Azərbaycan Moldovanın məlumatlarını necə saxtalaşdırıb? - Hüquqşünas araşdırdı

Azərbaycan Moldovanın məlumatlarını necə saxtalaşdırıb? - Hüquqşünas araşdırdı

04-01-2024 03:35 / Bu xəbər 1167 dəfə oxundu

Statistika Komitəsi açıqlama verib, yanlışlıqların olmasını istisna etməyib

"Dövlət Statistika Komitəsi Dayanıqlı İnkşaf Məqsədləri ilə bağlı statistik icmal buraxıb. Burada, 17 Dayanıqlı İnkşaf Məqsədi üzrə Azərbaycan digər ölkələrlə müqayisə edilib. Mən bu icmalı geniş təhlil etməsəm də, ilkin baxışdan verilmiş statistikalarda ciddi pozuntuların olduğunu açıq aydın görə bilirəm. Səhiyyə hissəsində Azərbaycanı digər MDB ölkələri ilə müqayisə edirlər və çox maraqlı bir vəziyyət yaranıb. İcmala görə, Azərbaycanda hər 100 min adama 415 nəfər ürək-damar xəstəliklərinə görə ölüm düşür (2022-ci il üçün)". 

Bunu hüquqşünas Sübhan Həsənli sosial media hesabında yazıb

Onun apardığı araşdırmadan görünür ki, Dövlət Statistika Komitəsi Moldova ilə bağlı məlumatları təhrif edib:

"Diqqətimi Moldovanın nəticələri cəlb etdi ki, Statistika Komitəsi orada bu rəqəmi Moldova üçün 924 götürüb. Yəni Moldovada Azərbaycandan 2 dəfə çox ürək-damar xəstəliklərinə görə ölüm var guya. 2022-ci ilin datasını tapmasam da, 2020-ci ilin datasın tapdım və bəlli oldu ki, bu rəqəm səhvdir. Deməli, 2020-ci ildə Azərbaycanda icmala görə ürək-damar xəstəliklərindən ölənlərin sayı hər 100 min adama 412 nəfər təşkil edir. Moldovada isə, 868 nəfər. Moldovanın statistikasına komitəsinə daxil olub bu rəqəmi yoxladım. Bəlli oldu ki, 2020-ci ildə Moldovada vəfat 40656 nəfər vəfat edib. Bunun 56% isə ürək-damar xəstəliklərindən vəfat edib. Yəni təxminən 22 min nəfər. Həmin ildə isə Moldovanın 4 033 963 nəfər rəsmi əhalisi olub. İndi 100 min adama hesablayanda bu rəqəm 560 edir yoxsa 868?" 

"Bu statistikanı siz əhaliyə təqdim edirsinizsə, bunu düzgün tərtib edin ki, əhaliyə yalan məlumat vermiş olmayasınız. Bunu hesablamaq nə çətin işdir ki? Yenə də, baxaq ikinci səhv statistikaya. İcmalda yazılıb ki, guya Moldovada hər 100 min adama xərçəngdən ölüm 225 düşür (2020-ci ildə) Yenə də Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, bu 2020-ci ildə Moldovada 8 351 nəfər xərçəngdən vəfat edib. Əhali sayı da yuxarıdakı kimi 4033963 nəfər. İndi hesablayın görün 100 min adama 225 düşür yoxsa 207? Bu qədər pul xərcləyib iş görürsünüz, nəticədə çıxardığınız statistika səhv çıxır. Hələ mən 2-cə dənə statistikanı araşdırıb tapmışam. Linkləri də şərhə qoyacağam, əgər komitə maraqlı olsa, özü araşdırma edər ya da bu statistikanı haradan aldığını açıqlayar", - deyə Sübhan Həsənli qeyd edib. 

Statistika Komitəsi: "Hesablamaların aparılması müxtəlif səbəblərdən yanlışlığa səbəb ola bilər"

Dövlət Statistika Komitəsinin mətbuat katibi Tünzalə Qarayeva məsələyə reaksiya verib. 

O bildirib ki, komitə məlumatları başqa ölkələrin rəsmi statistikalarına əsaslanaraq əldə edir: "Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi başqa ölkələrə dair statistik məlumatları rəsmi mənbələrdən əldə edir və hər hansı hesablama aparmır. Belə hesablamaların aparılması müxtəlif səbəblərdən yanlışlığa səbəb ola bilər. Hətta bütün ölkələr üzrə belə hesablamaların aparılması fiziki olaraq da mümkün deyil. Məsələn, istinad etdiyiniz ölkə üzrə əhalinin sayında və adambaşına hesablanan göstəricilərdə bir sıra hallarda Dnestryanı ərazi vahidi üzrə əhali sayı ümumi saya daxil edilmir və s".

"Siz özünüz də əhalinin sayı ilə bağlı Moldova Statistika Bürosunun saytına daxil olsanız, bunun şahidi olacaqsınızHaqqında bəhs etdiyiniz məlumatların mənbəyi MDB Dövlətlərarası Statistika Komitəsinin "MDB regionunda Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin monitorinqi” adlı rəsmi nəşridir (səhifə 42). Linki Sizə təqdim edirik", - deyə komitə rəsmisi vurğulayıb. 

Bundan sonra hüquqşünas növbəti statusunda komitənin məsələni onunla müzakirə etdiyini vurğulayıb, həmçinin hesablamanın metodologiyası ilə bağlı yanlışlıqları qeyd edib