Milli Şuranın mitinqinə yenə icazə verilmədi
02-05-2024 01:02 / Bu xəbər 866 dəfə oxundu
Cəmil Həsənli növbəti addımlarını məsləhətləşmələrdən sonra elan edəcəklərini deyir
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib.
Bu barədə Meydan TV-yə Milli Şuranın sədri, professor Cəmil Həsənli bildirib.
O, şəhər administrasiyasının qərarını sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında növbəti addım kimi qiymətləndirib: "Görünür, hakimiyyət mitinqlərin qadağan edilməsini daimi prosesə çevirmək istəyir”.
Cəmil Həsənli qeyd edib ki, Demokratik Qüvvələrin Milli Şurası növbəti addımlarını məsləhətləşmələrdən sonra elan edəcək.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şurasının aprelin 21-nə təyin etdiyi mitinqə də icazə verməmişdi. Ardınca Milli Şura mayın 5-nə yeni aksiya təyin edib.
Milli Şura siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, quru sərhədlərinin açılması və Rusiya qoşunlarının Azərbaycandan çıxarılması tələbilə mitinq keçirməyi planlaşdırırdı.
Azərbaycanda sonuncu dəfə mitinq 2019-cu ilin yanvarın 19-da keçirilib.
Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq”, "Mehman Hüseynova azadlıq”, "Bu vətən bizimdir”, "Biz qalib gələcəyik” və başqa şüarlar səsləndiriblər.