Abdullah Öcalanla bağlı çağırış: “TBMM-ə gəlib PKK-nın ləğvini elan etsin”

Abdullah Öcalanla bağlı çağırış: “TBMM-ə gəlib PKK-nın ləğvini elan etsin”

22-10-2024 23:47 / Bu xəbər 507 dəfə oxundu

Ərdoğan və Özəl də MHP liderinin çağırışını dəstəkləyir

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli həbsdə olan PKK lideri Abdullah Öcalanla bağlı yenidən çağırış edib.

Bu həftə partiyanın qrup toplantısında çıxış edən Baxçəli: "Öcalan təşkilata silahlarını yerə qoymaq və terrorun sonunu elan etmək əmri versin” çağırışını bir qədər də irəli aparıb.

Partiya lideri deyib ki, əgər PKK liderinin təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisinə (TBMM) gələrək terrorun bitdiyini açıqlamalı, eyni zamanda, PKK-nın ləğv edildiyini rəsmən elan etməlidir: "Əgər terrorçu başının təcrid olunması aradan qaldırılarsa, gəlsin və Türkiyə Böyük Millət Məclisində çıxış etsin. Qoy qışqırsın ki, terror tamamilə bitib, təşkilat ləğv edilib”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Dövlət Baxçəlinin çağırışını dəstəkləyərək deyib: "Biz birlikdə terror olmayan yerdə Türkiyə qurmaq istəyirik”.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl də partiyasının "terrora son qoyulmasına tam dəstək verəcəyini” bildirib.

CHP lideri də hesab edib ki, terrorun bitdiyi Türkiyə Böyük Millət Məclisində elan edilməlidir.

MHP lideri Dövlət Baxçəli partiyasının oktyabrın 22-də keçirilən parlament qrupunun toplantısında deyib ki, Abdullah Öcalanın PKK-nı ləğv etməsi həm də onun təcrid olunmasını aradan qaldırmaq üçün hüquqi əsas yarada və yol aça bilər.

Türkiyə mediasının yazdığına görə, 1999-cu ilin fevralından "Türk Cəza Qanunu”nun 125-ci maddəsi ilə Mərmərə dənizindəki İmralı adasında həbs cəzasına məhkum edilən Abdullah Öcalan təşkilatın və terrorun ləğvini elan etdikdən sonra Ankarada özəl mühafizə olunan ev həbsxanasına köçəcək.