Əli Kərimli “Azercell”i məhkəməyə verib

Əli Kərimli “Azercell”i məhkəməyə verib

28-04-2020 23:49 / Bu xəbər 773 dəfə oxundu

AXCP sədrinin həyat yoldaşı da iddiaçıdır

AXCP sədri Əli Kərimli telefon və internet rabitəsinin məhdudlaşdırılmasıyla əlaqədar Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. 

Ə.Kərimli iddia ərizəsində rabitə və internet xidməti üçün istifadə etdiyi "Azercell Telekom” və "SAZZ” provayderinin daxil olduğu "AzQTel” şirkətlərini cavabdeh qismində qoyub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adı isə bu işdə üçüncü şəxs qismində keçir.

İddia ərizəsi aprelin 21-də məhkəməyə təqdim olunub.

Ə.Kərimlinin özü ilə yanaşı, həyat yoldaşı Samara Seyidova da iddiaçıdır. Çünki onun istifadəsində olan mobil telefonun da rabitə və internetinin məhdudlaşdırıldığı bildirilir.

AXCP sədrinin sözlərinə görə, aprelin 13-dən axşam saat 22 radələrindən həm özünün, həm də onunla eyni mənzildə yaşayan ailə üzvlərinin rabitə və internet imkanları məhdudlaşdırılıb. Ə.Kərimli o vaxtdan davam edən bu məhdudiyyətin texniki məsələ və ya tə təsadüf olmadığını, siyasi məqsədlərdən qaynaqlandığını düşünür. 

Məhkəməyə təqdim etdiyi iddia ərizəsində də bunu vurğulayıb, son 20 gündə köməkçiləri və rəhbərlik etdiyi partiyanın fəallarının həbsinin də eyni dövrə təsadüf etməsini xatırladıb.

Ə.Kərimli iddia ərizəsində qeyd edib ki, xüsusi karantin rejimi dövründə özü və ailə üzvlərinin rabitə, internet imkanlarını məhdudlaşdırmaqda, onları faktiki ev dustağı vəziyyətinə salıblar.

AXCP sədri və xanımının iddia tələbi budur ki, məhkəmə baş verənlərin İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 3, 8, 10, 14 və 18-ci maddələri ilə təminat verilən pis rəftara məruz qalmamaq, özəl həyata hörmət, ifadə azadlığı, bərabərlik, siyasi motivlərlə təqiblərə məruz qalmamaq hüquqlarının pozuntusu olduğunu təsdiqləsin.

"Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya isə Meydan TV-yə bildirib ki, şirkət siyasi mövqeyinə görə abunəçilər arasında fərq qoymur: "Abunəçilərin hamısına eyni münasibət göstəririk. Bizim üçün nə irqi, nə milli, nə də dini mənsubiyyətin fərqi var. Hamısına eyni səviyyədə xidmət göstəririk. Əgər abunəçinin nömrəsində hər hansı məhkəmə çəkişməsi və ya nömrənin fəaliyyətinə çətinlik yaradan faktorlar yoxdursa, "Azercell”in nömrəni bağlamaq üçün heç bir səbəbi yoxdur”.///Meydan.Tv