Azadlığımızdan imtina etdiyimiz an...
22-02-2024 11:59 / Bu xəbər 998 dəfə oxundu
Şərif Ağ
Mövlud Süleymanlı dünyasını dəyişdi.
Böyük yazıçı idi.
"Dəyirman" şedevrdir.
Azərbaycan dilini, Azərbaycan nəsrini Tanrı dərgahına qaldıran bir mətndir. Bəs belə bir əsərin müəllifi – sovet mənəviyyatsızlığını kababxanaya çevrilmiş dəyirmanla simvollaşdıran ciddi bir yazıçı son 30 ilin Azərbaycanında heç bir problem görmədimi?
Niyə hamı 80 yaşlı yazıçının yalnız gəncliyində yazdığı əsərlərin adını çəkir?
Çünki... bizdə yazıçı kimi qocala bilmir heç kim.
Müxtəlif səbəblərdən. Obyektiv-subyektiv – dəxli yoxdur, nəticə dəyişmir.
Biz ata kimi, baba kimi, dost kimi, ağsaqqal kimi ömrümüzü davam edə bilirik, yazıçı kimi yox.
Gəncliyimizdə faciəli şəkildə həlak oluruq.
Azadlığımızdan imtina etdiyimiz an...
Ev-ailə, şan-şöhrət, var-dövlət, oğul-uşaq xülyasına qapıldığımız an.
Tanrı verəni bəndə verənə asanlıqla dəyişirik...
Mövlud müəllim nəinki ingilis, fransız, alman, hətta ispan olsaydı dünyanı fəth edərdi.
Cəmiyyət onun qarşısına heç vaxt yazıçı azadlığından imtinanı həyat-məmat şərti kimi qoymazdı.
Kimdir günahkar?
Hamımız.
Uşaqlı-böyüklü, qızlı-oğlanlı, ölülü-dirili – hamımız.
Bu bizik.
Böyük yazıçını da böyüməyə qoymayan, onu səksən yaşında gənclik mətnləri ilə uğurlayan, müstəqillikdən və qələbədən sonra da səadətin ünvanını tapmayan binəvalar...