Ad gününə sözardı: Anar YUSİFOĞLU – 40

Ad gününə sözardı:   Anar YUSİFOĞLU – 40

31-01-2014 19:05 / Bu xəbər 2239 dəfə oxundu

Aydın Canıyev

Anar Yusifoğlu 40-ı adladı... Ömrün çilləsindən çıxdı. Və... çoxsaylı təbriklərdə dostlar arzuladıqlarını dedilər, hərə bir tərəfindən yapışdı, Anar özünü özü tanıdığı kimi tanıtdı. Amma və lakin...

Anar da demədi, dostlar da. Əziyyət yenə mənə düşdü. O mənada ki, belə gözəl dostu Azərbaycan tanımaya bilər, - hərçənd Azərbaycan Anar Yusifoğlunu tanıyır: ANS-in, Sara.TV-nin, İctimai TV-nin vizitkası kimi, - ancaq dostlar tanımalıdı!

Deyəcəyim fərqli bir məqam var: Anarla dostluğumuzun təməli “Yardımlı: bura vətən deyil” yazısıyla başlayıb. Deməli, mən yazını yazmışam 1993-cü ilin mayın 28-də “Azadlıq” qəzetində, Anar məni axtarıb tapıb Milli Məclisin zalında: o ANS-dən gəlmişdi, mən “Azərbaycan” qəzetindən. İkimiz də parlament müxbiriydik 1996-cı ildə. Hesabınızı götürün – 3 il sonra.

Anar Yardımlı sevgisini yaşayandı, Yardımlıya sevgisi olanları içində yaşadandı. Və Anar Yardımlıdan yazdığım o yazıya görə məni heç vaxt tək qoymadı.

Ümumiyyətlə, Anar dostu tək qoymur! Anar andından keçər, dostundan keçməz. Amma maraqlı məqam bu da deyil ki. Maraqlı olanı odur ki, Anarın dostlarının tam 80 faizi mənə pis baxanlardı. Və mənim dostlarımın tam 80 faizi Anarı istəməyənlərdi.

Anar məni dostlarına qurban verər, mən dostlarımı Anara! İkimizin dostluğunda bu fərq var!

Və mən Anara görə mənə pis baxan dostların üstünə heç getmədim. Bu yazıyla da çatdırmaq istəyirəm ki, kim Anarı dost seçibsə, udub!!! Ən azından mənimlə “düşmənçiliyin acısı”nı yaşamayacaqlar.

Anarın 40 yaşda çox gözəl uğurları var: Anar mənim də, elə özünün də dostlarının illər sonrası bildikləri həqiqəti bizdən illər öncə bilir, necə bilir, orasını deyəmmərəm, amma bilir! Və mən hesab edirəm ki, əvvəldən Anara qulaq assaydım, çox böyük uğurlarım olacaqdı: Anar dost olaraq uğura qısqanc deyil!

Bir gün iki dost Məhəmməd peyğəmbərin (s.ə.s.s.) hüzurunda qürrələnir ki, 30 ildi dostuq, bir dəfə də bir-birimizin xətrinə dəyməmişik. Peyğəmbər də buyurur ki, sizinki dostluq deyil, sakit, dinc yanaşı yaşamaqdı, dost dostu sınağa da çəkər, incidər də...

Mən Anarı incitdiyim qədər o biri dostlarımı da incitmişəm. Özünə çılğın, küsəyən deyən Anar küssə də, dostluqdan küsməyib, olub, görürsünüz ki, var və olacaq da.

Mən Anarı həm də yaxşı qardaş bilirəm. Dostlardan atasını çox istəyəni görmüşdüm, amma qardaşı üçün ürəyi gedən qardaş elə Anar Yusifoğludu!

Anardan dostluqdan, oğulluqdan başqa, həm də qardaşlığı öyrənmək olar!

Anar yaxşı atadı həm də... şəxsən mənə, - hamıya ağıl vermək iddiasında olanın birinə, - Anarın çox anlarda ata addımlarını atdırması zövq verib. Olub ki, Anar yanımda olanda qızlarımdan gələn zəngə, istəyə kəsinliklə “yox” demişəm... imkansızlıqdan! Amma... Anar özü, sözün həqiqi mənasında, yerin deşiyindən tapıb, uşaqlarımın istəyini mənə həll etdirib!

Anar yaxşı işçidi – heç vaxt görmədim ki, işlədiyi yerə xəyanət etsin, işləyib getdiyi yerin əleyhinə işləsin!

Anar illərlə işsiz qalıb, yenə də işsizdir! Amma Anar heç vaxt nüfuzsuz olmayıb və bu nüfuza – imza sahibliyinə mən 18 ildən çoxdur şahidəm.

Anar gözəl şairdir – şair kimi üzə çıxmayan!

Anar gözəl yazıçıdır – yazıçı kimi üzə çıxmayan!

Çünki Anar tanıdığım bu illər ərzində ortama və ortaya İNSAN kimi çıxmağı üstün tutan bir vətəndaşdır!

Anarın gözəl sevgisi var, sevməyi var! Vətəni, dostları, ailəni, sözü, işi...

Yazdım ki, borcunuzu biləsiniz: Anar sizi gözəl sevdiyi kimi sevin! Həmişə... təkcə ad günlərində yox ki!

O yaxşı yoldaşdı, dostdu, atadı, qardaşdı, oğuldu!

Jurnalistliyinə gələndə isə bircə kəlmə... Anarın imzası çox özündən deyənlərin çəkisindən ağırdı! İllər öncəsi təsdiqini tapıb!

Sevməzmisiniz?!.

YAZININ ANLAMI: Anarı ANAsı dünyasını dəyişəndə bir də tanıdım! Bir də əmin oldum: ANA ANAR üçün özündən bircə fərqlə, hərflə irəlidi – bu dünya, bu ölkə, bu Azərbaycan hər şeydən əvvəl onun üçün ANAsıdı, sonra ANARdı! ANAları ANAR kimi yaşadın! Mən 50 yaşa çatanda Anarda bunu gördüm və adamın göynər yerini bildim!!!

Anar həyatda hər şeyi yerində olan və özünü, dostlarını qəlbində yaşadandı, həm də ANASINI yaşadandı!!! Hər dəfə Anarı görəndə mənim gözümün önündə onun o günlərdəki ağrısı çözələnir və Anarla görüşdən qaçıram! Anar o qədər gözəl ANANIN ÖVLADIdı ki, dostları da o ANAYA SEVGİ BƏSLƏYİR!!!

Bir də soruşuram: sevməzmisiniz!?