Azərbaycanın "Hərb və sülh"ü
13-02-2020 20:15 / Bu xəbər 2359 dəfə oxundu
Bir neçə gün öncə hörmətli Zümrüd Yağmurun "Qaranlığa şərqi söyləmək" əsərini oxuyub bitirdim. İstər kitabın həcmini nəzərə alaraq, istərsə də əsərin təhlili haqqında yazımın həcm məsələsini nəzərə alaraq əsər haqqında öz təəssüratlarımı qısa şəkildə oxuculara təqdim edirəm. Onu da qeyd edim ki, 1 saat ərzində yazılan bu yazının üzərində gələcəkdə bir daha çalışacağam, çünki əsərin həcmi haqqında yazmaq istədiklərimin hamısının ifadə edilməsinə imkan vermir. Beləliklə, keçək mövzuya.
Yazıçı Z.Yağmur "Qaranlığa şərqi söyləmək" əsərində təsdiq edir ki, xalqı hərəkətə gətirən (və tarixi hadisələri yaradan) qüvvə tarixi şəxsiyyətlərdə deyil, xalqın öz həyatındadır. Z.Yağmur haqlı olaraq tarixdə xalqın böyük rolunu göstərməsinə baxmayaraq, tarixdə şəxsiyyətin rolunu düzgün qiymətləndirə bilmir. Z.Yağmur bir çox müəlliflərdən fərqli olaraq xalqı hərəkətə gətirən qüvvənin nə olduğunu yox, Azərbaycan xalqının hərəkətə gəlməməsinin hansı səbəblər olduğunu göstərir. Z.Yağmura görə, Azərbaycan xalqı aşağıdakı səbəblərə görə hərəkətə gələ bilmir:
1. ...həmin zehniyyət bu gün özünü demokrat, liberal zənn edəndən yan keçmir, onun canında bir damla da olsa zəhər var, ona görə heç nəyə ümid etmək olmaz... Bu ölkədə azadlığın, demokratiyanın ənənəsi yoxdur. Bu sözlər kimsəyə nəsə demir, o üzdən bu gün olanlar, biz, bu müddət ərzində həbs olunanlar, bütün baş verənlər əslində, nədir bilirsənmi, təməl atma... Bizlər bu təməlin qumu, sementiyik, heç təməlin özü belə deyilik.
2. Dövlətçilik şüuru... Vətəndaş görməlidi ki, dövlət onundu... Anlamır ki, dövlət bir valideyn kimi ona himayədarlıq etməlidi. Dövləti pafoslu şüarlar üçün deyil, həm də öz mənafeyinə görə qorumalıdır. Fransada bir vətəndaşın haqqı tapdananda dövlətdən haqqını istəyir...
3. "Həkim" (lider) dediklərimizin özləri xəstədir... "Həkim"lərin çoxu yalançı və dələduz olub. Hamı bir-birinə lazımdı. Yəni sistemli iş...
4. Dəyişmə çox ləng gedir... Hər dəfə dəyişikliyə canatmalar, səylər yarımçıq qalıb.
5. ... Azadlığın əsərini ona görə yarada bilmirik, onu yazacaq qələmlərin kökümüzə saplanmasını, ölümü, zindanları gözə ala bilənlərimiz azdı.
6. Diktatura öz gücünü fərq etməyən və acizləşən zehniyyətin üzərində hakim olur.
7. Cəmiyyətin laqeydliyi... Cəmiyyətin önündə getdiyini iddia edən ziyalısının mövqeyi.
8. İnsanların prinsiplərinə sadiqsizliyi.
9. İnamsızlıq və s.
İndiyədək Azərbaycan ədəbiyyatında heç bir yazıçı xalqın hərəkətə gəlməmək səbəblərini Z.Yağmur kimi təsvir etməyib (Ümumiyyətlə, bu mövzuya toxunan olubmu?).
