Bankları iflasdan necə xilas etmək olar? - MÜSAHİBƏ
22-07-2016 23:52 / Bu xəbər 2306 dəfə oxundu
Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev 4 bankın - "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"ın bağlanması ilə bağlı "Qaynarinfo.Az"a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına 4 bankın lisenziyaları ləğv edilib. Banklar niyə bir-birinin ardınca qapadılır? Onları xilas etmək mümkün deyil?
- 2015-ci ildə iki devalvasiya baş verəndən sonra müstəqil iqtisadçılar müntəzəm olaraq öz təhlillərində bank sektorunda təlatümlərin davam edəcəyini söyləyirdilər. Birinci devalvasiyaya qədər Azərbaycanda 43 bank var idi, birinci mərhələdə onların 6-sı bağlandı. Gözlənilən idi ki, başqa banklar da bağlanma təhlükəsindən xilas ola bilməyəcəklər. Səbəb nə idi? 2005-ci ildə neft pulları gələnə qədər Azərbaycanda bank sektoru çox zəif resurs bazasına malik idi. 2005-ci ildən sonra isə vəziyyət dəyişdi. İstehlak kreditləri və tikinti sektoru hesabına iqtisadiyyatın kreditləşməsi və buna adekvat olaraq bankların aktivləri sürətlə genişlənməyə başladı. Məsələn, 2005-2014-cü illərdə bankların resurs bazası 10 dəfədən çox genişləndi. Bu qısa müddət üçün həddən artıq sürətli dinamikadır.
Böyük neft pullarının yaratdığı arxayınçılıq və illüziyalar şəraitində banklar risk menecmenitini düzgün qurmadan iqtisadiyyata həddindən artıq böyük kreditlər ayırmağa başlamışdılar. İqtisadiyyatda "maliyyə köpüyü" deyilən bir anlayış var - ayrı-ayrı ölkələrdə, ayrı-ayrı vaxtlarda bu köpüyü şişirdən amillər müxtəlif ola bilir. Məsələn, tutaq ki, 90-cı illərdə Yaponiyada iqtidayiyyata qoyulan investisiyaların iqtisadi artımı əhəmiyyətli dərəcədə üstələdiyi şəraitdə banklar da riskləri nəzərə almadan əmlak bazarına nəhəng kreditilər yatırırdılar. Köpük müəyyən bir həddə qədər şişdi, sonra qəfildən iqtisadi artımın daha da zəifləməsi, investisiyalar hesabına iqtisadi böyümənin dayanması həmin köpüyü partlatdı. Oxşar durum 2008-ci ildə ipoteka kreditləşməsi ilə bağlı ABŞ-da baş verdi.
Azərbaycanda isə bu köpüyü neft pulları şişirtmişdi və sonra neftin qiyməti düşəndə artıq bu köpüyü şişirdən maliyyə mənbəyi itirildi. Hələ 1-ci devalvasiyadan sonra bank sektoru ilə bağlı bloq yazılarımın birində yazmışdəm ki, ikinci devalvasiya Azərbaycanın bank sektoru üçün "edam kəndiri" ola bilər. Fakt odur ki, 2-ci devalvasiya 10 bankı sırdan çıxardı. Bir neçə bankda isə ciddi problemlərin olması ilə bağlı məlumatlar var.
Bunu ona görə deyirdim ki, bank sektoru xaricdən kifayət qədər böyük həcmdə kreditlər götürmüşdü. O kreditləri təbii ki, valyuta ilə götürmüşdülər. Amma manata çevirib istifadə etmişdilər, qaytaranda isə məlum məsələdir ki, valyuta ilə qaytarmalı idilər. Birdən-birə milli valyuta iki dəfə qiymətdən düşəndə, artıq bu bankların xarici borcları iki dəfə atrdı. Bu baxımdan bank sektoruna ən böyük zərbə xarici borcların qaytarılması problemindən gəldi. Başqa bir səbəb əmanətlərllə bağlı idi. Ölkədə devalvasiya ilə bağlı panika yarandı, əhali əmanətlərini banklardan geri çəkməyə başladı. Bankların resurs bazasının 70 faizə qədərini, hətta bəzi banklarda 85-90%-ni əmanətlər hesabına formalaşır. Artıq əhali əmanətlərini götürməyə başlayanda (halbuki banklar o əmanətləri götürüb kredit vermişdi) bu resurs ciddi surətdə tükənir.
