Bakı-2015: Çunayev Avropa Oyunlarının qalibi oldu - CANLI

Bakı-2015: Çunayev Avropa Oyunlarının qalibi oldu - CANLI

13-06-2015 23:44 / Bu xəbər 2119 dəfə oxundu

Bu gün "Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Musavat.com-un məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan bu gün 4 pəhləvan yarışır.
 
59 kq

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib - 7:6.
Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub. Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
 
3-cü yer uğrunda döyüşdə onun rəqibi ermənistanlı Roman Amoyandı. 20 yaşlı Muxtarov işğalçı ölkə təmsilçisi qarşısında inamlı qələbə qazanıb. O, özündən 12 yaş böyük olan titullu rəqibini xalçaya çıxmağa peşman edərək (9:1), Maryanyanın da revanşını ondan alıb. Bununla da Elman yığmamıza 4-cü medalı qazandırıb.

71 kq

Rəsul Çunayev yarışa 1/8 finaldan start verib. Güləşçimiz ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev ona olan ümidləri doğrultdu. O, rəqibinə asanlıqla qalib gələrək, növbəti mərhələyə adladı.
 
Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda da Rəsul çətinliklə üzləşməyib. Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirdi və finala yüksəldi. 
 
Finalda  macarıstanlı Balint Korpasi ilə üz-üzə gələn idmançımız qələbə sayəsində Avropa Oyunlarının qızıl medalına sahib çıxıb - 4:2
 
80 kq

Digər 2 təmsilçilərimiz kimi, ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. Təmiz qələbə sayəsində 1/4 finala yüksələn Rafiq ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovla qarşılaşıb.
O, bu görüşün də taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Rafiq yarımfinala vəsiqə qazanıb.
Bu mərhələdə türkiyəli Selçuq Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb - 9:0. Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşacaq. Görüş saat 19:56-da start götürəcək.
 
98 kq

Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançı təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.

Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3.

Lakin Nuriyevə qalib gələn Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Orxan 3-cü olmaq üçün türkiyəli Cenk İldemlə gücünü yoxlayacaq. Görüş saat 20:10-da başlayacaq.
 
]