"Azərbaycana 600 milyon dollar ayrılmayıb, amma..." - Ekspertlərdən şərh

19-11-2016 16:54 / Bu xəbər 2053 dəfə oxundu

"Beynəlxalq kredit qurumları Azərbaycanda Vətəndaş Cəmiyyətinin durumu ilə bağlı vəziyyəti ilkin şərt kimi qoyurlar”. 

Bunu Toplum Tv-yə iqtisadçı ekspert Azər Mehdiyev "Asiya İnfrastruktur İnvestisiya Bankı"nın (AİİB) Azərbaycana 600 milyon dollar vəsaiti ayırması ilə bağlı məsələni şərh edərkən deyib. 

Azər Mehdiyev: "Vəsait ayrılmayıb, söhbət danışıqlara başlamaqdan gedir" 
Похожее изображение
Onun fikrincə, "Asiya İnfrastruktur İnvestitsiya Bankı"nın Azərbaycana 600 milyon dollar vəsait ayırması hələ reallaşmayıb, sadəcə, bankla danışıqlara başlamaq imkanının yaranmasından söhbət gedir: "İndiki halda burada, sadəcə, danışıqlara başlamaq imkanından söhbət gedir. Bankdan bildiriblər ki, Dünya Bankı ilə bərabər, "Tanap", "Tap" layihəsinin maliyyələşdirilməsində iştirak edə bilərik. Bu istiqamətdə gələn ilin martından danışıqlara başlanılacaq. Qeyd olunan vaxt da Azərbaycan hökumətinə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün İdarə heyəti tərəfindən verilən müddətə uyğun gəlir. Yəni bu onu göstərir ki, "Asiya İnfrastruktur İnvestitsiya Bankı" da prosesləri Dünya Bankı ilə əlaqələndirir. Onların bu qərarları vermək üçün müzakirəyə başlamaq vaxtı məhz Azərbaycanın Vətəndaş Cəmiyyətinin durumunu yaxşılaşdırmaqla bağlı üzərinə götürdüyü öhdəliklərin başa çatma müddətinə uyğun gəlir. Əminəm ki, indiki halda "Avropa Yenidənqurma İnkişaf Bankı" və Dünya Bankı kimi, "Asiya İnfrastruktur İnvestitsiya Bankı" da öz investitsiya siyasəti bu qrumlarla əlaqələndirəcək. Bu qrumlar da Azərbaycanda Vətəndaş Cəmiyyətinin durumu ilə bağlı vəziyyəti ilkin bir şərt kimi qoyurlar”.

İlham Hüseynli: "Hökumət ciddi düşünməlidir"

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü, iqtisadçı ekspert İlham Hüseynli isə Toplum.Tv-yə bildirib ki, AİİB hökumətlə işləməkdə maraqlıdır: "Bizim ictimaiyyətdə də tez-tez vurğulanır ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündə Azərbaycanın statusunun gələcəyi beynəlxalq qrumlardan kedit almaq imkanları ilə bilavasitə bağlıdır. Amma mən deyərdim ki, bu bağlılıq birbaşa deyil. Təbii ki, əsasən  dünya çapında olan ciddi böyük maliyyə qrumları ölkəyə, hansısa bir dövlətə, müştəriyə böyük səviyyədə qrant verəndə müəyyən kriteriyaları olur ki, hansı şərtlərlə verilir və ya hansı şərtlər onlar üçün qırmızı xəttdir". 
Картинки по запросу İlham Hüseynli
""Asiya İnfrastruktur İnvestitsiya Bankı" bu hökumətlə birgə işləməkdə maraqlı olduğunu göstərir. Ona görə də onların Azərbaycan hökumətinə bu səviyyədə müəyyən kredit verməsi gözləniləndir. Sadəcə olaraq, onların Azərbaycana verdiyi kreditdən sonra vətəndaş cəmiyyətinə qarşı münasibətdə hər hansı arxayınçılıq yaradacağı sual doğurur. Hesab edirəm ki, bu arxayınçılıq olmamalıdır. Onsuz da Azərbaycan hökumətinin yanaşması odur. Amma onlar da bilir ki, ümumiyyətlə, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə üzv olmaq  piaritet, yəni burada çalışan dünya brendi olan korporasiyaların, neft şirkətlərinin də marağında olan məsələdir. Fikrimcə, onlar da istəyəcək ki, bu təşəbbüsun Azərbaycandakı mövqeyi möhkəmlənsin. Amma beynəlxalq idarə heyyəti tərəfindən onların üzərinə qoyulan tapşırıqları yerinə yetirəcəkmi,  bu, artıq hökumətin özündən asılıdır. Əlbəttə ki, vətəndaş cəmiyyətinə həssas yanaşılmalı, problemləri həll olunmalıdır. Təkcə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsündə təmsil olunan QHT koalisiyanın üzvləri üçün yox, Azərbaycanın vətəndaş cəmiyyətinin əsas atributları olan qrumlara, siyasi partiyara münasibət qanunvericilik səviyyəsində dəyişilməlidir. Onlara qarşı sivil münasibət olmalıdır və konkret olaraq hər iki beynəlxalq təşəbbüsün fəlsəfəsində bir dioloq məsələsi var. Yəni vətəndaş cəmiyyəti, şirkətlər hökumət arasında dialoq. İndiki zamanda bunun sivil şəkildə həll olunmasının başqa alternativi yoxdur. Hökumət bu barədə ciddi düşünməlidir", - İlham Hüseynli bildirib. 

Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Transanadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə bankdakı mənbə məlumat verib.

Bankdan verilən məlumata görə, bu kredit resursları "Cənub qaz dəhlizi” QSC-yə ayrılacaq.

Xatırladaq ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın "Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.

Gülzar Məmmədli