Anuk Emeyə vida sözü

Anuk Emeyə vida sözü

20-06-2024 23:54 / Bu xəbər 2686 dəfə oxundu

Çingiz Sultansoy

Dünya çaplı  kino ulduzu Anuk Emenin 92 yaşında dünyadan köçməsi xəbəri yayıldı. Təbii ki, dünya mediası aktrisa haqqında nekroloqlar verir, ən yaxşı roll və filmləri, mükafat və sevgilərindən yazır. 
 
Anuk Eme bir çox məşhur, çoxbaxılan filmə çəkilsə də, mənim və milyonlarla tamaşaçı üçün 1966-da ekranlara çıxan "Bir kişi və bir qadın” filminin baş qəhrəmanı olaraq qalır.  

Aktrisanın ən uğurlu və məşhur rolu bu filmdəki qadın - Anna Qotie roludur. Ən nüfuzlu mükafatlar qazanan bu film çox böyük olmayan xərclə çəkilib. 

Bu film həyat yoldaşlarını  öləndən sonra da unutmayan kişi və qadının Love Story-sidir. Qadın ərini unuda bilməyəcəyini anlayaraq yeni sevgilisinin evlənmək təklifinə "yox” deyir, kişi də razılaşır, amma ayrılandan sonra bu qadını itirmək istəmədiyini anlayır və yenə israr edir...

Bir sözlə, məhəbbətin bütün maneələrə və başqa hisslərə qalib gəldiyi sadə melodramatik, hətta deyərdim ki, bəsit fabula. Amma necə də güclü ssenari və rejissör vizionu, aktyor oyunu, necə də təsirli alınmış film!..

Filmdə Emenin tərəfi-müqabili, o da ulduz olan  Jan-Lui Trentinyanın düz iki il bir gün öncə ölümüylə bağlı şəbəkədə yazdığım postdan bir parçanı aşağıda gətirəcəyəm. 

Yeri gəlmişkən, orada yarızarafat-yarıciddi qeyd etmişdim ki, Jan-Lui Trentinyanın erməni deyil, fransızlarda belə soyadlara rast gəlinir. Məsələn, "Üç muşketör” romanının qəhrəmanı d`Artanyan və başqa belələri var. 

Anuk Emenin şərqli qadınlara xas gözəlliyi və məlahəti göz qabağındadır, idealdan uzaq ayaqları da.  Parisdə doğulan aktrisanın ata-anasının kimliyiylə maraqlandım, atası katolik tərbiyəli fransız yəhudisi, anası fransız, adı isə Jenevyev-Soreyadır.  

Sürəyya?! Haradan, nədən? 

Oxşatmıram, anasının ikinci adı həqiqətən Sürəyyadır, İran şahı Məhəmməd Rza Pəhləvinin ikinci xanımı, sonsuzluğuna görə boşandığı Soreya İsfəndiyari-Bəxtiyarinin də adı beləcə yazılır. Emenin anasının adındakı şərq izinin haradan qaynaqlandığını tapa  bilmədim, amma yenə axtaracağam... 

Anuk Eme "Bir kişi və bir qadın” filmindən əvvəl də Avropada artıq yaxşı tanınırdı. O, Federico Fellininin "Şirin həyat” və "8 ½”, filmlərində, Jak Deminin "Lola" və Jak Bekker "Monparnasse 19"  filmlərində yaddaqalan rollar oynamış arthaus aktrisalarından biri idi.

Amerikada "Oskar", Kannes Film Festivalında "Qızıl Palma Budağı", "Qızıl Qlobus" və BAFTA mükafatları başda olmaqla qırx mükafat qazanan bu film isə aktrisaya dünya şöhrəti gətirdi. 

Məşhur bəstəkar Frənsis Ləinin filmə bəstələdiyi müsiqi və mahnı indi də hit-kinomelodilər listəsində qalır. Bu linklə keçib dinləyə bilərsiniz

Bu uzun bir hekayətdir -
Bir kişi
Bir qadın
Təsadüfdən tale yaratdı...

Dünya kinosunda və yaddaşımda parlaq iz qoyan bu filmə onillərin o tayında qalmış, uzaq 1970 ya 71-ci ildə baxmışam, on səkkiz-on doqquz yaşımda, birinci ya ikinci kursda oxuyanda. 

Film Bakının mərkəzində yerləşən aparıcı kinoteatrlarda – "Nizami”, "Azərbaycan”, "Araz”, "Vətən” və b. 1960-cı illərin sonunda  göstərilmişdi, o zaman baxa bilməmişdim, qaçırmışdım. 

Siyasi və iqtisadi təhlilçi, kino tənqidçisi, məndən on-on iki yaş böyük Toğrul Cuvarlı deyir ki,  kino kassalarında nəhəng növbələr vardı, bilet üçün baş yarırdılar. 

Məncə, bu maraq kinofilmin yalnız bədii məziyyətlərilə rejissör vizyonu, aktyor ouyunuyla bağlı deyildi, əsərin baş qəhrəmanlarının, özəlliklə Anuk Emenin gözəlliyi və seksuallığı, məhəbbət-yataq-seks səhnələri  belə şeylərə tamarzı sovet adamı üçün daha böyük rol oynayırdı. 