Hiss olunur ki, yazıçının düşüncələrinə "Hərb və sülh" əsəri böyük təsir göstərib. Əsərdə bir neçə dəfə ziddiyyətlərin, bəzi fikirlərin inkarı, yenidən eyni fikrə qayıtması, bəzən inkar etdiyi fikirlərin ayrı formada təsdiqi və s ortaya çıxması da "Hərb və sülh" əsərinin müəllifin düşüncələrində buraxdığı iz ilə əlaqələndirmək olar.
"Hərb və sülh" əsərində Tolstoy tarixin fəlsəfəsi haqqındakı fikirlərinə 25 fəsildən artıq yer vermişdir. Bu fəsillərdə o, bəşər tarixinin ayrı-ayrı hökmdarların tarixindən ibarət hesab edib, xalqı tamamilə yaddan çıxaran tarixçilərin fikirlərinə gülür.
Tolstoy deyir ki, tarix ayrı-ayrı hökmdarların və ya şəxsiyyətlərin tərcümeyi-halından ibarət olmayıb, bəlkə, "xalqların həyat tarixindən" ibarətdir. Lakin haqlı olaraq tarixdə xalq kütlələrinin böyük rolunu göstərməsinə baxmayaraq, Tolstoy tarixdə şəxsiyyətin rolu haqqındakı fikirlərində çox ciddi bir səhvə yol verir.
O, belə bir nəticəyə gəlir ki, guya tarixdə şəxsiyyətin heç bir rolu yoxdur. Tolstoy tarixi hərəkət etdirən səbəbləri müəyyən etməyə çalışarkən axırda mürtəce, fatalizm nəzəriyyəsinə gəlib çıxır, tarixi hadisələrin gizli, ilahi qüvvələr tərəfindən idarə olunduğuni iddia edir və s.
Z.Yağmur da eyni səhvə yol verir. Yuxarıda "həkim" dediklərimizin özü xəstədir", - deməsinə baxmayaraq müəllif kitabın bir yerində yazır ki, "xalq özünə inanmalıdır, hansısa şəxsə deyil..." və yaxud "Güney Afrika Mandelanın əsəri deyil. Əksinə, 27 il boyunca onu bir an belə tək buraxmamış, mübarizədən, savaşdan geri durmamış Güney Afrika xalqının əsəridir Mandela..."
Məsələ burasındadır ki, Z.Yağmurun qəhrəmanı Çağlar Həsənlinin azadlıq uğrunda verdiyi qurbanları Mandela bir lider olaraq Cənubi Afrika xalqının azadlığı uğrunda vermişdi.
Müstəqil Azərbaycanın hansı lideri (?) xalqı uğrunda Mandelanın yaşadıqlarını yaşayıb?
Mandela sitat gətirərək yazır: "Lider çoban kimidir, sürünün arxasına dayanır və daha zirəklərin irəli çıxmasına və digərlərinin də onların dalınca getməsinə imkan verir, onlar isə mövcud olduqları vəziyyətin arxada bir nəfər tərəfindən idarə olunduğunu anlamırlar".
Gəlin, Mandelanın öz xalqının müstəqilliyi uğrunda verdiyi qurbanlara nəzər salaq: Adam ömrünün 27 ilini həbsxanada keçirib.
