Almas İldırımın nakam taleyi

Almas İldırımın nakam taleyi

29-03-2024 01:29 / Bu xəbər 2162 dəfə oxundu

 

Çingiz Sultansoy

"Mühacir yazarlar” silsiləsindən 

Rəsmi adı Əbülhəsən Almaszadə olan Almas İldırım  1907-də Bakının Qala kəndində anadan olub. Kənd təsərrüfatı və ticarətlə məşğul, kənddə və Bakıda dükanları, kənd ətrafında və Abşeronda torpaq sahələri, bağ-bağçaları, sürülərı və  hətta yük gəmiləri olan, var-dövləti artan atası Əbdülməhəmməd 1913-cü ildə əvvəlcə Şüvəlana, oradan isə Bakıya, Çəmbərəkənd məhəlləsinə köçür, Sovet vaxtı Saraykin adlanan küçənin 7 nömrəli evinə...

SÖZARASI. Oxuduğum 12 saylı məktəbdə  gələn uşaqların çoxusu Çəmbərəkənddən idi, onlarla bir sinifdə dərs keçmişəm, məktəbin həyətində oynamışam,  Çəmbərəkəndin bir və ikimərtəbəli evlər sıralanan küçələrini dolaşmışam, Saraykin küçəsində dəfələrlə olmuşam, sinfimizdə neçə uşaq o küçədən idi. Bəlkə də, Almas İldırımın yaşadığı evin qabağından da dəfələrlə keçmişəm? İndi nə o ev, nə də Çəmbərəkənd qalmayıb, yerində "Gülüstan" şadlıq sarayı və böyük park var. 

Rusiyanın da qoşulduğu Birinci Dünya Müharibəsi başlayanda evdə Almas adıyla çağırılan Əbülhəsən İrandan Bakının neft mədənlərində işləməyə gəlimiş fəhlələrin uşaqları oxuduğu "İttihad” məktəbində oxuyur və burada fars dilini də öyrənir, buranı bitirdikdən sonra Abdulla Şaiqin "Nümunə” məktəbində təhsilini davam etdirir. 

Tarixçi tədqiqatçı Diqəm Əhməd yazır ki, o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini də öyrənir. 

Almas adıyla çağırılan Əbülhəsən ilk şerlərini çap eləməyə başlayır.  

Sovet hakimiyyəti qurulandan sonra bütün ruhani, sahibkar, tacir və zadəgan ailələri repressia hədəfi olur - ən müxtəlif forma və zamanlarda. Oktyabr çevrilişinin ilk illərində Vladimir Lenin Rusiyanın hansısa quberniya Fövqəladə Komissiyası (ГубЧК) rəisinə ünvanladığı teleqramda yazırdı: "Quberniyada sovet hakimiyyətini quran kimi yerli zadəgan, burjua və ruhanilərin 10-15% girov götürün və hər hansı etiraz, sabotaj ya müqavimət olarsa dərhal güllələyin”.

Təsəvvür edirsiniz? Bəlkədə də heç bir təqsiri olmayan, "siyasətə qarışmayan”, elə yalnız sadalanan zümrələrdən olan adamların ələ keçən 10-15% həbs etmək və əyalətdə etiraz ya  sabotaj olarsa onda iştirak eləməyən adamları güllələmək nə deməkdir? Məqsəd yalnız terror etmək, insanlarda qorxu və vahimə yaratmaq idi, təbii. Tanış gəlir? 

Məsələn, Əbdülməhəmmədin nəinki pulu, dükanları, gəmiləri, tarlaları, Çəmbərəkənddəki evi də müsadirə olunur, ailə üzvü olduğuna görə artıq gənc şair kimi tanınan Almas İldırım Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsindən çıxarılır. 

Amma onun universitetdən qovulmasının səbəbi təkcə atasının varlı olması deyildi. 

Ə.Aras yazır: "Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hisslərinə dərman olmasıydı. Hətta 1927-ci ildə Bakıda yazıb, "Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi "A dağlar” şeiri İstanbulda nəşr edilən "Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.

SÖZARASI. Bəlkə də ADU-ya qəbul edilmədiyinə, ya qəbul edilib çıxarıldığına və ya bu faktları, çıxarılacağını bildiyinə görə 1910 təvəllüdlü, xırda mülkədar oğlu olan atam Rüstəm Sultanov otuzuncu illərdə Moskvaya getmiş və ali təhsilini orada almışdı. O zaman belə yollarla izi itirmək olurdu, şansın konkret zaman və məkan, idarədəki durum və ovqatdan, rastına çıxan məmur və sadəcə bəxtindən asılı idi.

