ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqlədi
21-04-2024 12:41 / Bu xəbər 914 dəfə oxundu
Bayden sənədi Senatı sənədə daha tez baxmağa çağırdı
ABŞ Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.
Palata 311 lehinə, 112 əleyhinə səslə Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib.
İsrailə 26, Tayvana 9 milyard ayrıldı…
Ümumilikdə söhbət 95,3 milyard dollar məbləğində maliyyələşdirmədən gedir ki, bu vəsaitin 61 milyardı Ukraynaya, 26 milyardı İsrailə, 9 milyardı Tayvana ayrılıb.
İsrailə ayrılan 26 milyard dollarlıq paketə Qəzzadakı insanlara ediləcək humanitar yardımlar da daxildir.
Nümayəndələr Palatasının Rusiyanın suveren aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi və anti-Rusiya sanksiyalarının genişləndirilməsi imkanlarını nəzərdə tutan qanun layihəsini isə 360 konqresmen dəstəkləyib, 58-i əleyhinə çıxıb.
Ardınca Senatda səsvermə gözlənilir.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, qanun layihəsi qəbul olunarsa, bir neçə gün ərzində Ukraynaya yardım axını başlayacaq.
Ukrayna ordusunun sursat çatışmazlığını nümayiş etdirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bu yaxınlarda deyib ki, 2000-dən çox əsgəri olan iki UAF briqadasında cəmi gündə 15 artilleriya mərmisi və ümumilikdə, 42 minaatan mərmisi var.
ABŞ Prezidenti Co Bayden Nümayəndələr Palatasında Ukraynaya hərbi və maliyyə yardımı haqqında qanun layihəsinin qəbul edilməsinə müsbət reaksiya verib.
O, Senatı (Konqresin yuxarı palatası) bu sənədi mümkün qədər tez nəzərdən keçirməyə və imza üçün Ağ Evə göndərməyə çağırıb.
Rusiya ABŞ-ın aktivlərə görə cavab verəcəyini deyir…
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə görə cavab verməli olacaq və Moskvanın tədbirləri üçün vaxt məhdudiyyəti olmayacaq.
Dmitri Peskov onu da qeyd edib ki, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ABŞ-ın imicinə zərbə vuracaq və bu ölkədəki investorları qorxudacaq.
Müharibənin xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.
Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.