Mandela deyirdi: "Azadlıq mübarizəsi şəxsi hisslərinə qalib gəlməli, özünü ayrıca bir fərd kimi deyil, kütləvi hərəkatın bir hissəsi kimi görməlidir. Milyonlarla insanın azadlığı uğrunda mübarizə aparan insan öz şəxsi şöhrətini fikirəşə bilməz. Azadlıq mübarizəsi ailəsinin maraqlarını xalqın maraqlarına tabe etdirdiyi kimi, şəxsi hisslərini də hərəkata tabe etməlidir. ...Ötən dövrdə arvadımdan, uşaqlarımdan ayrı düşmək, keçmişdə qalmış bütün günlərə əlvida demək mənim üçün asan olmayıb... Gərgin iş günündən sonra evdə nahar süfrəsi arxasında ailəmlə birlikdə olmaq əvəzinə mən polisin davamlı təqibi ilə müşayiət olunan bir həyat sürmüşəm. Mənə yaxın olan adamlardan ayrı düşmüşəm, öz ölkəmdə daim tutulmaq, həbs olunmaq təhlükəsi ilə üzləşmişəm. Bu həyat həbs cəzasından qat-qat çətindir. Heç bir ağlı başında olan adam ailəsi ilə birlikdə normal həyatı, hər bir sivil cəmiyyətdə mövcud olan sosial həyatı qoyub belə bir çətin həyatı seçməz və s".
Jan Kormye "Çe Qevara" əsərində maraqlı bir məqama toxunub. O yazır: "...yüz əlli əsgəri birləşdirən cəhət qaradərili olmalarıdır".
Bir lider kimi Madela ilə xalqı birləşdirən ən əsas səbəblərdən biri də lider və xalqın rənglərinin qara olması idi. Ancaq Mandela lider və xalq məsələsində inamın itməməsi üçün, ümidin ölməməsi üçün, birliyin pozulmaması üçün belə bir fikir irəli sürür: "Bir lider üçün nail olmayacağını bildiyi halda vəd verməkdən qorxulu heç nə yoxdur. Bu xalq arasında yalançı ümidlər yaradır."
Bizdə lider ona xarici pasportun verilmədiyi üçün insanların qulağını mazol etdiyi halda, Mandela ölkəni pasportsuz tərk etdiyinə görə 2 il həbs cəzasına məhkum edilmişdi...
Z.Yağmur AXC tarixini toxunaraq yazır: "... O, xalqın qazandığı deyildi, bir qrup ziyalının yaratdığı idi. Kənddə yaşayan Əlinin, Vəlinin, heç doğru-dürüst xəbəri belə yox idi ki, Bakıda onu kim idarə edir: hələ də çar çinovniki, yoxsa milli hökumət? Yoxdu, ona görə də Rusiya bura hücum edəndə dediyim adamlar onun qarşısına çıxmadı. Çıxmayanda nə baş verdi? Parlament təslimçilik qərarı verdi. Çünki hökuməti quranlar bunun fərqində idi. Amma qurulan hökumət daha bir neçə il yaşasaydı, inan ki, Rusun işğalı elə asan olmayacaqdı".
Burada xalqı ittiham etmək, şəxsiyyəti önə çəkmək doğru deyil. Cümhuriyyətin yaranmasının da, süqut etməsinin də onlarla köklü, daxili və xarici səbəbləri olub. Xalq deyilən nəsnə isə Gəncə qırğınından 10 min qurban verib. Şimal bölgəsində isə faktiki olaraq ruslar bir neçə dəfə məğlubiyyətə uğrayıblar. Leninin təkidi ilə N.Nərimanov hadisə yerinə yollanmış və təbliğatlarla xalqın silahı yerə qoymasına nail olmuşdu. Bu hadisələrdə də tarixdə şəxsiyyətlərin buraxdığı səhvləri doğru-düzgün qeyd eləmək lazımdı. Dünyada baş verən proseslər də doğru-düzgün təhlil olunmalıdır.
Fakt odur ki, Rusiya Bakı neftini heç bir dövlətə güzəştə getməyəcəkdi və Böyük Britaniyaya qarşı Atatürk Türkiyəsi ilə bolşevik Rusiyasını birləşdirən maraqlar var idi. Lakin tənqidlərimə baxmayaraq tam əminliklə deyirəm ki, bu əsər müasir Azərbaycan ədəbiyyatının ən yaxşı əsəridir. Belə bir əsər bir daha yazılmayacaq. Bu əsəri oxuduqca mənim Maksim Qorkinin xatirələrini yadıma salırdım.
