənətdə özünü tapmamış bığıburma bir cahilə, yaxud ədəbiyyatın hesabına dolanan və yeri gələndə titullarını qalxan kimi başına çəkən bir Kəbirlinskiyə etibar eləmişiksə, onda necə, öz kökümüzə balta vurmuruq ki? Bəlkə, ədəbiyyatın estetik meyarı yoxdur və kefi istəyən də əlinə qələm alıb qalın-qalın kitablar yazacaq. Bütün ədəbi orqanları, nəşriyyatları zəbt edəcək, qonorar cəhənnəm, hətta mükafatlar, fəxri fərmanlar alacaq və biz də əlimiz qoynumuzda oturub bu hoqqabazlığa maddım-maddım tamaşa edəcəyik. Yox, əzizim İsmayıl müəllim, ədəbiyyatın estetik meyarı var, olmasaydı biz böyük Fizulini hansı meyara əsasən dahi hesab edə bilərdik?! Var belə bir meyar, sadəcə olaraq, ədəbi tənqidin başı başqa işlərə qarışdığından bu meyarı müəyyənləşdirən yoxdur. Çünki bu, heç ədəbi tənqidin özünə də sərf eləmir. Çünki bu, çoxlarının müftə dolanışığını əlindən alar və məcbur edər ki, zati-aliləri gedib bacardıqları işin quyruğundan yapışsınlar.

Beləliklə, biz maxinatora mərhəmət göstəririk, "qoy dolansın”, - deyirik, "qoy millətin evin yıxsın, zövqləri korlasın, ictimai şüurun inkişafında buxova çevrilsin, nəhayət çiynimizə minsin”, - deyirik. Bəli, bəli, biz bunu deyirik, biz yaxşı adamlarıq axı. Başqa cür demək olmaz. Deməyə cürətimiz çatmaq imkanı əldə edərkən isə gecdir. Çünki bizim kimi "alicənab” adamların sayəsində o adam lazımi yerə qədər dırmanıb. Əvəzində lazımi yerə dırmana bilməyən Əli Kərim yoxdur. Məmməd Arazı əsməcə tutub, Vaqif Səmədoğlu, Fikrət Qoca susur, Yusif Səmədoğluya, Anara, Əkrəmə, İsa Hüseynova yazıçıların qurultayında söz verilmir, istedadlı, cavan şairlərdən Avdı Qoşqar, Mahmud Vəli, Məmməd İlqar heç çap olunmur, Ağamalı Sadiq isə məsələn, "Azərbaycan” jurnalının, " Ədəbiyyat və incəsənət” qəzetinin qapıların heç döymür və kitabı "Yazıçı” nəşriyyatında ildən-ilə keçirilir.

Mən "maşallah!” deyirəm bizdə olan alicənablığa, əzizim İsmayıl müəllim, Siz nə deyirsiniz?

Məncə, əsl vətənpərvərlik budur. Nodar Dumbadzeni, Hrand Matevosyanı, Vasili Şukşini, Valentin Rasputini yetişdirən xalqlarda nə vətənpərvərlik, nə istedad ola bilər ki, onlar, məsələn, hələ heç ədəbiyyatın hesabına dolanmanın yolcuğazını kəşf edə bilməyiblər!

