"Azərbaycanlılar üçün kainat puldan ibarətdir" - Seymur Baycan

11-10-2016 12:26 / Bu xəbər 3217 dəfə oxundu

Tanınmış yazıçı Seymur Baycan Qaynarinfo.Az saytına müsahibə verib. 

-  Seymur müəllim, mətbuatda yeni kitab üzərində işləməyiniz barədə məlumat yayıldı. Mümkündürsə, bu barədə bir az məlumat verərdiniz. Hekayədir, ya roman, mövzusu nədir? Nə zamandan etibarən bu kitab üzərində işləməyə başlamısınız?

- Hekayələrdir. Bəy, xan dövründən başlayır bu günə qədər,  müxtəlif dövrlərə aid bir iki hekayə yazılıb. Hər hekayənin öz təyinatı var. Məsələn, didaktik hekayə var, səviyyəsiz hekayə var, mənasız hekayə var, əvvəli və sonu olmayan hekayələr var. Artıq bir ildən artıqdır ki, bu hekayələri yazmaqdayam. Müxtəlif dövrlərin ab-havasını tutmaq və mövzu çıxarmaq üçün Azərbaycan yazıçılarının xeyli əsərlərini oxudum. Bəzən üç-dörd roman oxuyurdum, amma bir hekayənin mövzusu çıxmırdı. Bəzən də balaca bir hekayələr kitabından iki-üç hekayənin mövzusu çıxırdı. Əvvəlki hekayələrdə daha çox hiss vardı, daha çox özümdən yazırdım , bu hekayələrdə isə daha çox bədii informasiya və kolorit var. Həm də istədim ki, ədəbiyyat vasitəsi ilə bir tarix kitabı yazım. Yeni nəsilin bir çox hadisələrdən xəbəri yoxdur. Sovet zamanında nələr baş verməsindən az məlumatları var. İstədim ki, bu hekayələr vasitəsi ilə gənc oxucular (əgər varsa ) bir çox dövrün ab-havasını hiss edə bilsinlər. Elə dövrlər var idi ki, o dövrlərə aid hekayə yazmaq çətin olurdu. Məsələn, 30-cu illərə aid hekayə yazmaq çətin oldu. Əslində, bu hekayələr kitabını daha əhatəli işləmək olardı. Mən istərdim ki, bu hekayələrin sayı hardasa yüzdən artıq olsun və iki kitab şəklində nəşr olunsun. Sadəcə, şərait buna imkan vermir. 

- Kitabınızın çapı üçün maliyyə problemi olduğunu bildirmisiniz. Ümumilikdə, bu kitabın çapı üçün nə qədər xərc lazımdır? Bundan öncə də, bir neçə dəfə belə çağırışlar etmisiniz. Bu çağırışların bir faydası olurmu?