1928-ci ildə Almas İldırım şeirlərində olan millətçi notlarına görə Dağıstana sürgün olunur. Çox sonralar o günlərin, illərin də təəssüratı „Əlvida, Bakı" şerində əks olunacaq, amma əsas ayrılıq hələ irəlidədir:  

Səndə kеçib gеtdi iyirmi dörd yaşım,
Bir zaman bəladan çıхmadı başım,
Sən оldun həmdəmim, dərdli yоldaşım,
Laylalar söylədin mana, əlvida…

Dağıstan qəzetində müxbir işləyən və yaradıcılığını davam edən şair "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar" və başqa şeirlər yazır, onları radioda oxuyur, orada da nüfuz yığır. İki il sonra Bakıda "Dağlar səslənərkən" şeirlər kitabının çapına görə, - haqqında bir neçə tənqidi yazı yazılan kimi artıq satışa çıxarılan kitab yığışdırıldı, -  A.İldırım Mustafa Quliyev, Süleyman Rüstəm, B.Zəngili, Əkbər Ruhi, Əsəd Əyyubi kimi proletar yazarların tənqidinin hədəfi olur. 

B.Zəngili  "Dağlara səslənirkən” məqaləsində yazır: "A.İldırım yeni həyatın bütün müvəffəqiyyətini qadın və qızlar üzərində görür. O, hələ də öz ilhamını qızlar və yaşıl təpələrdən almaqdadır”. 

Əkbər Ruhi yazır: "Bunlar Əhməd Cavad və Hüseyn Cavidin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədiylə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik... Cavad ədəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından atıldı”.

Əsəd Əyyubi isə baltanı dibindən vuraraq yazır: "Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”.

Ölkədə repressia tüğyanı zamanı Almas Yıldırım qəmli şerlər yazmağı, qadın və təbiət gözəlliyinini vəsf etməyi elə böyük cinayət imiş ki, başı sovet çəkici ilə əzilməliymiş.  Belə çıxır, A.İldırım Azərbaycanda baş alıb gedən repressiaları, axıdılan qanları görməzdən gəlib ilhamını qadın və təbiət gözəlliyindən yox, Çində axıdılan qanlardan almalı, Səməd Vurğun kimi o illərdə belə "Uzaqlara doğru” adlı  firqəçi yazmalıydı: 

Arqadaş, deyirlər Əfqanda, Çində, 
İnsanlar boğulur qanlar içində!
Yenədə hökm edir xain istismar,
Ağrıyan başların bəlaləri var!...

O qarlı dağlara kim açacaq yol?
Komsomol! Komsomol! Yalnız komsomol! 

Əziz oxucu, bu mənzərə, bizim yazıçıların, şairlərin bu şakəri - ölkədəki repressia, işgəncələr, insan hüquqlarının pozulmasına göz yumub Ermənistanı, Venesuelanı, Çini tənqid etmək, bu günkü avtoritarizmdən yox, yalançı və saxta, guya ezop diliylə 70 il əvvəlki stalinizmdən hekayə və roman yazmağı  tanış gəlir? 
Elə o illərdə Süleyman Rüstəmin yazdığı "Atəş!” adlı bu şeirə baxın:

Kim nə deyirsə desin, mən döyüş şairiyəm,
Ey əxlaq müdərrisi, mən söyüş şairiyəm!
Silahdır əlimizdə şeirimiz və nəsrimiz,
Alicənablıq əsri deyil bizim əsrimiz!
Daloy bitərəf sənət, daloy bitərəf şair!
Daloy bitərəf nəğmə, daloy bitərəf şeir!

Doxsan il öncə yazılımış bu şeri oxuyaraq onu yazan adamın sağ qalmaq, həbsə düşməmək, sürgün edilməmək, güllələnməmək,  sağ qalmaq ehtirasını görürsünüzmü, ürəyində gizlənən qorxusunu duyursunuzmu?  Təhlükə xeyli az olsa da, bu günün qorxusu,  "dövlətdən”, əslində  hakimiyyətdən , mənzil və payok – yüksək maaş və honorar almaq, bu nemətlər naminə yarınmaq, yaltaqlanmaq, girmək ehtirası 90-100 il əvvəlin həbsdən və sürgündən yayınmaq, ölməmək, nəyin bahasına olursa olsun yaşamaq  ehtirasına necə də yaxın və doğmadır? 

 Hər nə isə Almas Yıldırım Aşqabada sürgünə göndərilir. 

"Bakı” şerindən:

Uzaqda qaralır Qızlar qalası
Söylər ki, başımın çохdur bəlası,
Nеrdə öz оğulu, igid balası,
Acısın düşdüyü оda, əlvida…

Yох оldu Çəmbərəkəndi gözlərdən,
Batıb gеtdi Pirvənzəli izlərdən,
Kim nə anlar bu çarpaşıq sözlərdən,
Bunlar bir хatirat mana, əlvida…

Diqqət yetirin, bu sətirlər Bakı limanından çıxıb Xəzərin şərq sahilinə yön alan gəminin göyərtəsində dayanıb doğma şəhərə, sahilə həsrətlə baxan, gözləri önündə Qız qalası, Çəmbərəkənd uzaqlaşaraq kiçilən və yox olan bir adamın təəssüratı deyil, o təəssüratla yazılmayıb? 