Maksim Qorki xatirələrində yazır: "Lenin "Hərb və sülh"ü göstərərək soruşdu ki, Avropada kimi bunun müəllifi ilə müqayisə etmək olar? Özü də cavab verdi ki, heç kimi!"
Bu əsər Azərbaycanın "Hərb və sülh"üdür. Azərbaycanda kim belə bir əsər yaza bilər? Nəhayət, oxucuları belə bir əsərin işıq üzü görməsi münasibəti ilə təbrik etmək olar...
Müəllif özü əsər haqqında yazır: "Romanı 2016-cı ildə altı ay ərzində iştirak etdiyim "Nardaran işi" məhkəməsinin iclaslarında "yazıldı". Bu həmin Nardaran hadisələridir ki, hökumət Taleh Bağırzadə və komandasının uzun müddətli həbsi üçün bəhanə əldə etmək istəyirdi. Eyni zamanda da Beynəlxalq aləmə Azərbaycanda da "radikal islam" təhlükəsi olduğunu və hökumətin bu təhlükə ilə ciddi mübarizə apardığı görüntüsünü təqdim etmək, bununla da "terrorla mübarizə aparan" hökumətin avtoritar idarəetməsinə bəraət istəmək məqsədu güdürdü.
Lakin əsərdə konkret olaraq Nardaran hadisələri təsvir olunmadığından, əsərin qəhrəmanı Çağlar Həsənli də həyatdan götürülən konkret bir obraz deyil, ümumiləşdirilmiş obrazdır.
"Diktatoru tanıdaq" aksiyası ilə həbs olunan Çağlar Həsənli obrazında hər bir siyasi məhbusu ayrı-ayrılıqda görmək olar. Bunun üçün Çağlar Həsənlinin məhkəmədəki nitqinə diqqət etmək kifayət edir: "Mən hər dəfə çıxış edəndə, başıma gələnləri danışanda zalda oturan anam ağlayırdı. Bunu görmək məni çox incidirdi. Amma mən onun göz yaşlarının arxasında qürur hiss elədim. Oğlu bu zalım rejimin əməllərinə qarşı çıxdığına görə qürur duyur. İnsanlar əvvəl çəkinirlər, qorxurlar, ağlayırlar, amma sonra fəxr hissi keçirirlər. Bu gün burada oğlu ilə fəxr edən ana var. Bu mənim sərvətimdir. Bu həm də o deməkdir ki, getdiyim yol bitməyib. Əlbəttə, bir xalqı müəyyən dövrdə qorxu ilə susdurmaq olar, amma onu tamamilə məhv etmək mümkün deyil. Mən niyə burdayam? Öz ideyalarıma, daşıdığım dəyərlərə, əqidəmə görə burdayam..."
Eyni zamanda Ç.Həsənlinin obrazında biz Nardaran hadisələri ilə əlaqədar rejimin həyata keçirdiyi terror hadisəsinə görə həbs olunan, qətlə yetirilən insanları da görə bilirik.
Ç. Həsənlinin ömürlük həbs cəzasına məhkum olması, prezidentə yazdığı həmin o möhtəşəm fikirlər bizə həmin dəhşətli hadisələri, məhkəmə proseslərini xatırladır. Prezidentə məktubunda Ç.Həsənli yazır ki, "mənə ölüm hökmü verdirin, onda görəcəksiniz ki, bu ölkədə hər şeyi məhv edə bilməmisiniz. Görəcəksiniz ki, bu ölkədə hələdə ölümə gülə-gülə gedən insanlar var".
Əsərdə qadın və kişi mübarizəsi arasında ayrı-seçkilik qoyulmadığından Çağlar Həsənli obrazında həbs olunmuş xanımlarımız da özləini görə bilərlər. Çağların həbsxana haqqında dediyi "bura o qədər də pis deyil, ordan elə qorxulu görünür", - deməsi bizə həbs olunmuş məşhur siyasi məhbus, jurnalist xanımı xatırladır.