- Kitabın nəşri üçün təxminən min dollar lazımdır. Mənim üçün bu mövzuda danışmaq o qədər də asan deyil. Digər tərəfdən düşünürəm ki, vəziyyətin belə alınmasında heç bir günahın sahibi deyiləm. Gürcüstanda bir yazıçının əsəri xarici dilə dövlətin hesabına tərcümə olunur. Mən isə hansısa kitabımı tərcümə etdirmək üçün vəsait tapmalıyam. Artıq nəsə deməyin, nəsə yazmağın mənası da yoxdur. Nə lazımdırsa deyilib, ne lazımdırsa yazılıb. Hətta, qədərindən qat-qat artıq deyilib və yazılıb. İndi kimsə deyə bilər ki, ölkədə böhran var, adamların maddi vəziyyəti yaxşı deyil. Bəs, guya yaxşı olanda nə edirdilər. Sabah toy eləsəm, hardasa ən azı toya üç yüz adam gələr. Özü də, haradan olsa pul tapıb gələrlər. Hələ yüzü də narazı qalar ki, məni niyə çağırmamısan. Mən azərbaycanlıların toylardan şikayətlənmələrinə inanmıram. Xoşlarına gəlməsə getməzlər. Toya getmək xoşlarına gəlir. Niyə də gəlməsin?. Orda həm paltarlarını göstərirlər, həm yeyirlər, həm oynayırlar, həm də dalaşırlar. Yadındadırsa, Nadir Qafarzadədən efirdə soruşdular ki, kitab oxuyursan? Nadir də sağ olsun, çox səmimi cavab verdi. Əslində, Nadir orda azərbaycanlıları dibinə qədər təhqir etdi. Dedi ki, mən niyə kitab oxumalıyam, gedək mənim də soyuducuma baxaq, kitab oxuyanın da. Nə bilim, bəlkə də azərbaycanlılar üçün bu sözlərin heç bir əhəmiyyəti yoxdur və çox güman ki, yoxdur. Mən artıq azərbaycanlıların hansısa bir insani hiss keçirmələrinə inamımı itirmişəm. Bir həftə əvvəl "book kafe”də bir tanış qızla rastlaşdım. Atası gürcüdür, anası rus. Üç kitabımı oxuyub. "Quqarkı”, "Ana ürəyin” və "Bir gözəlliyin qürubu” adlı hekayələr kitabımı. Mənə dedi ki, nəsə yazırsan indi? Dedim ki, hə, hekayələr yazıram. Deyir, sən daha çox özündən yazırsan. Cavab verdim ki, yox ilk baxışdan belədir. Yazdıqlarımda müharibə, sovetin çöküşü, sovetin çöküşündən sonra baş verən hadisələr də var. Deyir ki, yox sən bütün hallarda daha çox özündən yazırsan. Birdən səni başa düşmədilər, bu yəqin ki, adama pis təsir edər. Baxıram adamın üzünə və sarsılıram. Niyə? Ona görə ki, mən Azərbaycan oxucusundan bu cür insani sözlər eşitmirəm. Bütün bunlar dəhşətli söhbətlərdir. Başqa millətə mənsub olan adam narahatdır ki, birdən səni başa düşməzlər və bu sənə pis təsir edər, amma özümüzünkülər... Amma özümüzünkülərin paxıllıq içlərini qurd kimi yeyir. Beş-altı dənə ortabab yazı yazmışam, bunu heç cür mənə bağışlamırlar. 

- Son çağırışınızdan sonra, köməklik edən oldumu? 

- Olmadı. Əslində, necə olursa-olsun, o kitabı nəşr edəcəm. Bu cür çağırışlar hansı cəmiyyətə, hansı camaata mənsub olduğuma bir daha aydınlıq gətirir və məni məsuliyyətdən azad edir. Hərdən lazımdır. Nəticəni görüb bir daha başa düşürsən ki, kimlərin arasında yaşayırsan. Bunu görməyin özü də bir növ azadlığın bir formasıdır.

- Bu kimi çağırışlarının nəticəsiz qalması ümidsizlik yaratmır?

