Azərbaycanın pensiya sistemində 20 il davam edən eksperimentlər
18-11-2024 13:11 / Bu xəbər 216 dəfə oxundu
Pensiya hüququ qazana bilməyən yaşlı əhalinin sayı sürətlə artır
Son 20 ildən artıq bir müddət Azərbaycan hökumətinin pensiya sistemi üzərində ekspermentləri ilə keçdi. "Ayının min oyunu bir armudun başında” olduğu kimi bu ekspermentlərin də bir hədəfi vardı: pensiya hüququ qazananların sayı və pensiya ödənişinə xərclənən vəsaitlərin məbləği mümkün qədər az olsun. Çünki hökumət neft pullarının yaratdığı rahatlığın bir mərhələdə başa çatacağını, həmin dövrdə kütləviləşən sosial narazılıqlar fonunda pensiya sistemində bu ekspermentlərin mümkün olmayacağını həmişə diqqətdə saxlayıb.
Proses tədricən aparılıb: fasilələrlə pensiya yaşı, pensiyaya çıxmaq üçün tələb olunan əmək fəaliyyəti illərinin sayı artırılıb.
Ölkədə pensiya yaşının artırılmasına ilk dəfə 2005-ci ildə start verildi və o zaman pensiyaya çıxmaq üçün yaş həddi kişilər üçün 60-dan 61-ə, qadınlar üçün isə 55-dən 56-ya qaldırıldı.
Bir müddət fasilə verilsə də, 2010-cu ildən bu prosesə yenidən davam etdirildi. Hazırkı dövrə pensiya yaşı qadınlar üçün 64, kişilər üçün 65-dir. Qanunvericliyə görə, artıq 2026-cı ildən qadınlar üçün də pensiya yaşı 65-ə çatdırılacaq, hər 2 qrup üzrə bərabərləşmiş olacaq.
2017-ci ildə qanunvericiliyə edilən dəyişikliyə əsasən, pensiyaya çıxmaq üçün tələb olunan əmək stajı da 12 ildən 25 ilə çatıdırıldı. Pensiya yaşına çatan şəxslərin fərdi sığorta hesabındakı toplanan kapital minimum məbləğdə pensiya təyinatına imkan vermirsə, mütləq 25 illik əmək stajı olmalıdır.
Hər 2 tələbi ödəməyən şəxslər üçün ahıllığa görə aylıq sosial müavinət təyin edilir. Həmin müavinətin məbləği isə bir qayda olaraq minimum pensiyadan xeyli aşağı olur. Məsələn, hazırda ahıllıq müavinətinin məbləği 220 manat, yaxud minumum aylıq pensiyanın 78 faizi qədərdir.
Dünyada və Azərbaycanda pensiya yaşı
Azərbaycan məmurları pensiya yaşının artırılması üçün dünyada olan müxtəlif təcrübələri əsas arqument kimi göstərirlər. Doğrudan da xeyli sayda inkişaf etmiş ölkə var ki, həmin ölkələrdə pensiya yaşı 65, hətta bəzi ölkələrdə 67 yaş müəyyən edilib. Məsələn, pensiya yaşı Danimarka, Finlandiya və Yeni Zelandiyada 65, Nideraland, İrlandiya və Almaniyada 66, Norveç, İtaliya və İslandiyada 67 il müəyyən edilib. Amma bu siyahıya baxanda onların hamsının istisnasız olaraq inkişaf etmiş ölkələr olduğu aydın görünür. Həmin ölkələrdə pensiya yaşının yüksək olmasının bir sıra obyektiv səbəbləri var.
Əvvəla, insanların ömrü daha uzundur. Ömür uzunluğu ona görə əhəmiyyətli göstəricidir ki, pensiya yaşı yüksək olsa da, insanlar daha uzun müddətə pensiya ala bilir. Məsələn, insanların orta hesabla 80-85 il yaşadığı olkə ilə 70-75 il ömür müddəti olan ölkənin eyni pensiya yaşı müəyyənləşdirməsi vətəndaşların sosial hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu, o deməkdir ki, uzun illər pensiya fondlarına məcburi ayırmalar edən insanların əhəmiyyətli hissəsi ya pensiya yaşına çatmadan vəfat etdiyi üçün ümumiyyətlə pensiya ala bilmir, ya da pensiyaya çıxdıqdan qısa müddət (maksimum 3-5 il) sonra vəfat etdiyi üçün uzun illər ödədiyinin çox az hissəsini pensiya şəklində geri ala bilir.