Bir insana onun düşüncəsinə, əməllərinə görə qiymət verilir. Bir millətə isə onun mədəniyyətinə görə qiymət verilir. Bəs bir dövlətə nəyə əsasən qiymət verilir?
Bir dövlətin həbsxanasında olmayınca həmin dövlətin iç üzünü görə bilməzsən. Yazıçı Zümrüd Yağmurun böyüklüyü ondadır ki, o tək bir obrazla - Çağlar Həsənli obrazı ilə hər üç suala cavab verir.
Əsərdəki Əsnay obrazına gəlincə, müəllifin böyüklüyü ondadır ki, o, 200 il sonra Azərbaycan ədəbiyyatına yeni qadın surətini gətirdi. Əsnay ümumiləşdirilmiş surət olsa da, real həyatdan götürülmüş surətdir. Əsnay surətində biz müəllifin özünü, Nigar Həzini və Xədicə İsmayılı da görə bilərik.
Aysan surəti ilə müəllif fədakar, sadiq, sözün həqiqi mənasında mübarizədə ömür yoldaşından bir an belə geri qalmayan Azərbaycan qadınını təsvir edib.
Aytun surəti ilə müəllif vicdanlı vəkili, hüquq müdafiəçisini təsvir edib. Müəllif bu surət ilə bizə demək istəyir ki, qiymətli o insandır ki, onun qiyməti yoxdur. Onu pul ilə alıb, satmaq olmur. Əsərdə Aytun qətlə yetirilir. Ç.Həsənli isə yeni dünyaya gəldiyi övladına Aytun adını qoyur. Müəllif bununla bizə işarə verir ki, Aytunlar öləcək, yeniləri doğulacaq.
Müəllif antroponimika sahəsinə də özünün böyük töhvəsini verib. Əsnay, Aytun, Aysan, Çağlar gələcəkdə şəxs adlarına çevrilməlidir. Nə üçün valideynlər övladlarına bu adları qoymasınlar? Cəfər Cabbarlının missiyasını Z.Yağmur möhtəşəm şəkildə davam elətdirir...
Oxuduğum müəlliflər içərisində heç bir Azərbaycan yazıçısı məhkəmə sistemini, səfillərin həyatını Z.Yağmur qədər möhtəşəm təsvir eləməyib.
Yazıçının müşahidə qabiliyyəti də adamı təəccübləndirir. Bunun üçün yazıçının qapalı cəmiyyətləri təsvir etməsinə nəzər salmaq kifayət edir.
Müəllif intihar məsələsinə də toxunur və bir insanın intihara gətirib çıxaran səbəbləri çox gözəl şəkildə təsvir edir. Burada bir məqama diqqət etmək lazımdı.
Yuval N.Harari yazır ki, dünyada intihar nəticəsində ölənlərin sayı terror vasitəsilə ölənlərin sayından çoxdur. Yazıçı Z.Yağmur bu kitabda sübut edir ki, intiharların bir səbəbi də siyasi terrordu. Çox maraqlı bir müqayisə və toxunulmayan məqam...
Əsər haqqında çox yazmaq olar. Məsələn, əsərdə Ç.Həsənliyə hər dəfə prezidentin portreti önündə cəza verilir, eynən 1937-ci illərdə olduğu kimi. Burada müəllif şəxsiyyətin rolunu düzgün qiymətləndirərək bir sistemin necə yarandığını təsvir edib.
Kitabın üz qabığında belə bir söz yer alıb: hamı üçün. Bu kitab hamı üçündür. Azərbaycanın "Hərb və sülh"ü hamı üçündür! Mütləq oxuyun.
Elnur Musayev
Tədqiqatçı, Mirzə Fətəli Axundzadə irsinin araşdırıcısı.