"Azərbaycan iqtisadiyyatı staqnasiya vəziyyətindədir" - MÜSAHİBƏ
31-01-2018 03:23 / Bu xəbər 4177 dəfə oxundu
Arqument.Az-da "Bizim ekspert” rubrikasının 9-cu buraxılışını qonağı iqtisadçı ekspert Toğrul Maşallıdır.
Biz Toğrul Maşallı ilə 3-cü buraxılışımızda neftin qiymətinin kəskin düşməsi, postneft dövründəki vəziyyət, qeyri-neft sektoru, milli iqtisadiyyatın Strateji Yol Xəritəsi və digər mövzuları müzakirə etmişdik.
Bu dəfə də nefti qiymətinin uzun müddətdən sonra dünya bazarında bahalaşması və bunun Azərbaycan iqtisadiyyatına təsiri, qeyri-neft sektorunun durumu və s. mövzuları müzakirə etdik.
- Xoş gördük, Toğrul bəy.
- Xoş gördük.
- Dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Artıq 70 dollar civarındadır. Neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycanda böhran müşahidə olunurdu. Hətta 2018-ci ilin büdcəsi üçün neftin bir barelinin baza qiyməti 45 dolardan hesablanıb. Bəs artım hansı dəyişikliyə səbəb ola bilər?
- Əslində, neftin qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatında o qədər də ciddi təsir etməyəcək. Çünki bu yaxınlardan 2017-ci il üzrə göstəricilər nəşr edilib və o nəticələrdən görünür ki, Azərbaycanda ümumi daxili məhsul 2017-ci ildə 2016-cı ilə nisbətən 0, 1% artıb. Yəni faktiki olaraq, bu, iqtisadiyyatda staqnasiya (İqtisadiyyatda çox kiçik və ya heç böyüməmə halı. Yəni iqtisadi inkişaf illik olaraq 2-3 %-dən az olarsa, staqnasiya vəziyyətidir. red.) vəziyyətidir. Ona görə də qiymətin artması və azalması bizə o qədər də ciddi təsir etmir. Artıq istisadiyyatımız başqa bir dönəmə gəlib. Yəni artıq böhran keçib və biz gəlib çatmışıq böhranın ən axırıcı - staqnasiya vəziyyətinə. Artıq biz bu vəziyyətdən çıxmağa çalışmalıyıq, buna isə neftin qiymətinin artması o qədər də təsir etməyəcək. Bir də ümumi olaraq, biz neftdən necə asılı idiksə, eləcə də asılı qalmışıq. Azərbaycan iqtisadiyyatının problemləri qalıb, onlar həll olunmayıb. Deyə bilmərəm ki, nəsə vəziyyət dəyişib, sadəcə, bir sabitlik var. Sabitlik də iqtisadi cəhətdən mənfi, neqativ bir şeydir.
- Böhran dövründə hökumət iqtisadiyyatı neftin asıllılığından xilas etmək üçün qeyri-neft sektoruna yönəlik addımlar atacağını deyirdi, hətta Strateji Yol Xəritəsi də hazırladılar. Neftin qiymətinin bahalaşması həmin tədbirləri arxa plana keçirməz? Yəni qeyri-neft sektoru yaddan çıxmaz?
- Biz keçən il də, bu il də müşahidə etdik ki, əslində, hər şey arxa plana keçirildi və yaddan çıxarıldı. Məsələn, avtomobil istehsalı faktiki dayandırıldı. 2017-ci ildə cüzi avtomobil istehsal olundu. Başqa sahələrdə də vəziyyət pisdir, problemlər dərinləşib. Kənd təsərrüfatında ciddi irəliləyiş olmadı. İndi pomidor istehsalından danışırlar. Amma bizdə pomidor ixracatı əsasən Türkiyə amili ilə bağlı idi. Və yaxud pambıqçılıq. Ola bilsin ki, nisbətən inkişaf edib, amma ümumi vəziyyət yaxşı deyil, ciddi irəliləyiş yoxdur. Əgər biz ötən il 207 min ton pambıq yığmışıqsa, bu, 2000-ci illərin əvvəlləri və ortaları ilə müqayisədə çox aşağı göstəricidir. Ona görə də ciddi dəyişikliklərdən danışmaq olmaz. Çünki əgər əvvəl hökumət bütün sahələrə pul ayırırdısa, sərəncamlar, fərmanlar verilir, yol xəritələri, proqramlar hazırlayırdısa, indi o sahələrə maraq azalıb. Artıq islahat yönlü addımlar da atmağa maraqları yoxdur, çünki düşünürlər ki, neftdən pul qazanırıq və sabit vəziyyəti saxlaya bilirik. Sabit vəziyyət də iqtisadiyyatda problemlər yaradır. Qeyri-neft sektorunun payı az olduğu üçün iqtisadiyyata təsiri də azdır. Məsələn, pambıq ixracatı bizdə bütün ixracatın 0,4%-ni təşkil edir. Meyvə-tərəvəz də - hamısı birlikdə ümumi ixracatda 12%-dən çox deyil. Yəni rəsmi olaraq "qeyri-neft sektoru" adlandırılan sahə ümumilikdə 11-12% civarındadır. Bunun da üçdə biri neftlə bağlı sahələrdir, məsələn, metanol və digərləri... Hökumət tərəfindən də bu sahədə artıq ciddi heç nə edilmir.
