Azadlıqdan qorxuya

Azadlıqdan qorxuya

25-04-2021 12:59 / Bu xəbər 4043 dəfə oxundu

Mete Türksoy

Post-koronavirus dövrü yaşana biləcək azadlıq problemləri

Koronavirus səbəbiylə dünyada məhdudlaşdırılmaların baş verməsindən sonra dünyada siyasi vəziyyət necə olacaq? Bu, çox ciddi sualdır, amma cavab vermək heç də asan deyil, çünki sualın cavabı birmənalı deyil, ona görə ki faktiki durumun analizi deyil, daha çox proqnoza əsaslanır.  

Bu suala cavab vermək üçün iki yolayırıcını müəyyən etməliyik: 

Birincisi, bütün bu məhdudlaşdırılmalar fonunda sosium azadlığı daha dərindən, bütün qəlbi ilə hiss edəcək. 

İkincisi isə toplum qeyri-azadlığı gördükdən sonra əvvəlki dövrü özləyir, lakin gələcək müddətlər üçün o daha geniş azadlıqlar yox, məhz əvvəlki, yaxud əvvəlkindən daha az azadlıqla yetinir.

Birinci, tarixə retroperspektivdə baxdığımız zaman görürük ki, insanlar insan azadlığının insan haqlarının ən təməl hissələrindən biri olması üçün uzun müddət köləliklə, müxtəlif növ məhdudiyyətlərlə, məhrumiyyətlərlə mübarizə aparmışdır və sonda o, azadlığı əldə edərək, hətta onun heykəlini belə ucaltmışdır. 

O, azadlığı üçün qan tökməyə də, can verməyə də qadir olub, lakin biri var qazanılmış azadlıq, biri də var miras olaraq alınmış azadlıq. Birinci növ azadlıq aidiyyatı toplumun onu bütün varlığı ilə, içdən hiss etməsini, bütün xarakteristik cəhətlərinə uyğun olmasını özündə ehtiva edir, lakin ikinci növ miras alınmış azadlıq isə özündə belə duyğusal bir bağı ehtiva etmir. 

O, əziyyətsiz olaraq əldə edilmiş bir formada olduğundan və ümumiyyətlə, o növbəti nəsillərin doğumuyla bərabər var olduğundan xüsusi hal, situasiya deyil, sıradan, normal bir haldır.

Bu da həmin varis nəsillərin azadlığı dərindən hiss etməmələrinə səbəb olur. Məsələn, bir zamanlar təhlükəsizliklərindən vaz keçərək azadlığı qazanan, yaxud digər adla desək, azadlığı təhlükəsizlik ilə eyniləşdirən toplum ilə üz-üzə idiksə, bu gün azadlığını təhlükəsizliyinə qurban verən toplum ilə qarşı-qarşıyayıq. Bu baxış açısından baxarsaq, bugünkü toplum azadlıqlarını itirərək əvvəlki günlərini xatırlayacaq və o, yenidən azadlıq əldə edərkən onu bir daha itirməmək üçün çalışacaq, onun necə qiymətli, əvəzsiz olmasını bütün qəlbi ilə dərk edəcək. 

Biz prosesi bir növ virtual tarix dərsi kimi nəzərdən keçirərək fərdlərin məhz keçmiş tarixi dövrdə azadlıqların məhdudlaşdığı situasiyaya ekskursiya etmələri kimi interpretasiya edə bilərik. İnsanoğlu təcrübəyə meyillidir, o, təcrübə ilə, gözlə müşahidə etdiyi, öz üzərində hiss etdiyinə daha çox inanır və qəbul edir, nəinki tonlarla oxudugu kitablara. İnsan hətta kitabları da öz yaşam və təxəyyülləri miqyasında anlaya bilir.
 
Eləysə, bu hal insanların azadlıqlarını daha dərindən dərk etmələrinə, Platon sayağı desək, dərk etdikləri bu azadlığa, həmçinin, inanmalarına şərait yaradacaq. Növbəti mərhələlərdə onlar siyasi münasibətlər zamanı, bir vətandaş olaraq, öz azadlıqlarını prioritet məsələ kimi bütün qanunların, alınmış qərarların fövqündə tələb edəcəklər. Bu insanlar üzərində növbəti dəfə rahatlıqla kontrol qurmaq çətin olacaq. Onlar indi daha çox azadlıqlarından yana olacaqlar, çünki insan itirdiyinə xislətcə daha çox sarılır.