Dünya Bankının ən son statistikasına görə, Azərbaycanda doğulanda gözlənilən orta ömür uzunluğu 73 il təşkil edir (hərçənd ki, Azərbaycanın yerli statistikası bu rəqəmi Dünya Bankından daha yüksək- 76 il göstərir). Lakin yuxarıda adıçəkilən ölkələrin hər birində 80 il və daha çoxdur.
Məsələn, Almaniya, Danimarka və Finlandiyada 81 il, İslandiya və Niderlandda 82 il, İtaliya, İrlandiya, Norveç və Yeni Zelandiyada 83 il təşkil edir. Yəni bu ölkələrin hər biri ilə Azərbaycanın doğulanda orta ömür uzunluğu göstərici arasında az qala 10 il fərq var.
Dünya Bankı.
Mənbə: Kristi Blokhin
İnkişaf etmiş ölkələrdə pensiya yaşının müəyyən edilməsi üçün daha mühüm bir göstərici 65 yaşına çatmış insanlar üçün gözlənilən orta ömür uzunluğudur. Bu, həmin yaşa çatan insanların orta hesabla nə qədər yaşaya bildiyini göstərir.
Təəssüf ki, yerli statistika bu göstəricini hesablamır. Lakin BMT-nin Avropa üzrə İqtisadi Şurasının ən son hesabatında 47 ölkə arasında Azərbaycanla da bağlı məlumata rast gəlmək mümkündür.
Azərbaycan 65 yaşda insanların gözlənilən orta ömür uzunluğuna görə 47 ölkə içərisində 36-cı yerdə qərarlaşıb. Ən yüksək göstəriciyə malik Avropa ölkələrində ahıllıq yaşına çatmış insanların orta yaşama dövrü 21-22 il təşkil edir.
Azərbaycanla bərabər son sıralarda qərarlaşan ölkələrin demək olar ki, hamısı keçmiş SSRİ respublikalarıdır və qeyd olunan göstərici 13 il ətrafındadır. Bu göstəricinin də səviyyəsinə görə, Azərbaycan inkişaf etmiş ölkələrə 8-10 il uduzur.
Keçid ölkələrində pensiya daha aşağıdır. Məsələn, pensiya yaşı Rusiya və Gürcüstanda kişilər üçün 65 il olsa da, qadınlar üçün 60 il, Qazaxıstanda 63 il, Ukrayna, Belarus və Özbəkistanda 60 ildir.
Beləliklə, inkişaf etmiş ölkələrdə pensiya yaşının artırılması üçün əsas istinad nöqtəsi olaraq orta ömür uzunluğu göstəriciləri götürülür. Məhz bu göstəricilərdə baş verən artımlar pensiya yaşının dəyişdirilməsi üçün hüquqi əsaslandırma kimi çıxış edir.
Pensiya yaşı.
Foto: Hyejin Kang
Pensiya yaşının müəyyən edilməsi üçün ən mühüm meyarlardan biri insanların, xüsusən 55-60 yaşı ötmüş şəxslərin əmək bazarında iş tapmaq imkanlarının mövcudluğudur. Azərbaycanda gənc insanların belə layiqli əmək şərtlərilə iş tapması böyük problemdir.
Yaşlı, pensiyaqabağı yaşda insanların iş tapmaq imkanları isə ümumiyyətlə məhduddur və əksər hallarda sahibkarlar bu yaşda insanları işə götürməyə maraq göstərmirlər.
Bir maraqlı məqamı da mütləq qeyd etməyə dəyər: nisbətən yüksək yaşda pensiyaya çıxmaq hüququ müəyyən edilən ölkələrdə istənilən şəxsə 1-3 il intervalında erkən pensiyaya çıxmaq hüququ verilir. Bu hüquqdan xüsusilə o şəxslər istifadə edir ki, həmin yaşda işini itirir və yeni iş tapmaq şansı az olur.
Yaxud uzunmüddəli iş rejimində ağır yorğunluğa məruz qalır və sağlamlığını bərpa etməyə ehtiyac yaranır. Məsələn, Çexiyada erkən çıxış hüququndan istifadə edildiyi halda, pensiyaya erkən çıxılan hər il üçün normal yaşda qazanılacaq pensiyadan 6 faiz kəsilir. Amma bu hüquqdan istifadə üçün həmin şəxsin ən azı 35 il fasiləsiz iş stajı olmalıdır.
