ASALA-nın yaranması
04-03-2021 13:03 / Bu xəbər 2680 dəfə oxundu
Yadigar Sadıqlı
I hissə
1973-cü ilin yanvarında Osmanlı doğumlu, ABŞ-ın Santa-Barbara şəhərində yaşayan 77 yaşlı Gürgen Yanikyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarla əlaqə saxlayaraq Əbdülhəmid dövründən qalma bir rəsm və əskinasa sahib olduğunu, onları Türkiyə Cümhuriyyətinə bağışlamaq istədiyini xəbər verdi. Bunun üçün konsulu Santa-Barbaradakı Baltimor otelinə dəvət etdi. Danışıq zamanı Yanikyan özünün iranlı olduğunu söylədi.
Los-Anceles və Santa-Barbara arasındakı məsafə 150 kilometrdən çox idi, Mehmet Baydar isə avtomobil sürməyi bacarmırdı. Buna görə də gənc vitse-konsul Bahadır Dəmirdən avtomobili idarə etməyi xahiş etdi. Yanvarın 27-də, şənbə günü hər iki diplomat Santa-Barbaraya yola düşdülər.
Yanikyanın qaldığı otağa qalxan türklər burada əvvəlcə normal qarşılandılar. Amma qısa müddət sonra iranlı yox, erməni olduğunu söyləyən ev sahibi tapançasını çıxararaq onlara atəş açdı. Parabellumun tutduğu 9 güllənin hamısını boşaldandan sonra diplomatlar hələ sağ idilər. Dolabçadan Brauninq markalı daha bir tapança çıxaran qatil Baydarın və Dəmirin başından vuraraq öldürdü.
Həbs olunan Yanikyan əməlini Osmanlı imperiyasındakı "erməni soyqırımı” və həmin hadisələr zamanı doğmalarının öldürülməsi ilə əlaqələndirdi. Amma məhkəmə həmin hadisələr zamanı heç anadan olmayan diplomatların qətlinə haqq qazandırmadı. Yanikyan ömürlük həbsə məhkum edildi. O, 1984-cü yanvarın 31-də səhhəti səbəbindən şərti azadlığa buraxıldı, fevralın 29-da 88 yaşında öldü.
Başqa vaxtda Santa-Barbara cinayəti bəlkə də bir adamın aksiyası olaraq qalardı. Amma elə olmadı. 1970-ci illər terrorun, belə demək caizsə, qızıl dövrü idi. Yanikyan törətdiyi hadisə də dünyanın müxtəlif yerlərində yaşayan ermənilər arasında böyük rezonans doğurdu. Terror təşkilatı yaratmaq üçün ən yaxşı yer isə Yaxın Şərq idi.
***
1970-ci illərdə Livanda 400 min fələstinli qaçqın vardı. Onların yerləşdikləri və Fələstin silahlı təşkilatlarının nəzarət etdikləri qaçqın düşərgələri müxtəlif terror təşkilatları üzvlərinin həm məşq yeri, həm də sığınacağı idi. İtalyanların "Qırmızı briqadalar”, almanların "Qırmızı ordu fraksiyası”, baskların ETA təşkilatının üzvləri, eləcə də Çaqqal Karlos ləqəbli İliç Ramires Sançes kimi terrorçular bu düşərgələrdən tez-tez istifadə edirdilər.
İlk adı "Gürgen Yanikyan qrupu” olan erməni terror təşkilatı da 1975-ci ildə oralarda yaradıldı. Onun əsasını qoyan Harutun Takoşyan 1951-ci ildə İraqın Mosul vilayətində anadan olmuşdu. Gənc yaşlarında marksist görüşləri mənimsəyən Takoşyanın Fələstin Xalq Qurtuluş Cəbhəsi (FXQC) sıralarına qatıldığı və bəzi aksiyalarında iştirak etdiyi söylənilir. Onun bir neçə ləqəbləri vardı, onlar arasında ən məşhuru, öz adından da daha çox tanındığı Akop Akopyan adıdır və mən də onu belə təqdim edəcəyəm.
Yanikyan cinayətindən sonra Akopyan erməni terror təşkilatı yaratmağı qərara alır. Hərçənd, bəzi ehtimallara görə, bu ideyanı ona sovet xüsusi xidmət orqanları verib və dəstək göstərəcəklərini bildiriblər. Fəaliyyətə başlayandan az sonra təşkilatın adı dəyişdirilərək "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” oldu və ingiliscə adının (Armenian Secret Army for the Liberation of Armenia) baş hərfləri əsasında ASALA kimi tanındı. Keşiş Ceyms Karnusyan və yazıçı Gevorq Əcəmyan da təşkilatın yaradıcılarından idilər.
