Abunəçilər: “Baktelecom” internet tariflərini xəbərdarlıqsız artırıb

Abunəçilər: “Baktelecom” internet tariflərini xəbərdarlıqsız artırıb

09-08-2022 21:32 / Bu xəbər 2012 dəfə oxundu

Ekspert: " Binanı tikən şirkət qabaqcadan bir provayderlə separat sövdələşmə aparır”

Sosial şəbəkələrdə "Bakı Telefon Rabitəsi”nin ("Baktelecom”) istifadəçiləri onlara xəbərdarlıq edilmədən internet tariflərinin artırmasından yazıblar.

Abunəçilər bildiriblər ki, aylıq internet tarifləri 7 manatadək artırıblar.

"Baktelecom”un "155 Çağrı Mərkəzi”ndən Meydan TV-yə qiymətlərin qaldırılması təsdiqlənib.

Bildirilib ki, öncədən evlərə sistem tərəfindən avtomatik zənglər edilərək tariflərin avqustun 6-dan etibarən dəyişdirilməsi ilə bağlı məlumat verilib.

Bahalaşmanın səbəbi internet sürətinin artırlması ilə izah olunub. 4 mbit/s 15 mbit/s-lə, 10 mbit/s isə 30 mbit/s-lə əvəzlənib.

Yeni tariflərə görə, 15 mbit/s 17 manat, 30 mbit/s isə 20 manata qalxıb.

Köhnə tariflərə görə 4 mbit/s 10 manat, 10 mbit/s 17 manat idi. Həmçinin bildirilib ki, GPON (Giqabit Passiv Optik Şəbəkə) üçün 4 mbitlə və 10 mbit zəif sürətlərdir.

Əlavə olunub ki, hazırda ölkədə fəaliyyət göstərən özəl provayderlərdə minimum sürət 30 megabitdən başlayır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Meydan TV-yə deyir ki, GPON texnologiyasının işə salınması qiymət artımına səbəb olub:

"Qiymətlərin qalxması anlaşılandır, lakin bununla belə insanlara internet sürəti və tariflərlə bağlı seçim imkanı verilməlidir. Əlbəttə, biz başa düşürük ki, bütün ölkə üzərində internet xidmətlərini göstərmək məqsədilə "Baktelekom” və "Aztelekom” böyük bir layihə həyata keçirir. GPON-da da böyük sürətlər vermək mümkündür. Təbii ki, böyük sürətin də qiyməti əvvəlkindən yüksək olacaq. Amma elə adamlar var ki, onlara böyük sürətli internetə ehtiyac yoxdur. İmkan yaratmalıdırlar ki, istifadəçilər özlərinə uyğun sürəti, provayderi seçə bilsinlər”.

Ekspert yeni tikilən və ümumiyyətlə, paytaxtdakı əksər binalarda, bir provayderin monopoliyası məsələsinə də toxunub. 

Bildirib ki, bu məsələ Azərbaycanda ciddi problemə çevrilib: "Binanı tikən şirkət qabaqcadan bir provayderlə separat sövdələşmə aparır. Sonda da elə bir infrastruktur qurulur ki, binada ancaq həmin provayderin avadanlığı olur. Binada məskunlaşanlar da bir provayderdən asılı qalırlar. Bu, yolverilməzdir. Düşünürəm ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu işə nəzarət etməlidir. Binalarda ən azı iki-üç provayderin istifadəsi üçün infrastruktur qurulmalıdır. Elə etməlidirlər ki, internet infrastrukturu provayderin deyil, bina sakinlərinin səlahiyyətində olsun. Qonşu və digər ölkələrin heç birində binalarda yalnız bir provayder olmur”.

Bir neçə ildir ki, Bakıda "Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında işlər aparılır.

İstifadəçilərin GPON texnologiyası sayəsində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, video nəzarət və digər interaktiv xidmətlər əldə edəcəkləri bildirilir.