Alimentdən məhrum qalan uşaqlar: qanunlar onlar üçün nə təklif edir?
17-09-2024 13:18 / Bu xəbər 805 dəfə oxundu
Dörd il öncə planlaşdırılan Aliment Fondu hələ də yaradılmayıb
Valideyn alimenti ödəməkdən imtina edərsə, Azərbaycan qanunlarına görə müxtəlif cəza tətbiqləri ilə üzləşə bilər. Amma bu qanunların heç birində alimentin ödənməməsi halında hər gün qidaya, bəzən pampersə, sosial fəaliyyətlərə, məktəb ləvazimatlarına ehtiyacı olan uşaqların bunları necə qarşılayacağı barədə heç nə yazılmayıb.
Valideyn alimenti ödəməkdən imtina edərsə, hansı cəzalarla üzləşə bilər?
Vəkil Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, ata (əsasən atalar olduğu üçün nümunələrdə belə qeyd edilib. Lakin əksi də ola bilər – red.) alimenti ödəməkdən imtina etdikdə bir neçə cəza mexanizmi ilə üzləşir:
1. Əgər ata (borclu) məhkəmə qərarına əsasən ödəməli olduğu alimenti verməkdən imtina edirsə, İcra haqqında qanuna görə, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulur. Bu barədə borcluya, tələbkara və icra hakimiyyətinə dərhal xəbər verilməlidir.
2. Ata (borclu) aliment verməkdən yayınırsa, deməli, məhkəmə qərarı və ya qətnaməsini icra etmir. İnzibati Xətalar Məcəlləsinə görə bu halda məsuliyyətə cəlb edilir. Bu halda alimenti ödəməyən fiziki şəxs statusunda olan atalar 500-dən 1500 manadək cərimə edilir və ya 1 aya qədər inzibati həbs edilir.
Vəzifəli şəxs statusunda olanlar isə 1200-2500 manat arası, hüquqi şəxslər 3000-5000 manata arası cərimə edilir.
Cərimələr və ya inzibati həbslərdən sonra borclu tərəf yenə də alimenti ödəməkdən imtina edərsə, məhkəmənin qərarını və ya aktını icra etmədiyi üçün cinayət işi açıla bilər.
Bu halda borclu ata ən yaxşı halda 2000 manatdan 4000 manatadək cərimələnə, 320-400 saata qədər islah işlərinə cəlb oluna, 3 ilədək həbs edilə bilər.
Adından da göründüyü kimi, məhkəmə övladına alimenti ödəmədiyi üçün yox, qərarları icra etmədiyi üçün bu cərimə və həbs kimi tədbirlərin görülməsinə qərar verir. Eyni ilə bu qanun bir çox istiqamətdə məhkəmə qərarlarını icra etməyənlərə şamil edilir. Məhz bu səbəbdən də cərimələr evdə yemək, geyim, məktəb ləvazimatı gözləyən uşağa yox, dövlət büdcəsinə əlavə edilir.
Vəkil Zibeydə Sadıqova deyib ki, ata heç bir halda alimenti ödəməzsə, bu halda ortaq mülkiyyətin borcludan alınaraq dəyərləndirilməsi başlayır.
Ali Məcəlləsi üzrə ixtisaslaşan vəkil Rövşanə Rəhimli Meydan TV-ə deyib ki, ata alimenti ödəməkdən imtina etdikdə ana adətən evin dəyərləndirilməsindən yana olur, çünki həbsi də gözə alan borclu tərəf pulu ödəməməkdə qərarlıdırsa, ən yaxşı variantın bu olduğu görünür.
Vəkil bildirir ki, evli tərəf birlikdə əldə etdiyi mülkiyyəti boşanma zamanı 50/50-yə bölə bilər. Atanın illər ərzində yığılan borcu hesablanaraq ev üzərindəki haqqından həmin məbləğ çıxılır.
Evin tam mülkiyyət ilə ananın adına keçməsi ilk baxışdan məsələnin həlli kimi görünsə də, mahiyyətcə uşağın ehtiyaclarına görə ayrılan aliment öz məqsədini doğrultmur. Belə ki, ana öz evində uşağını böyütsə də, uşağın yemək, geyim, ərzaq kimi ehtiyacları ödənməmiş olaraq qalır.
Ana evi sataraq atanın borcu müqabilində təyin edilən məbləği götürərsə, bu dəfə də ev kirayəsi ödənişləri kimi əlavə xərclər ilə qarşılaşmalı olacaq.
Vəkil Rövşanə Rəhimlinin fikrincə, bölgələrdə əmlakla bağlı vəziyyət daha acınacaqlıdır. Çünki evin dəyəri Bakı ilə müqayisədə xeyli azdır və faktiki satışa çıxarılsa, alacaq şəxs də çox deyil.
Alimenti ödəməyən valideynlərlə bağlı xarici təcrübə nə deyir?
