Azərbaycanın “güləşçi”, “boksçu”, “basketbolçu” nazirləri

Azərbaycanın “güləşçi”, “boksçu”, “basketbolçu” nazirləri

17-01-2022 17:44 / Bu xəbər 1599 dəfə oxundu

Federasiyalardan hesabatı kim soruşacaq?

Bir neçə ay əvvəl Azərbaycanın Gənclər və İdman Nazirliyində (AGİN) yeni təyinat gerçəkləşdi. 

Fərid Qayıbov AGİN-in yeni naziri kimi ictimaiyyətə təqdim olundu. O, bu postda ağır xəstəlikdən sonra vəfat edən Azad Rəhimovu əvəz etdi.

Uzun müddət Azərbaycan Gimnastika Federasiyasının baş katibi kimi çalışan Qayıbovun gənclər və idman naziri postuna gətirilməsi haqda mətbuatda kifayət qədər yazılıb, fikirlər səsləndirilib. 

Yeni nazirlə bağlı fikirləri ümumiləşdirsək, mənzərə təxminən belədir: gəncdir, işləməyə həvəslidir, Azərbaycan idmanını inkişaf etdirmək üçün potensialı var. Amma bir "əmma” var. 

Qayıbov tək deyil, Azərbaycanda müxtəlif idman növləri, federasiyalar nazirlər, iriçaplı məmurlar arasında bölüşdürülüb. O nazirlər, məmurlar ki, hər şeyləri ilə gənclər və idman nazirindən bir neçə dəfə ağır gələrlər.

Məsələn…

Ağır atletikanın "ağır adam”ı

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti mübaliğə olmasın, bineyi-qədimdən Cahangir Əsgərovdur. Həmin Cahangir Əsgərov ki, ölkənin səmasında quş uçsa, ondan icazə almalıdır. 

Əsgərov "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentidir, kifayət qədər "ağır” biridir. İdmanın ağır atletika növündə nəsə problem, ya da hansısa uğur varsa, arxasında Əsgərov dayanır. Gənclər və idman naziri nəinki Cahangir Əsgərovun "ştanq”ını qaldıra bilməz, onun icazəsi olmadan ağırlıqqaldırma üzrə yarışların keçirildiyi zala da girə bilməz.

Vilayət Eyvazovun atıcıları

Ötən ilin dekabr ayında Azərbaycan Atıcılıq Federasiyasında hesabat-seçki konfransı keçirildi və daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov federasiyanın yeni prezidenti "seçildi”. 

Bundan sonra Azərbaycanda bu idman növünə əsas cavabdeh şəxs daxili işlər naziridir. Düşünün, sabah bu idman növü üzrə beynəlxalq yarış keçirilsə və Azərbaycan idmançıları həmin yarışda rüsvayçı nəticələrə imza atsalar, federasiya rəhbərliyindən kim hesabat istəyəcək? Fərid Qayıbov? Güldürməyin adamı…

"Güləşçi” Cabbarov, "boksçu” Heydərov və başqaları

Bir sözlə, Fərid Qayıbovun işi göydə Allaha, yerdə nazirlərə qalıb. Azərbaycanda sanballı, nisbətən populyar olan idman növlərinin demək olar, hamısı nazirlərə, məmurlara tapşırılıb. Ölkənin təhsil naziri Emin Əmrullayev həm də, Azərbaycan Basketbol Federasiyasının prezidentidir. Deyəcəksiz, təhsil hara, basketbol hara? Bəs onda fövəqəladə hallar naziri, general-polkovnik, təbi gələndə şeir də yazan Kəmaləddin Heydərovun boksda nə işi var? 

Milli Məclisin keçmiş sədri, Azərbaycan Tennis Federasiyasına rəhbərlik edən Oqtay Əsədov ömründə bir dəfə də olsun, tennis oynayıbmı? Ölkədə həndbol idman növünə cavabdehlik daşıyan, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu kimsə bir dəfə də olsun həndbol oynayan görüb? Bəlkə, iqtisadiyyat naziri Mikayıl Cabbarov keçmiş güləşçidir, xəbərimiz yoxdur? 

Hələ Velosiped İdmanı Federasiyasına rəhbərlik edən müdafiə sənayesi naziri Mədət Quliyev, Atçılıq Federasiyasının başında dayanan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi demirəm. Hələ bunun futbolun "f” hərfinə də dəxli olmayan Rövnəq Abdullayevi var. Azərbaycan futbolunun üzünü neft kimi qara edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev.

Gülümsəyin, cənab nazir, gülümsəyin

İdman sahəsini, müxtəlif federasiyaları nazirlərə, məmurlara calaq etməklə uğur gözləmək sadəlövhlükdür, özünü aldatmaqdır. Ola bilsin ki, zaman-zaman hansısa idman növündə uğur əldə edilsin. Ancaq bu, müvəqqəti, anlıq olacaq. İstənilən sahəni inkişaf etdirmək üçün islahatlar aparılmalı, strategiya, plan tərtib edilməlidir. Bu nazirlərdən, məmurlardan hansının buna vaxtı və həvəsi olacaq? Hər şey bir yana, axı bu nazirlər, məmurlar rəhbərlik etdikləri idman növləri haqda heç bir savada, bilgiyə sahib deyillər.

Hə, bu nazirlər, məmurlar da AFFA prezidenti Rövnəq Abdullayev kimi, rəhbərlik etdikləri idman növünü Elxan Məmmədov kimi birinə tapşırıb, özləri kənarda dayana bilərlər. Amma Rövnəq Abdullayev-Elxan Məmmədov tandeminin Azərbaycan futbolunu nə günə qoyduğu da göz önündədir.  

Fərid Qayıbov tez-tez müxtəlif idman növləri üzrə federasiyalara baş çəkir, rəhbərliklə, idmançılarla görüşür, pozlar, vədlər verir, gülümsəyir, şəkillər çəkdirir və sair və ilaxır. Bura kimi hər şey yaxşıdır. Amma bundan sonrası daşın qayaya rast gəlməsi məsələsidir. Siz elə görüşlər keçirin, şəkillər çəkdirin, gülümsəyin, cənab idman və gənclər naziri, sonrasına Allah kərimdir.

Mənbə: Meydan TV