Bakıda kitab sərgisində satıcı saxlanılıb, siyasi roman müsadirə olunub
28-04-2024 01:18 / Bu xəbər 2059 dəfə oxundu
Yazar, keçmiş siyasi məhbus Abid Qafarov müəllifi olduğu siyasi-psixoloji romanı "Andaluniya”nın kitab sərgisi zamanı müsadirə olduğunu deyir.
Bu barədə yazar sosial media hesabında məlumat paylaşıb.
O deyib ki, 27-28 aprel tarixlərində, Elmlər Akademiyası parkında "Oxu” kitab sərgisi keçirilib.
"Tərtər faciəsi” zamanı əsgər və zabitlərə verilmiş işgəncələr və Azərbaycandakı digər problemlərdən bəhs edən "Andaluniya” romanı da bu sərgiyə çıxarılıb.
Romanı sərgiyə Tərtər hadisələrində zərərçəkmiş Ruslan Fərzəliyev aparıb.
Abid Qafarov
Onun sözlərinə görə, sərginin sonunda Ruslan Fərzəliyev mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
"Ruslan Fərzəliyev AMEA-nın parkından çıxargən mülki geyimli bir dəstə onun arxasınca qaçıb", - yazar qeyd edib.
Yazıçı deyir ki, bir saat öncə Ruslan Fərzəliyev sərbəst buraxılıb, amma "Andaluniya”dan 42 ədəd müsadirə edilib.
Kitabın müsadirə olunmasına gəlincə, Qafarov qeyd edib ki, bu məhz əsərdə məzmunu ilə bağlıdır, çünki siyasi motivlidir.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.