Bağışlayın, hissə qapıldığımı anlayıram. Lakin başqa cür mümkün deyil, mən dözə bilmirəm. Nifrət eləyirəm ədəbiyyatın cibinə girənlərə. Ən qəddar düşmənimi bağışlayaram, saxta ədəbiyyat işi görənləri yox. Çünki bu adamlar tiryək kimi bütün xalqı yuxuya verir. Belə çıxır ki, hər şey öz qaydasındadı və çatışmayan bircə şey varsa, o da bu dövranı mədh etməkdən başqa bir şey deyil. Yalançı nikbinlik, saxta gülüş, ifrat mədhiyyə heç vaxt bəşəri yüksək ideyalara səsləyə bilməz. Bu adamlar yazarkən ancaq və ancaq qarınlarını düşünür. Qarın da ki, qabağa düşdü - bəşər öldü. Siz bunları bilir və şübhəsiz, daha yaxşı bilirsiz. Lakin, əzizim İsmayıl müəllim, Siz də susursuz. Məgər Siz o vaxt " Azərbaycan” jurnalına redaktorluq eləyən Əkrəmi (Əkrəm Əylisli nəzərdə tutulur – red.) müdafiə edə bilməzdiz? Doğrudanmı, jurnalın bugünki səviyyəsi Sizi tamamilə qane edir. Mən buna inanmıram. Çünki Əkrəm öz yaradıcılığında daha namusludur. Onun ədəbi əxlaqına hələ ləkə düşməyib. Onun redaktorluğu dövründə Azərbaycan oxucusu qismən də olsa, yuxulu gözlərini aça bildi. Frans Fumanı, Lev Ginzburqu, Qarsiya Makresi, Uilyam Folkneri, Alber Kamyunu, Lorkanı öz dilində oxudu və məlum elədi ki, ey diliqafil, demə, bu dünyada Əli Vəliyevdən, Süleyman Rəhimovdan, Bayram Bayramovdan, Əlibala Hacızadədən, Salam Qədirzadədən, Ələviyyə Babayevadan, Xalidə Hasilovadan başqa da tanınmalı adamlar varmış.

Əkrəmi ittiham eləməyə başladılar, xüsusilə gənclərə geniş yer verdiyi üçün. Guya bu gənclər tamamilə başqa planetin adamları idilər və qəflətən gəlib daş kimi düşmüşdülər bizim bir çox ağsaqqal uşaqların başına. Mövludu (Mövlud Süleymanlını – red., Cəbrayılzadəni (Vaqif Cəbrayılzadəni (indiki imzası ilə Bayatlı Odəri) – red.) bizim yuxarıda adı çəkilən ağsaqqal ata-analarımız az qaldılar boğalar.

Mən belə başa düşürəm ki, sənətdə özünüdərk deyilən bir şey var. İncəsənətin bütün sahələrinə xas olan xüsusiyyətdir, söz sənətində daha bariz, daha qabarıq şəkildə təzahür tapır. Bu, bəlkə də ona görə belədir ki, söz özü mənəvidir, ruhidir. Bədii sənətdə özünüdərk real aləmdə insanın gözünün heyrəti öləndən və insan dərdin ləzzətini özü-öz mahiyyətində dərk və tərbiyə edəndən sonra başlanır.

"Dünya sənin, dünya mənim, dünya heç kimin”. O zirvədə ilk dəfə böyük Füzuli olub. Buna görə də ədəbiyyat 400 ildir Füzulinin başına dolanır, deyirlər. Xatırlayırsınızmı, Uliyam Folkner nə yazırdı: "Haçansa insan ideala qovuşub kamilliyin zirvəsinə yüksəlsə oradan özünü aşağı atıb intihar etməkdən başqa çarəsi qalmır”. Lakin Uilyam özünüdərk Füzuli zirvəsinə yüksəldə bilmədi. O, real aləmi dərk etdi, dünya onunçün adiləşdi, lakin dərdin ləzzətini öz mahiyyətində dərk və tərbiyə edə bilmədi. Mütləq aləm onun üçün anlaşılmaz qaldı. Mən ədəbiyyatı Füzuli özünüdərkinə nisbətdə qiymətləndirirəm. Ədəbiyyatımızda bu qənaətə yaxınlaşanlar var. Məsələn papiros tüstüsündən bığları saralmış ağ saçlı, lopa bığlı bir kişi dünyanın bütün dərdlərin çeynəyib udur, "oxay” deyib qulağında qalan bir səsi ləzzətlə kağıza köçürür: "Yolun haradı, qardaş?”, "Son mənzilədir, bacım”. Bu sözlər dünyanın bütün çək-çevirlərinə yazılmış loğman nüsxəsidir. Bircə bunu qanmaq, dərk etmək lazımdır, vəssalam.