Xüsusilə Avropa ölkələri alimentin gecikdirilməməsi üçün dövlətə borclandırma siyasəti tətbiq edir. Belə ki, yaradılan müvafiq dövlət qurumu alimenti özü ödəyərək sonradan borcludan borcunu daxili qanunvericiliyə əsasən alır.
Ölkələr üzrə yaradılan qurumlardan bəziləri:
Böyük Britaniyada – Uşaqların təminatı ilə bağlı Agentlik
İsraildə – Milli Sığorta Xidməti
Polşada – Dövlət Aliment Fondu
Niderlandda – Aliment üzrə Federal Büro
İsveçdə – Dövlət Sığorta Agentliyi
ABŞ-da – Aliment orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri
Avstraliyada – Uşaqlara Dəstək Agentliyi və s.
Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı deyib ki, ölkədə alimentin ödənməsi ilə bağlı dövlətin ciddi nəzarəti var, lakin borclu valideyn həbs edilmir: "Məhkəmə atanın gəlir vəziyyətinə nəzarət edir. Əgər ata işləyirsə, aliment hər ay onun maaşından kəsilir. Əgər ata işləmirsə, dövlət özü uşaq üçün ödənməli olan pulu ödəyir, sonra atadan pulu alır”.
Əfqan Muxtarlı onu da bildirib ki, boşanmasa belə, əgər ata xaricdə işləyirsə, uşaqları üçün rəsmi qaydada pul göndərməlidir.
Siyasi səbəblərə görə Azərbaycan hökuməti tərəfindən həbs edilən Muxtarlı həbs müddətində ortaq övladlarına tək baxan həyat yoldaşına pul göndərməli olması ilə bağlı Almaniyadan rəsmi məktublar alıb: "Mən türmədə idim. Həyat yoldaşım uşağa tək baxırdı. Hər ay məktub gəlirdi ki, uşağa bu qədər pul ayırırıq, borcun var”.
"Azərbaycanda Aliment Fondu problemi”
2020-ci ildə Azərbaycanda insan hüquqları üzrə müvəkkil uşaqların alimentlə bağlı valideynlər arasındakı fikir ayrılığından təsirlənməməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.
Təklifdə deyilir ki, pulu alan tərəf alimenti məhkəmə qərarından dərhal sonra götürə biləcək. Dövlət sonradan ödənişi digər valideyndən məcburi qaydada alacaq. Lakin 4 il keçməsinə baxmayaraq, belə bir fond yaradılmayıb.
Qadın hüquqları müdafiəçisi Zümrüd Yağmurun sözlərinə görə, atanın aliment ödəməməsi və aliment fondunun yaradılmaması ailə institutunun məhvinə gətirir: "Ailə sadəcə ər və arvaddan ibarət deyil. Atadan dəstək görməyən uşaq travmalı böyüyür və bir çox hallarda sağlam, faydalı ola bilmir. Bəzən kişilər elə fikirləşir ki, uşaqdan da boşanır, bu, belə deyil. Əgər ata həqiqətən çox imkansızdırsa və ya laqeyddirsə, ən azından dövlət bu vəziyyətə əl qoymalıdır, azyaşlı vətəndaşına dəstək olmalıdır. Lakin nə qədər desək də, Azərbaycanda aliment fondu yaradılmır. Uşaqlar isə atadan qopur, uzaqlaşır, ata və atalıq anlayışı itir. Bu, həm də ailə institutunun məhvi deməkdir”.
"Alimentin alınması ilə bağlı yanlış təsəvvürlər və süründürməçilik”
Vəkil Zibeydə Sadıqova aliment məsələləri ilə bağlı ən böyük çətinliklərdən birinin də icra prosesində yaşandığını bildirib.
"İcrada çox böyük lənglik baş verir. Məsələn, hakim işi qəbul edir və icraya göndərir, sonra biz başlayırıq icraçını axtarmağa. İcraçını tapandan sonra başlayırıq onunla danışmağa ki, alimenti al. İcraçı kişini axtarır, tapa bilmir və yaxud da kişi gəlib deyir ki, pul tapa bilmirəm. Nəticədə iş uzanır”, - vəkil Sadıqova böyük məbləğdə aliment borclarının necə yığılmasını açıqlayıb.
Hüquq müdafiəçisi Zümrüd Yağmur isə bəzən ataların yüksək gəliri olsa da, məhkəməni aldatdığını, iş yerindən saxta, az gəlirlə bağlı sənəd təqdim etdiyini deyir: "Atalar elə bilir ki, aliment anaya verilən puldur. Ona görə də bu pulu ödəməmək üçün əlindən gələni edir. Əvvəlcə bu anlayış dəyişməlidir. Bu, uşaq üçün ayrılan puldur, bəzən heç uşağın ehtiyaclarına da kifayət etmir”.
Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir.
2024-cü il üçün alimentin minimum miqdarı hər uşaq üçün 235 manatdır.