- Yəni arxayınlaşıblar?
- Hə, nisbətən, arxayınlaşıblar ki, bir az pulumuz var.
- Bir sıra ekspertlər yaxın zamanlardan neftin qiymətinin aşağı düşəcəyini deyirlər. Məsələn, Natiq Cəfərli yazıb ki, cəmi 2-3 həftədən sonra ABŞ-da neft hasilatı gündəlik 10 mln. bareli keçəcək. Bundan sonra neft bazarında qiymətlərin aşağıya doğru sürətlə enməsi başlayacaq, hətta 60 dollardan aşağı olacaq.
- Mən də düşünürəm ki, neftin qiyməti aşağı düşəcək. Düzdür, sürətlə düşməyəcək, amma sabitləşəcək. Çünki 70 dollar çox yüksək göstəricidir. Son üç ildə bütün neft markalarının ən yüksək qiyməti indi qeydə alınıb. Bəzilərində 60, bəzilərində 70. Bu, indiki şəraitdə çox yüksək qiymətdir. Çünki bu gün 5 il bundan əvvəlki ilə nisbətdə neftə o qədər də böyük tələbat yoxdur. Mənim fikrimcə, ən azı 60 dollara qədər düşə bilər. Əslində, hökumət də bu cür fikirləşir.
- Bəs bütün bunlar manatın məzənnəsinə necə təsir edəcək?
- Manatın məzənnəsi bir çox amillərdən asılıdır. Nefin də ona təsiri nisbətən aşağıdır. Çünki manatın məzənnəsi Mərkəzi Bank və Dövlət Neft Fondunun hesabına bu səviyyədə saxlanılır. Əgər açıq bazar olsaydı, manatın məzənnəsi 1.70-dən 1.85-ə çatardı. Amma Mərkəzi Bank adminstrativ olaraq, bu vəziyyəti saxlayır, dəyişdirmir. Onlar müəyyən mənada inanırlar ki, bu 70 dollarlıq vəziyyət hardasa bir il çəkəcək. Əgər bu dayanıqlıq bir il çəksə, onda manatın məzənnəsi admintrativ tədbirlər olmadan, Mərkəzi Bankın vəsaitləri hesabına 1.70 səviyyəsində saxlanıla bilər. Amma problem ondadır ki, bizdə ixracat yenə də neftdən asılıdır və neftin qiymətinin dəyişməsi Mərkəzi Bankın siyasətindən dəyişikliyə səbəb ola bilər. Ola bilər ki, müvəqqəti, yəni bir müddətlik manatın məzənnəsini 1.70-dən bir qədər aşağı saxlaya bilsinlər. Bu da əgər neftin qiyməti heç olmasa 3-4 ay 60 dollar civarında qala bilsə...
- Bütün bu baş verənlər 2018-ci il iqtisadiyyatı üçün nə vəd edir. Gözləntiləriniz nədir?
- 2018-ci il üçün gözləntilər mənfidir. Çünki Maliyyə Nazirliyi və Mərkəzi Bank yenə də neftdən asıllılığı təsdiqləyir və bütün siyasətini yalnız onun əsasında qurur - həm pul, həm iqtisadi siyasətini... Həm də büdcəmizdə sərmayə, investisiya siyasəti ciddi surətdə artırılıb, müxtəlif layihələr hazırlanıb. Amma hökumətin siyasəti 5 il necə idisə, indi də heç bir dəyişiklik yoxdur. Yenə neft və yenə də bizim ondan qazanc gözləntimiz var. Ona görə də mən bunu mənfi qiymətləndirirəm. Çünki hesab edirəm ki, digər sahələr yenə də yaddan çıxarılacaq və bu da böhrana aparacaq. Yenə 2015-ci ildən əvvəlki vəziyyətə qayıdır, eyni səhvləri təkrarlayırıq.
Şəmşad Ağa
Arqument.Az