Bəla burasındadır ki, bu qənaətə gəlib çıxanları müasir tənqid çox vaxt dərk edə bilmir və bu adamlar yerli-yersiz qamçılanır, bədbinlikdə ittiham olunurlar. Tamamilə təbii şeydir. Bəşəriyyətin boyu hələ çox balacadır. Öz əli ilə özünə qəbir qazan, bombalar, qanadlı- qanadsız raketlər, krimotoriyalar, ölüm düşərgələri hazırlayan adəm uşaqları hələ nikbindirlər, işin necəliyinin dəxli oldu-olmadı, hələ işləyirlər, hələ kef və kəşf edirlər.

Bəs bu xalqın gözünü kim açacaq? Haçana qədər bu xalq yerlibazların, qohumbazların, qrupbazların əlində oyun-oyuncaq olacaq? Alver edəcək, nəşə çəkəcək, qumar oynayacaq, rüşvətlə diplom alacaq və biz, bu xalqın diplomlu məmmədhəsənləri də "allah kərimdi” deyib başımızı soxacağıq küməmizə? Haçana qədər? Yer kürəsi orbitdən çıxarılmaq təhlükəsi qarşısındadı, ayılmaq vaxtı hələ gəlib çatmayıbmı? Elmdə - alver, incəsənətdə - alver, ədəbiyyatda - alver, namusda, qeyrətdə - alver, alver, alver. İlahi, bəs bu alıb verə bilməyən biçarə neyləsin? Kimdi bu xalqın sahibi? Siz deyilsinizmi? Nə üçün susursuz, nə itirəcəksiniz? Sizə elə gəlmirmi ki, Sizin qazandıqlarınız itirdiklərinizlə müqayisədə bir heçdir? Heç nəyimiz yoxdur, bircə qəbir yerindən başqa. Sizi mələşə-mələşə son mənzilə ötürəcək bir xalqın ədəbiyyatına sahib durun, yalvarıram Sizə, yazıqdır bu xalq.

Cabir (şair Cabir Novruz nəzərdə tutulur – red.) nə yazır? "Sağlığında qiymət verin adamlara”. Müəllif özünüsığorta vasitəsi kimi neçə dəfə sırıyıb bu şer adına böhtanı bu xalqa? Lakin bu adamın yaxasından tutub deyən yoxdur ki, cənab Cabir əfəndi, Siz özünüz sağlığınızda hansı qiymətli adamlara qiymət vermisiniz? Nə üçün bütöv bir xalqın ədəbiyyatını təkcə öz zövqünüzlə ölçürsünüz? Sizin zövqünüz Azərbaycan ədəbiyyatı üçün estetik meyardır məgər? Hansı haqla Azərbaycan ədəbi gəncliyini bu jurnalın (Azərbaycan Yazıçılar İttifaqının (hazırda - Birliyinin) ədəbi orqanı olan "Azərbaycan” jurnalı nəzərdə tutulur – red.) üzünə həsrət qoymusuz və sonra katiblikdə oturub: "Üç min misra çap olunmadan ittifaqa üzv keçmək olmaz” deyə qışqırırsız? Necə başa düşək bunu, paraya dəymə, bütünə dəymə, doğra doyunca ye? Qəribədir, özünü bu xalqın oğlu hesab eləyən adam qıyıb öz balalarının başından necə basa bilər?