SÖZARASI. Bu misraları oxuyanda 2016-cı ildə Almaniyaya yola düşən məni Bakı Hava Limanına doğru aparan maşının pəncərəsindən seyr elədiyim küçələr, bir qədər sonra, gecədən xeyli keçmiş havaya qalxan təyyarənin İllüminatorundan baxdığım Bakı işıqlarını xatırladım. Amma mən Almas İldırımın "Əlvida, еy gözəl Bakı, əlvida!  Sağlıqla qal, sоn sözüm bu, əlvida!” misralarına bənzər sözləri ürəyimdə təkrarlasam da, nəinki özümü tox tutmuşdum, şerdə təsvir olunduğu kimi kədərli də deyildim – tam səmimi deyirəm...  
-
Bəlkə ona görə ki, şair kimi emosional deyildim, bəlkə də, ona görə ki, o sözlərin son sözüm olmayacağına ümid edirdim,  bəlkə də ona görə ki, cəmi yeddi-səkkiz il sonra Almas Yıldırıma qarşı kampaniaya başçılıq edən, dönük olmaq istəməyən, müstəqil qalmaq istəyən istedadlara qənim kəsilmiş, ayrı-ayrı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarı, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin  rəhbəri olmuş tənqidçi, ədəbiyyatşünas və publisist Mustafa Quliyevin 1938-də güllələnəcəyini yaxşı bilirdim. Dostunu gəmiyə  qədər ötürməyə gəlmiş əziz Mikayıl Müşfiqin isə 1939-da...  

Bir zaman qоynunda mən də yaşadım,
Sоkakdan-sоkaka səsləndi adım,
Bilməm sönəcəkmi səndəki yadım?
Bəlkə də, dönəməm sana, əlvida!

Aşqabadda bir xeyli sürgün olunmuş azərbaycanlı yaşayırdı, icma demək olardı. Almas İldırım bu icma uşaqlarının oxuduğu məktəbə müəllim düzəlir, eyni zamanda "Zəhmət” qəzetində müxbirlik edir. Qəzetdə və Türkmənistan radiosunda gedən yazıları və şeirləri qısa zamanda şairi burda da tanıdır, hörmət gətirir. Elə o zamanlar A.İldırım  Şamaxıdan Aşqabada sürülmüş bir ailənın Zivər adlı qızıyla tanış olub, ürəyini fəth edir və elçi düşərək evlənir.   

Təbii ki, "ЧК”-nın xələfi, "НКВД” və "КГБ”-nin sələfi olan "ОГПУ” – "Объединенное Главное политическое управление” onu daimi nəzarətdə saxlayır və şairin artan şöhrəti və nüfuzu Bakıdakı "QPU”-nu rahat buraxmır, mətbuatda gedən, adı hallanan tənqidi yazılar bir ara seyrəlsə də yenə davam edir. 

Ölkədə vəziyyətin get-gedə pisləşdiyini, təqiblərin artdığını, ətrafındakı halqanın daraldığını görən Almas İldırım  1933-cü ildə qaynatasının razılığını alaraq Zivər xanımı və üç aylıq, - üç aylıq! - körpəsiylə İrana gizli yollarla keçəcək qaçaqçı bir dəvə karvanına qoşulur. O vaxtlar SSRİ-dən belə yollarla çıxmaq olurdu, hələ „Dəmir Pərdə"ylə kip bağlanmamışdı,  sərhəddi ucqar və çətin dağ cığırlarıyla keçib mühacirət hələ mümkündür. 

Yürüyürük, yоlumuz tikan, çala, dağ, dərə,
Qəlbimiz alоv aldı bir sönməz еhtirasdan.
Yürüyürük, bu yоlda qurbanlar vеrə-vеrə,
Varlığımız kül оldu düşdügümüz bu yasdan…

SÖZARASI.  Yaxın qohumumuz, atamın bibisi oğlu İbrahim Kəngərli, - o həm də kiçik qardaşı Əkrəm əmimin qaynatası idi, - eynilə Almas İldırım kimi 1930-cuların əvvəlində, repressiaların sərtləşdiyini görüb Arazı adlayaraq Naxçıvandan İrana keçməyə çəhd edən gecənin səhəri çayda meyidi tapılmışdı... Onun həyatı və ölümü bir hekayə yox, roman mövzusudur...  