ASALA-nın elan etdiyi hədəflər Türkiyənin "erməni soyqırımı”nı etiraf etməsi, həyata keçməyən Sevr müqaviləsinə əsasən Ermənistan dövlətinə verilməli olan Türkiyə torpaqlarının (Trabzon-Ərdahan-Van-Ərzincan dördbucağı) Ermənistan SSR-yə birləşdirilməsi idi. Həmin Böyük Ermənistan dövlətinin siyasi doktrinası elmi sosializm olacaqdı. Təşkilatın proqramında imperializmə, müstəmləkəçiliyə və sionizmə qarşı inqilabi mübarizə kimi sol ibarələr də yer alırdı.
Qeyd etmək lazımdır ki, 70-ci illərdə ermənilərin daha bir terror təşkilatı – Daşnaksutyun tərəfindən yaradılan JCAG (Justice Commandos against Armenian Genocide – Erməni soyqırımına ədalət kommandoları) fəaliyyət göstərirdi. Bu iki təşkilatın hədəfləri əsasən üst-üstə düşürdü. Ciddi fərqləri marksist yönümlü ASALA-nın Ermənistanın SSRİ-nin tərkibində olmasını qəbul etməsi, JCAG-ın hədəfinin isə müstəqil Ermənistan olması idi.
Onu da deyim ki, bəzən müəyyən terror aktını ASALA, yoxsa JCAG törətdiyini dəqiqləşdirmək çətin olur. Məsələn, 1975-ci il oktyabrın 22-də Türkiyənin Vyana səfiri Daniş Tunaligil, iki gün sonra isə Paris səfiri İsmayıl Erez (sürücüsü ilə) öldürüldülər. Mənbələrin bəzilərində bu cinayətlərin arxasında ASALA-nın, digərində JCAG-ın durduğu, bəzilərində isə iki təşkilatın birlikdə hərəkət etdiyi iddia olunur.
Həmin ilin dekabrında Türkiyənin Beyrutdakı səfirliyi iki dəfə raket atəşinə tutuldu. 1976-cı ilin fevralında isə səfirliyin birinci katibi Oktar Cirit öldürüldü. Sonrakı iki il ərzində ASALA bir sıra bombalı hücumlar təşkil etsə də ölən olmadı. 1978-ci ilin iyunun 2-də Türkiyənin Madriddəki səfiri Zəki Kuneralpın avtomobili atəşə tutuldu. Səfir maşında olmadığından arvadı Necla Kuneralp və qaynı Bəşir Balçıoğlu, eləcə də ispan sürücü Antonio Torres həlak oldular. Maraqlı olar bilər deyə vurğulayım ki, Zəki Kuneralp Böyük Britaniyanın indiki baş naziri Boris Consonun atasının əmisi idi.
1979-cu ilin avqustundan başlayaraq ASALA-nın hücumları daha da vüsət alır. Bu zamandan etibarən "Türk hava yolları”nın müxtəlif ölkələrdəki ofisləri də hədəfə çevrilir. Aviaşirkətin Frankfurt, Kopenhagen, Milan, Paris, Roma ofisləri bombalı hücumlara məruz qalır. Diplomatlara qarşı sui-qəsdlər də davam edir. Niderlanddakı səfirin 27 yaşlı oğlu Əhməd Benler, Fransadakı səfirlikdə turizm üzrə attaşe Yılmaz Çolpan öldürüldülər. Afinadakı cinayət isə daha qanlı alındı.
Türkiyə səfirliyinin attaşesi Qalip Özmen ailəsi ilə birlikdə axşam yeməyindən dönərkən avtomobili səsboğucu taxılan tapançadan atəşə tutuldu. Özmen və 14 yaşlı qızı Neslihan həlak oldular, arvadı Sevim və 17 yaşlı oğlu Kaan yaralandılar. Təkcə 13 yaşlı Alper Özmən xəsarətsiz qurtuldu.
ASALA-nın səs-küylü terror aksiyaları dünya ermənilərinin rəğbətinə səbəb olur. Təşkilata qoşulanların, maddi və digər yardım göstərənlərin sayı artır. Kaliforniyada doğulan Monte Melkonyan Beyruta gələrək 1980-ci ildə ASALA-ya qoşulur. Bununla belə, təşkilat üzvlərinin çoxunu Livan erməniləri təşkil edirdilər.