İndi isə gələk ikinci məsələyə. İnsanlar üzərində kontrol rahat təmin oluna biləcək, çünki artıq texniki bir təcrübə əldə edildi. 21-ci əsr demokratiyanın və internetin mövcud olduğu bu dönəmdə insanları evə qapanmağa məcbur etməyin bu dərəcədə rahatlığı dövlətin vətəndaş üzərində rahat formada kontrol əldə edə bilməsini göstərmiş oldu.

Mitinqlər, aksiyalar, protestolar edən toplum ilk qorxu həyəcanında rasionallıqdan tamamən uzaqlaşaraq dizlərini yerə qoydu. Demək, ümumbəşər toplumunun köləlik kodu dəyişməyib. Bu, qorxudur və bu qorxu ilə idaretmə, demək ki, hələ də, ən əsas aparıcı vasitədir. İndi artıq dövlət ən kritik anda nə edəcəyini, haradan yapışacağını yaxşı bilir. Bu hətta tarixin ironiyasıdır ki, dövlət əlavə xərc çəkmədən, əlavə güc resursu tükətmədən həbsxana kimi hətta insanların öz evlərindən istifade edə bilir. 

21-ci əsr demokratiya nəslinin qırılma anı...

Avtoritar ölkələr üçün vəziyyət daha ağırdır. Sabahı gün hər hansı problemdə bu haldan presedent kimi istifadə edərək epidemiya ve s. qorxusu yayaraq insanların hərəkət azadlığını məhdudlaşdırmaq daha rahat olacaq. Artıq insanlar bir dəfə bu məhrumiyyəti daddılar, hətta ironik hali budur ki, bir çox insanlar buna əl də çaldılar.

Digər məsələ, azadlığı miras alan, azadlığı dərindən hiss etməyən toplum indi azadlığı yenidən əldə edəndə daha çox azadlığa can atmaq əvəzinə, əldə olanla yetinəcək, çünki o, məhrumiyyəti gördü. O, əldə etdiyinə şükür edəcək sadəcə...

Əvvəlki halı pis xatirə kimi düşünərək onun qorxusuyla yaşayacaq və o, gələcəyə yönəlik deyil, keçmişə yönəlik baxacaq. Belə olduğu təqdirdə, o, daha çox azadlıq, azadlığın genişləndirilməsi üçün deyil, əlində olan azadlığın, ən azından, qorunub saxlanması üçün çalışacaq, çünki o, artıq azadlıq baxımından travma almış travmatik toplumdur. Bu nəslin içərisində hər zaman bir qorxu olacaq və bu qorxu onun qollarına zəncir olacaq və onun irəli addımlamasına, qaçmasına əngəl törədəcək, hər addım atmaq istədiyində keçmiş təcrübə onun ayaqlarından qandal olaraq asılacaq, sıxacaq ayaqlarını, beləliklə, o, əldə etdiyinə şükür edəcək.

Bu da dövlətlərin daha geniş azadlıq tələb edən kütlələrdən, ən azından, müəyyən müddətlik canını qurtarmasına səbəb olacaq. Əsas da Azərbaycan kimi ölkələr həm ancaq nisbi azadlığı yaşayıb, həm də o, bunu qazanmayıb, bu, sadəcə, onlara verilib. 

O, 70 illik avtoritarizm və post-sovet sonrası da 29 illik eyni avtoritarizmin nisbi yumşaq formasını yaşamışdır. Bu ölkələrdə yuxarıda qeyd edildiyi kimi azadlığını tələb edən toplum yox, ona verilən nisbi azadlığa şükür edən toplum var olacaq. Amma ola bilər ki, indiki halı bir eksperiment kimi də götürərək növbəti ümumdünya siyasi dəyişimlərində bir alət kimi istifadə etsinlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.