Ölkədə pensiya alanların sayı sürətlə azalır
Pensiyaya çıxış şərtlərinin sərtləşdirilməsi son illər ölkədə pensiya alanların sayının sürətlə azalmasına səbəb olub. Problem təkcə pensiya yaşının artırılması da deyil. Staj tələbi ödənmədikdə sığorta hesabında toplanan minimum pensiya kapitalı pensiyaya çıxmağa imkan verməlidir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, minimum kapitalın tələb olunan məbləği minimum aylıq pensiyanın 144 mislinə bərabər olmalıdır. Hazırda minimum pensiyanın 280 manat olduğu nəzərə alınsa, deməli 25 il stajı olmayan şəxslərin kapitalı 40320 manatdan az olmamalıdır. Tutaq ki, hansısa şəxsin 65 yaşı çatıb və cəmi 24 il stajı var. Bu halda 40320 manat kapitalı olmadığı üçün həmin şəxsin 24 illik stajı və pensiya ödəmələri də batacaq. Halbuki hazırkı rəsmi maaşlarla xeyli sayda insanın nəinki 24 ilə, hətta 30-35 ilə bu qədər kapitalı toplaması mümkün deyil. Məsələn, bütün şərtlər sabit (inflyasiyanın olmadığı və minimum pensiyanın məbləği eyni olduğu) qaldığı təqdirdə 24 il əmək stajı olan şəxsin hazırkı minimum pensiya kapitalını qarşılamaq üçün ayda ən azı 600 manat maaş alması lazımdır. Halbuki rəsmi statistikanın məlumatına görə, 2023-cü ildə bütün muzdlu işçilərin hər 2 nəfərindən birinin aylıq maaşı 600 manatdan aşağı olub. Hətta bütün işləyənlərin 30 faizindən çoxunun aylıq əmək haqqı 400 manata çatmır. Bu gün Azərbaycanda rəsmi maaşlar o qədər aşağıdır ki, həmin məbləğin hökumətin tələb etdiyi minimum pensiya kapitalını qarşılaması üçün aşağı məvacibli insanlar üçün azı 35-40 il zaman lazımdır. Minimum pensiya kapitalını toplaya bilməyənlərə isə avtomatik olaraq 25 il staj olduğu halda minimum pensiya təyin edilir. Onun məbləği isə yaşlı inanlara hətta yoxsul əhalinin ləyaqətli minimum yaşayış həddində yaşamasına belə yetəcək qədər deyil.
Azərbaycanda əmək haqqı.
Foto: Black Pearl Footage
Pensiya hüququ qazananların sayına gəldikdə, son 15 ilə yaxın dövrdə (2010-2024-cü illər) pensiya alanların sayı 20 faizdən çox (təxminən 160 min nəfər) azalaraq 700 min nəfərə enib. Hələ nəzərə almaq lazımdır ki, bu saydan 110 min nəfəri xüsusi şərtlərlə erkən pensiya hüququ qazanan, yaşı 65-ə çatmayan şəxslərdir. Yəni yaşa görə pensiya alan şəxslərin ən yaxşı halda 590 min nəfəri qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatan şəxslərdir. Halbuki 2010-2024-cü illərdə 64 yaşdan yuxarı əhalinin sayı az qala 2 dəfə artaraq 530 min nəfərdən 930 min nəfərə çatıb. Göründüyü kimi, analiz aparılan 14 il ərzində yaşa görə pensiya alanların sayı 160 min nəfər azaldığı halda, 64 və yuxarı yaşda əhalinin ümumi sayı 400 min nəfər artıb.
Ləyaqətli həyat şərtlərinə zəmanət verən pensiya təyinatı imkanı daraldıqca, hökumətin cüzi məbləğdə təyin etdiyi ahıllıq müavinəti alanların sayı da sürətlə artır. Məsələn, son 10 ildə həmin müavinəti alanların sayı 10 dəfədən çox artaraq 13 min nəfərdən 145 min nəfərə yüksəlib.