***
Bütün bu və digər cinayətlər açılmamış qalırdı. Bunun səbəbi terrorçuların peşəkar hazırlığından daha çox aksiyaların törədildiyi ölkələrin hüquq-mühafizə orqanlarının cinayətləri açmaqda maraqlı olmamaları idi. Çünki o zaman həmin ölkə ASALA-nın hədəfinə çevriləcək, həbs olunanların azad edilməsi tələbi ilə terror aktları keçiriləcəkdi.
1980-ci il oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərindəki otellərin birində ASALA-nın iki üzvü Aleksandr Yenikomşiyan və Süzi Mahseridciyan növbəti terror aktı üçün bomba hazırlarkən partlayış baş verdi. Qadına bir şey olmasa da, Yenikomşiyan gözlərini və bir əlini itirdi. İsveçrə polisi hər iki terrorçunu həbs etdi.
Bundan sonra ASALA İsveçrədə bir neçə partlayışlar həyata keçirdi. İsveçrənin Swissair aviaşirkətinin başqa ölkələrdəki ofisləri də hədəf oldu. Qurbanların olmadığı bu aksiyalardan sonra təşkilat Yenikomşiyan və Mahseridciyanın azad edilməsini tələb edir, əks halda daha qanlı aksiyalar keçirəcəyi ilə hədələyirdi. İsveçrə bu şantaja boyun əydi. Terrorçuların hər biri 18 ay şərti cəzaya məhkum olundu və dərhal ölkədən deportasiya edildilər, başqa sözlə, azadlığa buraxıldılar.
1981-ci il sentyabrın 24-də hamısı Livan ermənisi olan dörd terrorçu Türkiyənin Parisdəki baş konsulluğuna hücum etdilər. Baş verən atışmada təhlükəsizlik əməkdaşı Cemal Özen həlak oldu, konsul Kaya İnal, eləcə də iki terrorçu yaralandı. 56 nəfəri girov götürən ASALA üzvləri Türkiyə hökumətinə beş bənddən ibarət ultimatum verdilər. Amma Türkiyənin Parisdəki səfiri Adnan Bulak hökumətinin terrorçularla danışığa getməyəcəyini söylədi.
15 saat sürən hadisədən sonra terrorçular girovları azad etdilər və təslim oldular. Onlar üzərində keçirilən proses ədalət məhkəməsindən daha çox terrorun tərənnümünə çevrildi. Hakim hətta şahidlərə müttəhimləri "terrorçu”adlandırmağı qadağan etdi. 1984-cü ilin yanvarında çıxarılan hökmlə terrorçuların hər biri 7 il həbsə məhkum olundu.
Terrorçulardan biri, Aram Basmacyan 1985-ci ildə həbsxanada intihar etdi. Digər üç nəfər isə həbslərindən heç 5 il keçməmiş, 1986-cı ilin avqustunda azad olundular. Onlardan ikisi, Vazgen Sislyan və Akop Culfayan hazırda Ermənistanda, Kevork Gözelyan isə ABŞ-da yaşayırlar.
Ehtimal olunur ki, belə yumşaq cəza Fransa hökuməti ilə ASALA arasında əldə olunan razılaşmanın nəticəsi idi. Təşkilat Fransa ərazisində bir daha terror aktı törətməməyi, fransızlar da həbs olunanlara qarşı sərt olmamağı öhdələrinə götürmüşdülər (hökm çıxarılana qədər ASALA Fransa ərazisində özünün ən qanlı cinayətlərindən biri olan "Orli terroru”nu həyata keçirmişdi).
Müqayisə üçün göstərmək olar ki, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki daha bir konsulu, Kemal Arıkan JCAG üzvləri tərəfindən qətlə yetirildi. Qatillərdən biri Hampig Sasunyan həbs olundu. O, Paris məhkəməsinin hökmündən cəmi 13 gün əvvəl ömürlük həbsə məhkum edildi və bu gün də həbsxanadadır. Cinayətin digər iştirakçısı Krikor Saliba Livana qaçdı və ehtimallara görə elə həmin il buradakı vətəndaş müharibəsinin gedişində öldürüldü.
Parisdəki konsulluğun tutulması əməliyyatının hazırlanmasında iştirak edən Monte Melkonyan hadisəni və sonrakı məhkəmə prosesini böyük siyasi qələbə, ASALA-nın fəaliyyətinin zirvə nöqtəsi hesab ediridi. Həmin nöqtədən sonra isə terror təşkilatının çöküşü başladı. Bu barədə növbəti məqaləmdə bəhs edəcəyəm.
Yazı Meydan TV-dən götürülüb.