Hörmətli İsmayıl müəllim, sizcə, sosialist inqilabı bizə nə verdi? Gəlin açıq söhbət eləyək. Sosializm axı göydəndüşmə bir şey deyildi. Frans Fumanın sözləri ilə desək, o, özündən əvvəlki ictimai quruluşun tarixi alternatividir və kapitalizmi mexaniki surətdə əvəz etmədi. Bununçün qan tökmək lazım gəldi. Fuman belə bir haqlı sual verir: indi öz qanı bahasına əldə etdiyi cəmiyyətdə insan özünü necə hiss edir? Haqlı sualdır. Və mən cavab verirəm: inqilabdan sonra çox pis hiss eləyir; insan istehsal vasitələri üzərində ictimai mülkiyyət forması yarada bildi və beləliklə, işdən qovulmaq, alçalmaq, simasızlaşmaq təhlükəsindən guya xilas oldu. Bu, ilk baxışdan böyük dönüş idi. Lakin inqilab özü ilə bizə hazır ictimai şüur gətirmədi və gətirə də bilməzdi. İnsan hələ də mülkiyyətin ictimai mülkiyyət, dövlətin olduğunu özü öz mahiyyətində dərk və tərbiyə edə bilməyib. Ona görə də sosializm öz imtiyazlarından sui-istifadə hallarıyla tez- tez qarşılaşmalı olur. Ancaq biz yazıçılar əlimiz qoynumuzda oturub gözləyə bilmərik ki, haçansa xudavənd-aləm rəhm eləyib bizə hazır ictimai şüur göndərəcək. Bununçün dövlət bizə söz azadlığı verib. İndi bizdə bu söz azadlığını necə başa düşürlər? 37-ci il hadisələrinin qorxusu canından getməyənlər belə hesab edirdilər ki, dağdan-bağdan yazıb birtəhər başı girələmək lazımdır. İkinci qrup marksizmin mahiyyətini anlamayan kübeytin və kor bədbəxtlər belə başa düşürlər ki, sosializmdəki mövcud qüsurlardan yazmaq burjuaziyaya fakt vermək deməkdir, ona görə də məddahlıq eləyib, təqvim şeirləri yazır, oxucunun zövqünü korlamaq işi ilə məşğul olurlar. Sonuncular cəmiyyətin fəal vətəndaşları, başının anlamaq bəlası olan bədbəxt istedadlardır ki, çanaq da bunların başında çatlayır. Bu adamları bəzən antisovet, demaqoq, qaragüruhçu kimi qələmə verir, redaksiyalardan qovur, əsəbləri ilə oynayır, nəhayət, ürəyini partladırlar. Bilirsinizmi, hal-hazırda bizim ədəbiyyatda necə istedadlar batmaqdadır. Alhüseyn Cavadoğlu, Cavanşir Eloğlu, Bəxtiyar Balakişiyev, Məmməd İlqar, Avdı Qoşqar, Mahmud Vəli, Səməd Qaraçöp, Səfər Alışarlı...

Dolanmaq üçün "Yaşasın Şura höküməti!” deyə bağırmaq kifayətdir. Bu yolla istədiyin mərhələyə yüksələ bilirsən və nəhayət, özündən səviyyəsizləri toplayırsan başına ki, yeri gələndə sənin dediyini desinlər. Haqq söz, istedadlı adam, kristal xarakter, savadlı mütəxəssis belə adamlar üçün son dərəcə təhlükəlidir və onlar bunu çox gözəl bilirlər, bildikləri üçün də ayılanların başından basmaqda əllərindən gələni əsirgəmirlər. Beləliklə, sosializm öz mərhəməti ucundan özünə qəbir qazır və bir zaman başını qaldırıb görür ki, ərzaq proqramı qəbul eləmək lazım gəlib. Budu istedadları çap eləməməyin ictimai kökü. Və nəticəsi; dörd yanımızda namərd, fırıldaqçı, rüşvətxor. Təmiz adamın yaşaması çox çətinləşib.

Hörmətli İsmayıl müəllim, vaxtınızı aldığım üçün üzr istəyir və bu məktubu bura qədər oxumusunuzsa, təşəkkürümü bildirirəm. Çox istərdim ki, bizim Yazıçılar ittifaqına layiq görülməyən Ağamalı Sadiqin bu məktubu ittifaqda oxunub müzakirə edilsin.

Əlbəttə, ittifaqa üzv olmaq özünü xalq önündə daim borclu hesab eləyən yaradıcı adamın şəxsiyyət hissini artırıb-əksildə bilməz. Lakin mübarizədən saqınmağı da mən çıxış yolu saymıram. Odur ki, aşağıdakı şeirləri Sizin müzakrənizə göndərirəm. Qoy ittifaq yuxarıda adları çəkilən yoldaşların iştirakı şərtilə bi şeirləri çap edilməyə layiq deyillər. Sonra mən bir də Azərbaycan mətbuatının qapısına dəysəm, Məhəmməd Hadinin ruhu mənə qənim olsun.

Hörmətlə və ehtiramla: 
Ağamalı Sadiq