- Yox yaratmır. Ümidə, ümidsizliyə qalsa, gərək heç nə yazmayasan. Çağırış nəticəsiz qaldı-qalmadı, gərək dayanmayasan, yazasan. Azərbaycanlıların ümidinə qalsan, gərək ümumiyyətlə mövcud olmayasan. Çoxdandır, camaatımızla təmasda olmurdum. İş elə gətirdi ki, bir ay əvvəl on gün aralarında oldum. Puldan başqa bir söhbət eşitmədim. "Yaman batırdı, yaxşı qazandı”, "altında maşını sağlığına qismət”, "bank”, "kredit”, "optovoy”, "toçka”, "bir maşın kubik”, "özünü tutdu” -eşitdiyim ancaq bu kimi sözlər oldu. On gündə bir topa adamın arasında kinoya, ədəbiyyata, elmə, ümumiyyətlə mənəviyyata aid bir söz, bir söhbət eşitmədim. Belə baxırsan, hərəsi bir ailənin başçısıdır. Hətta aralarında tayfa başçıları da var idi. O başçılar ki, toy və yas mərasimlərini təşkil edirlər. Məclislərdə yuxarı başda otururlar, məsləhət verirlər. İnsan nə qədər puldan danışar?  İnsanın bir başqa mövzusu olmazmı? Onların puldan başqa mövzularının olmaması da normal bir haldır. Çünki azərbaycanlılar üçün kainat puldan ibarətdir. Hər vəchlə mənə başa salmaq istəyirdilər ki, insan harasa bir maşın kubik tökməlidir. Ev tikməsən də bir maşın kubik harasa tökülməlidir. Əgər sən harasa bir maşın kubik tökməmisənsə, onların anlamında, deməli, həyatının heç bir mənası yoxdur, həyatda heç nə etməmisən, heç nə qazanmamısan. Doğurdan da bu "bir maşın kubik” söhbətin eşidəndə gözlərim önündə bir mənzərə canlandı. Maşınla, avtobusla harasa gedib görürsən ki, çölün düzünə bir maşın kubik tökülüb. Bəzən bir maşın kubiki harasa töküb ətrafına hasar hörürlər. Nə bilim, azərbaycanlıların öz sistemi var yəqin, onları axıra qədər başa düşmək mənim üçün çətindir. Deyirdilər ki, filan yerdə bir torpaq var, apar ora bir maşın kubik tök. Sonra yavaş- yavaş ev tikərsən. Sonra başladılar məni təkliklə qorxutmağa. Dedilər tək qalacaqsan, qocalacaqsan, sənə baxan olmayacaq, kim sənə bir stəkan çay verəcək? Ömürlərində bir kitabı əvvəldən axıra qədər oxumamış bu adamlar bir oğlanı, bir qızı cütləşdirib baba, nənə olublar. Belə hesab edirlər ki, hər kəsə məsləhət verə bilərlər. Ümumiyyətlə, həyatları o qədər boz və mənasızdır ki, ata, ana, baba, nənə olmaqla ən ali dəyərlərə sahib olduqlarını, həyatın pik nöqtəsinə çatdıqlarını düşünürlər. Bir inəyin, bir keçinin, bir pişiyin edə biləcəyi bir işi, doğub və törəməyi fövqəladə bir proses kimi təqdim edirlər. İndi onların idarə etdiyi nəsili, ailəni, böyütdüyü uşaqları gözünün qabağına gətir. Onda görəcəksən ki, ümid və ümidsizlik sözlərinin bu varlıqlara dəxli yoxdur. Əgər ümid və ümidsizlik sözünün bu varlıqlara dəxli yoxdursa, deməli, onlar həşərat həyatı yaşamaq istəməyənlərdə ümid və ümidsizlik yaratmamalıdırlar.

- Belə baxanda Azərbaycan çapında oxucularınız az deyil. Hətta deyərdim ilk sıralarda gələn müəlliflərdənsiniz. Oxucuların bu kimi məsələlərə laqeyd yanaşması, sizcə nə ilə əlaqədardır? Ölkədəki ümumi iqtisadi vəziyyət, yoxsa başqa səbəblər var? 

- Oxucularınız az deyil deyəndə mandatım, vəzifəm, pulum yoxdur deyə, yazılarımı oxuyan üç-dörd adam belə qıraqdan baxanda gözə çox görünür. Çünki bunun özü Azərbaycan şərtlərində anormal bir haldır. O mənada ki, bizim camaat hələ özünə yazıçı seçmək səviyyəsinə gəlib çatmayıb. Hökumət deməlidir ki, filankəs yazıçıdır, camaat da onun yazıçı olduğunu qəbul etməlidir. Kitabına yazdıqlarına görə yox. Ona görə ki, legitimlik yuxarıdan gəlməlidir. Mandatı, vəzifəsi, ordeni, medalı, pulu olmayan adamı azərbaycanlıların yazıçı kimi qəbul etməsi çətin məsələdir. Ümumilikdə isə Azərbaycanda həqiqətən də kitab oxuyan adamların sayı çox azdır. Bəlkə də, kitab oxuyan adamların sayı Azərbaycanda heç üç yüzü keçməz. Bu rəqəm çox az görünə bilər. Mən kitabın bir əvvəlini, bir də axırını oxuyanlardan, kitabla şəkil çəkdirənlərdən, yazıçılardan sitat gətirənlərdən danışmıram. O adamlardan danışıram ki, həqiqətən də oturub kitabı əvvəldən axıra qədər oxuyur və həvəsi varsa, bir az da oxuduğu haqqında düşünür. Həkim oxumur, müəllim oxumur, siyasətlə məşğul olanlar oxumur, gənclər oxumur, bəs kitabı kim oxumalıdır? Get qəflətən bir xəstəxanaya, həkimlərdən soruş, gör onlardan hansı axırıncı dəfə hansı kitabı oxuyub? Bir məktəbə müəllimlərdən soruş, kim axırıncı dəfə hansı kitabı oxuyub? Hərə əlinə bir telefon alıb "facebook”da bir-birlərinə nəsə başa salmaqla məşğuldur.