Almas İldırımın qoşulduğu karvan, sərhədçi və gömrükçülərin gözündən yayınmaq üçün ən ucqar, çətin və təhlükəli cığırlarla dağları aşır, məqam tapıb bir yaylaqda təhlükəsizlik naminə karvandan ayrılan cütlük İrana çatanda şair həbs olunur, 25 gün saxlanılır. Onu bolşevik casusu sayıb istintaq edir, sinəsinə qədər soyuq suda saxlayaraq işgəncə verirlər. Bu uzunmüddətli işgəncə nəticəsində şair soyuqlayıb ömürlük böyrək xəstəliyinə tutulur, ehtimal ki, pielonefritə. 

"Nə üçün?..” şerindən:

Mən artıq nə yazım yurduma dair,
Düşmən zəhər saçır, dostlar gizlənir.
Bilməm öz yurdunu sevən bir şair
Nə üçün bir cani kimi izlənir?

Nəhayət, heç bir günahı-təqsiri olmadığı üçün azad edilib İranda özünə uyğun iş tapa bilməyən, acınacaqlı və yoxsul həyat sürən Almas İldırım Türkiyəyə köçür. burada münasib iş tapa və bir qədər sonra hətta vətəndaşlıq da ala bilir. Almas İldırım Türkiyədə mirzəlik, katiblik, kargüzarlıq edir, ibtidai məktəbdə dərs deyir, müxtəlif qəsəbə bələdiyyələrində çalışır, həyatı az-çox stabilləşir, şer yaza, "Çinaraltı", "Orxun", "Gökbörü", "Bozqurd", "Kommunizmlə mücadilə" və başqa qəzet və dərgilərdə çap etdirə bilir. Lakin İranda istintaq zamanı soyuq su işgəncəsindən qazandığı böyrək xəstəliyindən get-gedə daha çox əziyyət çəkir...

Gizli yol kəsmədim, qaçaq olmadım,
Sakit bir həyatı pоzmadım mən ki,
Heç kimə qanlı bir bıçaq оlmadım,
Heç bir qətlə fərman yazmadım mən ki...

Məlumdur ki, sovet idarəçiliyi elə pis, elə yarıtmaz idi ki, içi Azərbaycan, gürcü, tatar, qazax mühacirəti qarışıq rus mühacirəti hər gün SSRİ-ni üsyanlar bürüyəcəyini, hakimiyyətin çökəcəyini gözləyirdi. Bu gözləntiləri ciddi əsasları vardı, - ölkədəki aclıq və qıtlıq, repressialar çox böyük idi, - ona görə gözləntilər 20 il çəkdi, İkinci Dünya Müharibəsinin başlaması ilə artdı və sonuna, 1945-ə qədər davam elədi, yəni toplam 25 il oldu və öləzidi. İDM-dən qalib çıxmış SSRİ qüdrətli, yenilməz görünürdü, dünyanın ikinci fövqəldövləti oldu. 

Bu ümidlər bir də 1960-cı illərdə, görkəmli politoloq Zbiqnev Bjezinsinkinin kitabındakı SSRİ-nin dağılmağıyla bağlı məşhur proqnozundan sonra cücərdi, amma Almas Yıldırımın, elə Məhəmməd Əmin Rəsulzadənin də bundan xəbəri olmadı artıq... 

Tохunma, tохunma, dərdlidir başım,
Buraх, öz yarama dərman еdəm mən.
Uzaqda qaldıqca tоrpağım, daşım,
Cənnət оlsa bu dünyayı nеdəm mən?..

Almas Yıldırım 1952-ci ildə  həmin böyrək xəstəliyindən vəfat edir. Qəriblik, Vətən həsrəti mühacir onun ən məşhur "Əsir Azərbaycanım" şerindən də sızılır:

Хəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, о nеft qохan gülümdən,
Kim dеmiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim еşsiz yurdum оy!..
Ölməz еşqim, içimdəki dərdim оy!

Bu gün tam olmasa da, hər halda müstəqil Azərbaycan paytaxtının mərkəzində uzun, geniş  Səməd Vurğun, Süleyman Rüstəm küçələrini hamı tanıyır, Almas İldırımın adına isə yalnız Şüvəlan qəsəbəsində küçə var, Bakıda isə yoxdur. Elə bir bu fakt çox şeyi deyir: 

Salam dеsəm, ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Хəzərə yеtirsə,
Хəzər cоşub zəncirini qırar оy!..
Hökm еtsə, bu sərsəm gеdiş dursa, оy!..

Bu essedə ədəbiyyatşünas Vaqif Sultanlının və tarixçi Dilqəm Əhmədin  kitab və  məqalələrindən  istifadə edilib. Hər iki dəyərli mütəxəssisə təşəkkür edirəm!