"Atamın xatirəsinə: yağ, ey yağış"
07-06-2023 00:53 / Bu xəbər 4519 dəfə oxundu
"Arqument.az" şair Günel İbrahimin "Atamın xatirəsinə: yağ ey yağış" şeirini təqdim edir:
I
Yağ, ey yağış, bir az da yağ,
Qoy qoxusun torpaq yenə...
Səndən bircə diləyim var,
Get, atamı gətir mənə...
De ki, gəlib qonaq olsun,
Bircə günlük, bir gecəlik.
Həsrət yaman ağır gəlir,
Qoy görsün onsuz necəyik...
Danış ona həsrətinin,
Necə tüğyan etdiyindən,
Danış, de ki, o da bilsin,
Nə dəyişib getdiyindən...
De ki, sabah doğan günəş,
İtirib öz istisini.
De ki, işıq düşmür evə,
Hiss etmirik nəfəsini...
Çatdır ona ürəyimdən,
Keçən nə var, hamısını.
De ki, ona, o gedəndən,
Dinləyirəm mahnısını...
Söylə ona hey canlanır,
Göz önündə xatirələr.
Ömrümüzdən ömür çalır,
Yarım qalan nələr, nələr....
Danış ona, sevinsin ki,
Çox darıxıb evi onsuz.
Çatdır, o da qoy bilsin ki,
Çoxdur ona sevgim, sonsuz...
De ki, hər sən yağan zaman,
O qoxuyar torpaqlar da.
Buludlar da verməz aman,
Göylər də ağlar ona ta.
Bəlkə, elə səbəb budur,
Bu qoxunu sevməyimə.
Burnum cənnət ətri duyur,
Atam orda yatır deyə...
Durma, yağış, yalvarıram,
Vaxt itirmə, tələs, nolar,
Bir xəbər ver, darıxıram,
Yoxsa, boynum bükük qalar.
Qaç atama yetiş tezcə,
Çatdır ona sözlərimi,
Mənə bir az səbr et demə,
Həsrət yumar gözlərimi...