- Bunlar ümumi, ölkədəki vəziyyətlə bağlı olan səbəblərdir. Amma bankların peşəkarlığı məsələsi də yəqin ki, burada rol oynayıb...
- Bunlar obyektiv səbəblər idi. Əbəttə, burada subyektiv səbəblər də var. Məsələn, banklar risk menecmentini düzgün qurmamışdılar və təhlükələri hesablamamışdılar. Eyni zamanda şəffaf deyildilər. Bu gün bağlanan bankların hesabatlılığına baxın. Bir çoxunda nəinki 2015-ci ilin, heç 2014-cü ilin də hesabatı yoxdur. Halbuki banklar hər rüb detallı hesabatlar açıqlamalıdırlar. Hesabatı açıqlanmayan, şəffaf olmayan bank həmişə risk altında olur. Ən əsas səbəblərdən biri də bank sektorunda rəqabətin olmamasıdır. Baxmayaraq ki, Azərbaycanda bank çoxdur, bank kapitalı 5-6 bankın əlində cəmləşir. Yerdə qalan banklar əsasən kassa rolunu oynayır, daha çox pul transferləri ilə məşğul olurlar. Belə situasiyada təbii ki, kəskin devalvasiya və banklara resurs axınının kəskin azalması dövründə bankların çöküşü qarşısıalınmaz prosesdir.
- Çıxış yolu nədədir?
- Hökumət indi müəyyən bankları xilas etməyə çalışır, bəzilərini bağlayır. Ola bilər ki, hökumətin əlində informasiya dolğundur və bilir ki, hansı banklarda vəziyyət daha yaxşıdır. Amma çıxış yolu bu deyil. Bu proses şəffaf getməlidir. Hökumət ictimaiyyətə bank sektorunun xilası ilə bağlı proqram açıqlamalıdır. Bu proqramda konkret göstərilməlidir ki, bankların xilası üçün hansı meyarlar əsas götürüləcək, hansı addımlar atılacaq. Məsələn, problemli aktivlərinin həcmi ümumi aktivlərin 20%-dən azdırsa, onlar xilas dəstəyi veriləcək. 20-40 faizdirsə, onlara birləşmək üçün şərait yaradılacaq. Yaxud 40 faizdən çoxdursa, bağlanacaq. Bunun qaydaları və meyarları açıq olmalıdır ki, insanlar hansısa bankların yüksək himayəçisi olduğu üçün xilasetmə əməliyyatına cəlb edildiyini, hansıların isə siyasi halkimiyyətə bağlı himayəçisi olmadığına görə qapadıldığını düşünməsin. Bağlı qapılar arxasında təkcə Maliyyə Nəzarəti Palatası, Mərkəzi Bank, Maliyyə Nazirliyi yox, parlament, ictimaiyyət, vətəndaş cəmiyyətinin iqtisadi ekspertləri vasitəsilə ciddi şəkildə müzakirə olunmalı və həmin proqrama uyğun qərarlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu gün biz bu şəffaflığı görmürük.
İstənilən halda bankların bağlanması onu göstərir ki, sektoru zəif həlqələrdən təmizləməyə çalışırlar. Amma həqiqət budur ki, real sektor dirçəlməsə, bank sektoru bütövlükdə ayağa qalxa bilməyəcək. Çünki bank sektoru öz resurslarını məhz real sektor hesabına formalaşdırır və böyüdür.
Arqument.Az