Foto: By Matej Kastelic
Beləliklə, hesablamalar göstərir ki, 64 və yuxarı yaşda olan ən azı 200 min nəfər insanın yaşa görə əmək pensiyası almaq hüququ olmayıb. Bu rəqəm getdikcə artacaq, çünki hazırkı yaşlı əhalinin sovet dövründən qalma əmək stajı var idi və xeyli sayda insanın aşağı məbləğlə də olsa pensiya hüququ qazanmasına bu staj yardım edirdi. Müstəqillik dövründə əmək fəaliyyətinə başlayan şəxslər üçün şərtlər daha ağırdır. Çünki sovetlər dövründə qeyri-formal məşğulluq olmadığı halda son 20 ildə ölkədə işləyən hər 2 nəfərdən biri qeyri-rəsmi çalışır. Bu, o deməkdir ki, əgər pensiyaya çıxmaq üçün hazırkı hüquqi tələblər dəyişməzsə, nisbətən cavan nəslə aid insanların hər 2 nəfərindən birinin əmək pensiyası hüququ qazanması real görünmür.
Yığım pensiya sisteminə keçid alınmadı, arada pensiya yığımları buxarlandı
2001-ci ildə ilk, 2014-cü ildə 2-ci pensiya islahatı konsepsiyası, 2009-cu ildə isə sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı qəbul edildi. Hər 3 sənəddə ölkədə yığım pensiya elementinin və könüllü yığım komponentinin yaradılması, son 2 sənəddə isə qeyri-dövlət pensiya fondlarının formalaşdırılması nəzərdə tutulsa da, son 20 ildə bunların hamısı sadəcə kağız üzərində qaldı.
Specify Caption
Mənbə: Mərkəzi Bank
Hətta 2006-cı il yanvarın 1-dən qüvvəyə minən yeni pensiya qanunu sığorta və yığım elementindən ibarət 2 hissəli pensiya sisteminin yaradılmasını nəzərdə tuturdu. Qanuna görə, hökumət ödənəbilən sığorta haqlarından hansı nisbətdə yığım, hansı nisbətdə sığorta hesabına ayrılması ilə bağlı normativ müəyyən etməli idi. Amma tam 11 il – 2017-ci ilədək vətəndaşlar yığım pensiya sisteminin yolunu gözləsə də, hökumət qanunu dəyişdi və yığım elementi üçün məcburi ayırmalara ehtiyac olmadığını bəyan etdi. Qanuna belə bir müddəa əlavə olundu ki, yığım könüllü olacaq, kim istəsə dövlət pensiya fonduna ödənişdən əlavə özəl fondlara ayırma edə bilər. O fondlar ki, onlar hələ də mövcud deyil. Yəni faktiki olaraq ölkədə yığım pensiya modeli kağız üzərində qaldı.
Amma hələ işin ən pis tərəfi bu deyil. Əsəs problem odur ki, hökumət yığım sisteminin yaradılacağını və hələ 2 element arasında nisbətin müəyyən edilmədiyini bəhanə edərək 2006-cı ildən başlayaraq işçilərin məcburi ayırmalarının yalnız 50 faizini dövlət pensiya sistemində uçota almağa başladı. Məsələn, ixtiyari işçi 200 manat ödəyirdisə, onun sığorta hesabına 100 manat köçürülürdü. Bu proses tam 11 ildən çox davam etdi və hökumət 2017-ci ilin yayında qanunu dəyişdi. Bu dəyişikliklə yığım sisteminin məcburiliyini aradan qaldırılmasına, əvəzində sığorta ödənişlərinin 90 faizinin sığorta hesabında uçota alınmasına qərar verilidi.
Həmin dəyişiklik insanların uçota alınmayan 50 faizlik sosial ayırmalarının kompensasiyasını da nəzərdə tutdu. Həmin müddəaya görə, 1 yanvar 2006-cı il və 1 iyul 2017-ci il tarixlərində fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırıldı. Lakin bu dəyişiklik məhz həmin tarixdən etibarən pensiya hüququ qazananlara şamil edildi. Məsələn, 2015 və ya 2016-cı ildə pensiyaya çıxan şəxslərin az qala 10 illik ödəmələrinin yarısı havaya buxarlanmış oldu.
Amma pensiya ekspermentləri sadəcə bunlarla da bitmədi: real olaraq kimin nə qədər qazanmasından asılı olmayaraq 2006-cı il yanvarın 1-dək olan dövr üçün hamıya ucdantutma simvolik pensiya ödənişi müəyyən edildi. Həmin mexanizmə görə, sənədlərlə sübut edilə bilən hər il üçün 2,1 manat pensiya məbləği müəyyən edilir. Məsələn, 2006-cı il yanvarın 1-dək 15 il stajı olan şəxs üçün 32 manat pensiya məbləği hesablanır. Bəlkə də aşağı maaşa çalışanlar üçün bu mexanizm sərfəli oldu, amma yüksək maaşla çalışan xeyli insanın pensiya ödənişləri külə döndü.
