Azərbaycanda internet azaddırmı? - Beynəlxalq təşkilatın hesabatına reaksiya

Azərbaycanda internet azaddırmı? - Beynəlxalq təşkilatın hesabatına reaksiya

16-11-2016 01:31 / Bu xəbər 1787 dəfə oxundu

""Freedom House” tərəfindən Azərbaycanın dəhşətli ölkə kimi göstərməsi qərəzli xarakter daşıyır. Çünki digər ölkələrlə müqayisədə Azərbaycanda kütləvi şəkildə həbslər müşahidə olunmur". 

Bunu Toplum.Tv-yə deputat Fazil Mustafa "Freedom House" təşkilatının internet azadlığına dair hesabatında Azərbaycanı "qismən azad" ölkələr siyahısına salmasına münasibət bildirərkən deyib. 
Deputat Azərbaycanda internetin tamamilə azad olduğunu deyib. Onun sözlərinə görə, "Freedom House” insan haqları təşkilatının Azərbaycanı dəhşətli ölkə kimi göstərməsi düzgün deyil: "Bir-iki nəfər mətbuatdakı və ya siyasi fəaliyyətinə görə hansısa formada təcrid oluna bilir. Amma bunun kütləvi şəkildə baş verdiyini demək olmaz. Buna görə də, Azərbaycan müəyyən dərəcədə azad ölkələr siyahısında olmalıdır, çünki müxalifət və mətbuat fəaliyyət göstərir, müəyyən dərəcədə fərqli fikir səsləndirilə bilir, sosial şəbəkələr azad şəkildə istifadə olunur, internet mediası açıqdır. Bu keyfiyyətlərə görə, "Freedom House” təşkilatının yanaşması mübahisə doğurur. İndiki şərtlərdə Azərbaycan daha çox insan haqları məsələlərinə yox,  təhlükəsizlik məsələsinə diqqət yetirdiyi üçün bu kimi problemlər yaşanır. Təhlükəsizliyə diqqət yetirməsək, ölkə xaosun içində ola bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan  müəyyən dərəcədə təhlükəsizlik maraqlarını önə çəkməklə özünün dövlət müstəqilliyini, suverenliyini və ölkənin təhlükəsizliyini qorumaq üçün daha doğru addımlar atır. Amma insan haqlarına da önəm verilməlidir. Hesab edirəm ki, səslənən fikirləri də nəzərə almaq lazımdır və onları ortadan qaldırmaq lazımdır". 

Media hüququ üzrə ekspert Xalid Ağəliyev isə Toplum.tv-yə açıqlamasında qeyd edib ki, dəfələrlə internetdə ifadə azadlığından istifadəyə görə, həbslər baş verib: "İnternet Azərbaycanda tənqidi fikir, düşüncə, ideyaların sərbəst yayıla bilməsi üçün yeganə platformadır. Ona görə də Azərbaycanda internetin tam azad olmadığını demək doğru olmazdı. Ancaq Azərbaycanda internet azadlığından istifadənin ciddi riskləri də var. Bu platformada ifadə azadlığından istifadə bəzi hallarda ciddi təhlükələr də yarada bilər. Təcrübədə dəfələrlə olub ki, internetdə ifadə azadlığından istifadəyə görə, həbslər, basqılar, hədələnmələr olub. Digər tərəfdən internet azadlığını tənzimləyən qanunlar problemlidir. Azərbaycanın böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv edilməsi ilə bağlı öhdəliyi var. Ancaq Cinayət Məcəlləsi internetdə böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutur. Bütün bunlara görə də Azərbaycanda internetin tam azad olduğunu da demək olmaz".
"Məncə, qismən azadlıq Azərbaycanda internetin azadlığına verilən dürüst qiymətdir. Ancaq mütləq nəzərə alınmalıdır ki, bu, nisbi azadlıqdır. Bu azadlıq hər an basqılara məruz qala bilər. Həm qanunvericilik, həm də praktika belə nəticəyə gəlməyə əsaslar verir", - ekspert bildirib. 

Qeyd edək ki, "Freedom House" beynəlxalq insan haqları təşkilatının araşdırması indi dünyanın daha çox ölkəsində sosial media və kommunikasiya tətbiqetmələrinə (applikasiyalarına) hücumların həmişəki ilə müqayisədə xeyli artığını üzə çıxarıb. 

"Facebook" və "Twitter" kimi sosial şəbəkələrin  əvvəlki illərdə də senzurayla üzləşdiyi bəlli idi. İndi isə "WhatsApp" və "Telegram" kimi tətbiqetmələr də hökumətlərin hədəfinə tuş gəlir.
Image result for
"Bu xidmətlər informasiyanın daha sürətlə yayılmasına, istifadəçilərin bir-biriylə tez və təhlükəsiz bağlantısına imkan verir, hakimiyyətin informasiya axınına nəzarətini çətinləşdirir və beləliklə, hökumətə təhlükəyə çevrilir". 

"Freedom House" təşkilatının internetdə azadlıq məsələləri üzrə direktoru Sanja Kellinin sözlərinə görə, bu xidmətlər informasiyanın daha sürətlə yayılmasına, istifadəçilərin bir-biriylə təhlükəsiz bağlantısına imkan verir, hakimiyyətin informasiya axınına nəzarətini çətinləşdirir və bununla da, hökumətə təhlükəyə çevrilir.

Bunu da qeyd edək ki, 100 ballıq qiymətləndirmədə Azərbaycan 57 balla "qismən azad" ölkələrin siyahısına düşüb. Keçən il Azərbaycanın qiyməti nisbətən yaxşı idi – 56 bal almışdı.

Alya