Gürcüstan millisinin baş məşqçisi sensasiyanı şərh etdi
27-06-2024 15:44 / Bu xəbər 1468 dəfə oxundu
Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-də Portuqaliya üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
"Qol.az" xəbər verir ki, onun komandası bu qələbə sayəsində turnirin 1/8 finalına adlayıb.
Mütəxəssis görüşdən sonra açıqlamasında oyunçuları ilə fəxr etdiyini deyib: "Düzünü desəm, matçdan əvvəl futbolçularıma nə dediyimi xatırlamıram. Amma verdiyim mesaj meydanda öz futbolumuzu göstərmək idi. Topla oynamayanda nizam-intizamı qorumaqlarını və topu alanda isə hücuma çıxmaqlarını istəmişdim. Onları 16-17 yaşlarında necə oynadıqlarını xatırlamağa təşviq etdim. Və bu gün futbolçularımız bütün gözləntiləri aşaraq bunu parlaq şəkildə etdilər.
"Kiçik” komanda olanda itirəcək heç nəyinin olmadığını başa düşürsən. Turnirdən əvvəl danışdığımız yeganə şey ondan ibarət idi ki, sonradan istədiyimiz futbolu oynamadığımıza və çempionatdan lazım olan qədər həzz almadığımıza görə peşman olmayaq. Çiyinlərimdə heç bir yük yoxdur. Bizim yeganə vəzifəmiz Gürcüstan xalqının öz oyunçuları ilə fəxr etməyinə şərait yaratmaq idi. Düşünürəm ki, biz bunu ən yaxşı şəkildə yerinə yetirdik”.
Gürcüstan yığması 1/8 finalda İspaniya ilə qarşılaşacaq.