Avropa Məhkəməsi ADO-nun şikayətini icraata alıb
28-09-2021 18:34 / Bu xəbər 2843 dəfə oxundu
Teatra küçə tamaşalarını keçirmək üçün izacə verilmir
Avropa İnsan Hüquqları Məhkəməsi ADO teatrının küçə tamaşalarına qoyulan qadağası ilə bağlı şikayətini icraata alıb.
Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) kollektivinə paytaxtda küçə tamaşalarını keçirmək üçün izacə verilmir.
Teatr 2017-ci ildən etibarən bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər etsə də, cavabsız qalıb.
Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov 2019-cu ilin sonlarında məsələ ilə bağlı məhkəməyə müraciət edib.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə qarşı keçirilən hər iki prosesi teatrın xeyrinə həll olunub.
Sonradan Bakı Şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından apelyasiya şikayəti verib.
Məhkəmə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib. Üstəlik, teatrın məhkəməyə üztutma səbəbi ilə qaldırdığı iddia əsassız elan olunub.
ADO-nun Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı şikayətində teatrın İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 10 (1) (özünü ifadə etmək azadlığı) və 6 (1) (ədalətli məhkəmə araşdırılması hüququ) maddələrində nəzərdə tutulan hüquqların pozuntusu iddia olunur.
ADO Teatrı 2013-cü il iyulun 15-də aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb.
Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.
Hazırda teatrın direktor vəzifəsini hüquqşünas Xalid Bağırov icra edir.