Lari və dollar.
Foto: Didebashvili.GEO
Azarbaycanda yalnız kağız üzərində vəd olaraq qalan həm icbari, həm də könüllü yığım pensiya modelini qonşu Gürcüstan qısa müddətdə uğurla tətbiq etdi və insanlar artıq bu sistemin bəhrəsini görməyə başlayıb. Artıq Gürcüstanda həcmi 2 milyard dollara çatan yığım portfeli var və sığorta olunanların sayı 1,5 milyon nəfəri ötür.
Qanunvericiliyə görə, illik əmək haqqı təxminən 24 000 larini (9000 dollar) ötməyən işçilər üçün icbari yığım hesabına 4 faizlik ayırmadan (2% işəgötürən+2% işçi) əlavə 2 faiz də dövlət ayırma edir. Maaşın illik məbləği 24000-60000 lari intervalında olduqda, dövlətin ayırma normativi 1 faiz təşkil edir.
Rəsmi məlumata görə, 9 min nəfərdən artıq insan yığım hesablarından istifadə edərək 30 milyon laridən artıq vəsaiti götürə biliblər. Qanunvericiliyə görə, 40 yaşa çatdıqdan sonra işçilərə pensiya fondlarını və sistemlərini seçməkdə müstəqillik verilir.
Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı bəzi Avropa ölkələri ilə müqayisədə 3 dəfə azdır
Azərbaycanda işləyən vətəndaşların məcburi pensiya sığorta tariflərinin səviyyəsi heç də ayrı-ayrı ölkələrlə müqayisədə aşağı deyil, hətta bir çox ölkəyə nisbətən daha yüksəkdir. Məsələn, Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən son məlumatlarına əsasən, icbari pensiya sığorta tarifi Avstraliyada 9,5 faiz, Avstriyada 22,8 faiz, Belçikada 16,36 faiz, Yaponiyada 21,3 faiz, Estoniyada 22 faiz, Finlandiyada 24,1 faiz, Çexiyada 28 faiz təşkil edir. Məlum olduğu kimi, hazırda Azərbaycanda muzdlu iş üçün icbari pensiya sığortası 25 faizdir.
Ümumi Daxili Məhsul.
Foto: AlexLMX
Sığorta tariflərinin səviyyəsi arasında fərq olmasa da, pensiyaların ödənliməsinə sərf olunan vəsaitlərin həcmi arasında fərq həddən artıq böyükdür. Belə ki, pensiya xərclərinin ÜDM-ə nisbəti Azərbaycanda 5 faiz təşkil etdiyi halda, Avropa ölkələrində 8-16 faiz intervalında dəyişir.
Pensiya xərclərinin azlığını pensiyaların orta aylıq məbləğindən də aydın görmək olur. 2023-cü ilin sonuna yaşa görə orta pensiyanın məbləği 372 manat təşkil edib. Bu, həmin dövrə əhalinin adambaşına gəlirlərinin cəmi 58 faizinə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu göstərici İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr üzrə 80 faiz ən yüksəkdir.
Rəsmi qurumların 2023-cü ilin noyabrında açıqladığı məlumatda isə qeyd edilirdi ki, Azərbaycanda median pensiyanın məbləği 360 manat təşkil edir. Bu, o deməkdir ki, 1.1 milyon nəfərə yaxın pensiyaçının tam yarısının (təxminən 550 min nəfər) aylıq pensiya məbləği 360 manatdan daha az olub. Öz növbəsində, 100 min nəfərdən artıq şəxsin minimum məbləğdə (280 manat) pensiya aldığı qeydə alınmışdı.
Azərbaycanda xüsusi şərtlərlə pensiya alan şəxslər daha yüksək pensiya təminatına malik olduqları üçün orta aylıq pensiya göstəricisi real mənzərəni təhrif edir. Bu baxımdan ən obyektiv göstərici median pensiya məbləğidir. Təəssüf ki, rəsmi statistika həmin göstəricini davamlı açıqlamadığı üçün illər üzrə müqayisə imkanı da yoxdur.
Eyni zamanda, minimum pensiyanın məbləği və onu alanların sayı açıqlansa da, yüksək pensiya məbləği və onu alanların sayı, pensiya məbləğinə görə pensiyaçıların sayı kimi məlumatlar tam bir dövlət sirri kimi qorunmaqdadır.
Araşdırma Meydan TV-nindir.