Bakı gecələri...

Bakı gecələri...

26-05-2022 00:08 / Bu xəbər 2686 dəfə oxundu

Çingiz Sultansoy 

Bakı. Bir may gecəsi. Foto: Oruc Mehdiyev, 23.05.22.

Bəlkə də, foto həyatımızın rəmzidir? Qaranlıqlar içində acgözlük, tamahdan uzaq, özündən, ailəsindən savayı başqalarını, insani dəyərləri də düşünə bilən insana xas işıqlı yolla gedirik işıqlığa çıxmaq, azadlığa, ləyaqətli həyata çatmaq üçün... 

Köhnə, Azneftdəki ata evimizdə yaşayanda da, 2004-də təzə, Yasamaldakı evə köcəndə də şəhərdə Vidadiylə, Hikmətlə, Raufla, Həsənlə 5-10 kilometrlik gəzintilərim vaxtı küçələri hadırlayanda yolum çox vaxt bu pilləkandan keçirdi. 

Bir vaxtlar şəhər üzərində imperiya rəmzi kimi yüksələn Kirovun heykəlinə doğru aparan, Lev İlyinin memarlığıyla tikilmiş bu pilləkan və yuxarıdakı meydança, oradan açılan mənzərə. Sevdiyim qızlarla nə qədər gəlmişəm bu meydançaya, Bakıya baxmağa...

Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər,
Yollarını nurla bəzər,
Bizim Bakı gecələri! 

Necə də gözəlsən, mənim Bakım. Gecələrin də, gündüzlərin də, yazın da, qışın da, yayın da, payızın da. Səbahəddin Əlinin "Mayısda könlüm delidir" şeri yadıma düşdü bu şəklə, çəkilmə tarixinə baxanda, amma Googledə tapmadım, bir-iki misrasını bura yerləşdirim. Dostum Sevda Türküstan xanım göndərdi, sağ olsun! Gözəl şerdir! 

Mayıs, ayların gülüdür,
taze bir çiçek dalıdır,
İçerim ateş doludur;
Mayıs‘ta gönlüm delidir.

Yeşil dağlara göçülür,
Kırmızı şaraplar içilir;
Yarim dökülüp saçılır,
Mayısta gönlüm delidir...

Kirovin  heykəlinin altında məşhur, şəhərin bir saylı elit restoranı sayılan "Drujba" yerləşiirdi. "Gülüstan" hələ tikilməmişdi, köhnə "İnturist" vardı, mərkəzdə "Tbilisi" vardı, amma onlar "Drujba"ya çatmazdı. 

Uşaq-yeniyetmə vaxtı da bu restoranda atamla-anamla dəfələrlə olmuşdum, amma 1969-cu ildə birinci kursda oxuyanda, ikinci dəfə əlaçı təqaüdümü alanda bibioğlum, məndən iki yaş böyük, "geofakda" oxuyan Sədrəddini ilk dəfə bura özüm dəvət etdim, tələbəliyimi "yuduq". 

Sinif yoldaşlarımla, qrup yoldaşlarımla çoxdan yumuşduq, evlərdə, "Rokfeller" adlı pivəxanada və başqa bu kimi ucuz yerlərdə. Bu pivəxana elə uçuq-sökük, çox kasıb olduğu üçün ona amerika milyarderderlərindən ən varlısının və məşhurunun  adı incə yumorla verilmişdi. Amma sinif, kurs dostları başqa, Sədrəddin - Sədir çağırdım bibioğlu başqa, o böyük qardaşıydı, mənə təsiri. nüfuzu böyük idi o vaxtlar.

Söhbətini şirin-şirin
Dinlə qoşa gəzənlərin,
Sirdaşıdır gözəllərin,
Bizim Bakı gecələri...

Bəzən sakit həyatlıdır,
Bəzən toylu-büsatlıdır
Göy göyərçin qanadlıdır,
Bizim Bakı gecələri, bizim Bakı gecələri!..

Birinci təqaüdümə o vaxt superdəb ola, tapılmayan "MakNamara" gün eynəyimi almışdım. Təqaüdüm 45 manatdı, eynəyə 40 verdim. Eynək öz adını dizaynerdən ya istehsalçı firmadan yox, prezident Kennedinin kabinetində müdafiə naziri olmuş və belə eynək taxmış, dünyanın sonu olabiləcək məşhur Qəraib Krizi dövründə  məşhurlaşmış və eynəyini dəbə salmış Robert MakNamaradan almışdı. Bunu illər sonra öyrəndim. İndiki dövrdən fərqli olaraq dəb 5-6 ilə Bakıya gəlib çıxmışdı...

Ələkbər Tağıyevi ilhamlandırıb mahnı bəstələməyə sövq edən Ələkbər Ziyatayın şeri necə də gözəldir:

Əsər külək sərin-sərin
Qucağında göy Xəzərin.
Gözəlidir gecələrin,
Bizim Bakı gecələri!

Bakının yaz havası, may havası...

Yaşıllığa qərq olan Erlangenin gözəl, ətraf meşələrin və çəmənlərin qoxusu dolu yaz havasını ləzzətlə ciyərlərimə çəkə-çəkə Bakının havasını xatırlayıram  - çiçəkləyən akasiyalar, adını indi xatırlaya bilmədiyim güllər, torpaq, Xəzərin mazut qarışıq qoxusu, Bakı günəşinin altında  qızmış asfalt və yanıq benzin qoxulu havasını, uşaqlığımın, gəncliyimin, ötüb-keçən həyatımın havasını, səs-küyünü, musiqilərini...

Uzakta kuşlar seslenir;
Gönlüm genişler beslenir;
Yaşamağa heveslenir,
Mayıs‘ta gönlüm delidir.

Yumuşak rüzgarlar eser;
Çimenlerde yarim gezer,
Yanılır, bana gülümser;
Mayıs‘ta gönlüm delidir.

Vaqif Mustafazadənin aranjemanında və ifasında Ələkbər Tagıyevin "Bizim Bakı gecələri..." mahnısını yerləşdirirəm. 

Allah hamısına rəhmət eləsin!