"Azərbaycanda nə iqtisadiyyat var, nə iqtisadi məntiq" - Natiq Cəfərli
08-04-2017 14:22 / Bu xəbər 3704 dəfə oxundu
Son günlər dolların ucuzlaşması insanlar arasında çaşqınlıq yaradıb.
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərlidən müsahibə aldıq.
Ekspertin Toplum.Tv-yə müsahibəsini təqdim edirik:
- Natiq bəy, son günlər dollar ucuzlaşmağa doğru gedir. Sizcə, bu proses nə qədər davam edəcək?
- Dünyada iqtisadi məntiqə uyğun olaraq dollar bahalaşır. Azərbaycanda isə iqtisadiyyat və iqtisadi məntiq yoxdur. Heç bir fundamental səbəb olmadan dolların ucuzlaşması prosesi baş verirsə, bu, dünyada gedən proseslərə paralel deyilsə, deməli, süni bir prosesdir. Çünki bunun əsas səbəbi də Mərkəzi Bankın manat dövriyyəsini zəiflətməsidir. Yəni iki dəfədən çox nəğd manat kütləsini bazardan yığıb. Keçən il 11.9 milyard manat dövriyyədə pul var idisə, bu il cəmi 6 milyarddan bir az çox pul var. Yəni bu Mərkəzi Bankın özünün bilərəkdən apardığı siyasətdir ki, nəğd manat az dövriyyədə olsun və valyutaya təlabat bu yolla azalsın. Buna müvəqqəti nail olsalar da, bu iqtisadi aktivliyə çox ziyan vurur. Artıq bankların vəziyyyətinin çox ağır olduğunu, iqtisadiyyatda kreditləşmənin apara bilmədiklərini, verdikləri kreditləri yığa bilmədiklərini artıq hamı etiraf edir. Hətta Milli Məclisdə bununla bağlı müzakirə olub. Bankların xilas olması haqda danışılıb. Yəni söhbət təbii prosesdən getmir. Hələ ki Azərbaycanda baş verən proses süni yolla məzənnənin aşağı çəkilməsi prosesidir ki, bu da iqtisadi aktivliyə zərər vurmaq hesabına başa gəlir.
- Demək istəyirsiniz ki, dollar yenidən bahalaşacaq?
- Əslində, Azərbaycanda yanvar ayı ilə bu günün parametrləri arasında heç bir dəyişiklik yoxdur. Rəsmi məzənnə yanvarda 1.92-yə qədər bahalaşmışdı. İndi dəyişən heç nə yoxdur. Heç bir iqtisadi parametr dəyişməyib, əksinə, problemlər çoxalıb. Çünki bizdə neftin hasilatı və ixracatı azalıb. Ceyhan limanında 3 ay ərzində ixracat təqribən 17/18 faiz azalıb. Yəni geriləmə prosesi baş verib. Amma məzənnə 1.70-ə qədər ucuzlaşıb. Deməli, iqtisadi əsası olmadığına görə bir müddət sonra Mərkəzi Bank da, hökumət də anlayacaq ki, bu yolla valyutanın məzənnəsini aşağı salmaq və aşağı səviyədə saxlamaq iqtisadiyyata məzənnənin yuxarı olmasından daha çox zərər vurur. Ona görə də çox guman ki, bir müddət sonra bu siyasət dəyişdiriləcək. Amma burada bir parametr də var. Azərbaycanda banklar çox ağır vəziyyətdir. Banklara kömək məqsədi ilə banklara dollar əməliyyatlarından pul qazanmaqda kömək məqsədi ilə çox guman ki, bu addımlar atılır. Novruz bayramında Azərbaycana təqribən 30 minə yaxın turist gəlmişdi. Bu da bankların turistlərdən daha ucuz dollar almağına səbəb oldu. Qarşıda İslam oyunları başlayır. İslam oyunlarından sonra "Formula 1" yarışları olacaq. Yəni bu iki-üç ay ərzində ölkəyə turist axınının çox güclənməsi gözlənilir. Çox guman ki, bu tədbirlər bitdikdən sonra artıq Mərkəzi Bank süni şəkildə dolların aşağı çəkilməsinə son verməyə məcbur olacaq. Artıq bu oyunlardan və idman yarışlarından sonra çox guman ki, dolların məzənnəsində yenidən yüksəliş görəcəyik. Əslində neftin qiyməti qalxmasa (çox guman ki, də qalxmayacaq) hətta ucuzlaşma ehtimalı da var. İlin sonuna yenidən dolların yenidən maksimal səviyyəyə çatmasını, 1.95ə qədər artmasını görə bilərik.
- Sizcə, insanlar öz pullarını manatda saxlasınlar, yoxsa dollara yatırsınlar?
- Azərbaycanda əgər biri dolları manata çevirdikdən sonra o manatla heç bir iş görməyəcəksə, bir yerə xərcləməyəcəksə, evində və yaxud bankda saxlayacaqsa, bunun şəxsə və iqtisadiyyata necə bir təsiri ola bilər ki? Yəni dünyada gedən proseslər onu göstərir ki, dolların bahalaşma prosesi daha da güclənəcək. Ona görə də təbii ki, Azərbaycan manatına son vaxtlar güvənsizlik yaranıb. Yəni manatın vəsaitini saxlamaqdansa, xarici valyutalarda saxlamaları daha məqsədəuyğundur. Pullarının bir hissəsini dollarda, bir hisssəsini isə avroda saxlasalar, daha yaxşıdır. Çünki avro və dollar məzənnəsinin bir-birinə qarşı olan itki və qazanclarında heç nə itirməyəcəklər.
Hikmət Paşa