Almaniya XİN: "Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli yoldadır"

Almaniya XİN:

01-03-2024 00:32 / Bu xəbər 532 dəfə oxundu

Bakı ilə Yerevan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir. 

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok fevralın 29-da Berlində sülh müqaviləsi layihəsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan iki günlük danışıqları şərh edərkən bildirib. 

"Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yoldadır. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər addım vacibdir", - Berbok özünün X sosial media hesabında qeyd edib. 

Fevralın 28-də və 29-da Berlin şəhərində Almaniya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşü keçirilib. 

Ararat Mirzoyan və Ceyhun Bayramov ikitərəfli formatda da danışıqlar aparıblar.