Sovet ideologiyası və senzurası bizim filmlərdə belə səhnələri yasaq etmişdi, çünki onlara baxmaq sovet vətəndaşına yaraşmaz, əxlaqını pozardı. İndiki baxımdan yataq epizodlarında elə bir açıq-saçıqlıq da yoxdur, indiki cavanlar gülər - burada nə var ki, hələ ajiotaj da yaratsın?

Nüfuzlu ingilis "Empire" kinojurnalı Anuk Emeni kino tarixinin 100 ən seksi ulduz listəsinə salıb. 

Hələ sağlığında klassik sayılan, Emeni iki məşhur filmində çəkən Federiko Fellini bir dəfə "Filmlərimin qəhrəmanları seksual cazibəli qadınlardır, çünki əminəm - onlara baxmaq təkcə kişilərə deyil, qadınlara da xoşdur” deyib. 

Amma filmin gözəlliyi, cazibəsi sovet adamları üçün yalnız aktrisanın  gözəlliyində, seks-yataq səhnəsində, ya filmin ssenaristi, prodüseri, rejissörü və operatoru olan Klod Lelyüşün istedadı və özəl çəkilişi, ya Anuk Emenin - Anna Qotienin sevgilisi, peşəkar sürüçü, avtomobil  pilotu rolunu oynayan Trentinyanın dəli kimi "Ford-Mustang” sürməsində, ya görmədiyimiz xarici avtomobillərdə deyildi. 

Bu film dövrünün sovet məhəbbət filmlərindən fərqli olaraq, - çoxusu 1941-45 müharibəsinə, kolxoz quruculuğuna ya istehsalata həsr olunmuşdu, - başqa, azad dünyanın azad insanlarının azad məhəbbətini göstərirdi. Gözəl göstərirdi, cəzbedici, böyük istedadla...

Oxuyuruq, sanki səslərimiz
Yavaş  çıxır, 
Qəlbimiz  sanki bir şans, 
Sanki bir ümid görür

Qəlbimiz  inanır
Yenidən
Hər şey yenidən başlayır, 
Həyat davam edir...

Filmin ovsununa düşsəm də, o vaxt anlamırdım, təbii, amma indi, üstündən yarım əsr keçəndən sonra əminliklə deyirəm - bu film bir çox Azərbaycan və sovet gənci kimi məndə də sovet həyatından fərqli, daha gözəl və azad həyata bir canatma, bir meyl oyatdı, kişi-qadın münasibətlərinin, o cümlədən intim yataq münasibətlərinin gözəlliyini görməyə, duymağa, anlamağa, təbiilik və səmimiliyə, azadlığa meyl.  Amma filmin mənə bu təsirini, önəmini çox sonra  anladım, o vaxt nə yaşım vardı?..
 
"Bir kişi və bir qadın”a  Azərbaycan Tarixi Muzeyinin yaxınlığında yerləşən "АзНТО” – "Azərbaycan Elmi-Texniki Cəmiyyəti”nin kiçik və köhnə kino zalında baxmışdım.  

Ah, 1970-ci illərin əvvəlinin, gəncliyimin Bakısı, maraqlı xarici film göstəriləndə böyük mərkəzi və kiçik ucqar kinoteatrların kassaları qabağında, böyük və kiçik zallarındakı mühit və ovqat, Bakı küçələri, qızları və oğlanları, gözəlləri və cayılları...

Film başlamazdan  əvvəl çıxış edən mühazirəçi-kinoşünas "cürüyən qərbin” növbəti kino məhsulunu tənqid edərək xırda hisslərlə yaşayan qəhrəmanların, zahirən cəzbedici, daxilən köhnə və çürük, sovet adamına yad filmin mahiyyətini biz tamaşaçılara anlatdı. 

Xırda burjua psixologiyasının zərərindən tamaşaçılara danışdılar, amma sovet filmlərində olmayan, yasaq yataq səhnələrini də kəsməmişdilər ki, film tamaşaçı kütləsini cəlb etsin, kassa dolsun...

Öz ölkəsinin acınacaqlı durumunu, vətəndaşlarının çəkdiyi zülmü görməzdən gələrək bu günkü telekanalizasialarda "Almania dağılırr!”, "Əsrlər boyunca müstəmləkələrində törətdiyi cinayətlərin bədəlini ödəməyən imperialist Fransa”, "Yeni Kaledoniyaya azadlıq!” rədifli verilişlər çəkən, nitqlər söyləyən miskin jurnalistlər və siyasətçilər o vaxtın mühazirəçi və partiya işçilərinə necə də oxşayırlar...  

Amma belə gözəl, yaddaşıma həkk olunan film, gözəl aktrisa və qadın haqqında danışanda bu bədbəxtləri xatırlamağa dəyərmi? 

"Bir kişi və bir qadın”dan cəmisi bir il öncə  çəkdiyi başqa filmdə ciddi uğursuzluğa və tənqid atəşinə tuş gələn, hələ cavan sayılan rejissör Klod Lelyüşu  Avropa və dünya ulduzu elədi, böyük urvata mindirdi, filmin bütün yaradıcı heyətini də...
 
60-cı illərin gözəl, solmaz, köhnəlməz bir Love Story-si, elə indi də gerçək və çağdaş olan modern "Leyli və Məcnun", "Romeo və Culiett", "Fərhad və Şirin", "Tristan və İzolda” kimi bir məhəbbət dastanı görmək istəyirsinizsə, "Bir kişi və bir qadına” baxın.

Ruhun şad olsun, Anuk Eme!..