Banklara qarşı kütləvi sanksiyalar başladı: ekspertlər durumu şərh etdilər

Banklara qarşı kütləvi sanksiyalar başladı: ekspertlər durumu şərh etdilər

24-11-2016 20:03 / Bu xəbər 2172 dəfə oxundu

"Azərbaycan tarixində ilk dəfədir ki, sanksiyalar kütləvi şəkildə tətbiq edilir”.

Bunu Toplum Tv-yə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) banklara qarşı həyata keçirdiyi sanksiyaları şərh edərkən deyib.
Картинки по запросу Əkrəm Həsənov arqument.az
Onun sözlərinə görə prinsip etibari ilə banklara qarşı sanksiyalar tək-tük də olsa, həmişə tətbiq olunub: "Banka qarşı tətbiq olunan ən ağır sanksiya elə bank lisenziyasının alınmasıdır. Biz bilirik ki, elə bu il il ərzində 11 bankın lisenziyası əlindən alınıb. Bundan başqa əvvəllər də, yəni bank nəzarətini Mərkəzi Bank həyata keçirdiyi dövrdə də bəzi bankların bank filiallarının açılmasına qadağa qoyulur, bəzən inzibatçıları vəzifədən azad olunurdu. Amma, əlbəttə, bunlar tək-tük idi və əksər hallarda obyektiv xarakter də daşımırdı. Yəni biz bilirik ki, banlkların fəaliyyətində həmişə çox pozuntular olub. İndi isə məhz bu maliyyə bazarlarında vəziyyətin çox ağırlaşması, xususən də "Maliyyə Bazarlarına Nəzarət Palatası”na tabe olmamaq istəyi müşahidə olunur. Yəni belə deyək əvvəllər əgər banklara nəzarəti mərkəzi bank həyata keçirirdi və banklar Mərkəzi Bankdan kredit alırdılar deyə ondan bir növ qorxurdular ki, kredit verməz. Həm də Mərkəzi Bankın banklarla qeyri-rəsmi münasibətləri var idi. O kreditlər də necə verilirdi, Allah bilir. Buna görə də Mərkəzi Bank elə də ciddi sanksiyalar tətbiq etmirdi. Amma indi vəziyyət belədir ki, bankların vəziyyəti pisdir. Onlar bir sıra pozuntulara yol verirlər, yəni palatanın rəyini nəzərə almırlar. Palata bir neçə ay bundan öncə banklara tapşırmışdı ki, rüblük maliyyə hesabatlarını dərc etsinlər, amma banklar bunu etmirlər. Buna görə də Azərbaycan tarixində ilk dəfədir ki, sanksiyalar kütləvi şəkildə tətbiq edilir. Bu da Azərbaycanda ilk dəfədir, qeyri-adidir və banklarda problemlərin artması ilə bağlıdır”.

İqtisadçı ekspert Samir Əliyev isə mətbuat üçün açıqlamasında qeyd edib ki, bankların birdən-birə ictimaiyyətə açıqlığının səbəbi bəlli oldu: "Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.
Картинки по запросу Samir Əliyev arqument.az
"Banklar haqqında” qanunun 48-ci maddəsinə istunad olunan sanksiyalar əsasən bankınıza yeni filial və şöbələrin açılmasının dayandırılmasını, yeni müştəri hesablarının açılmasının və yeni əmanətlərin cəlb edilməsinin qadağan edilməsini nəzərdə tutur. Məktuba görə, qadağaların yalnız məlumatlar ictimaiyyətə açıqlandıqdan və bununla bağlı Palataya rəsmi məlumat verildikdən sonra aradan qaldırılması mümkündür.

Qeyd edim ki, Palatanın belə sərt addımını müsbət qiymətləndirirəm. İqtisadi böhran yaranandan sonra banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən yayınırlar. Bu isə həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümədən ekspertlərdə şübhələr yaradırdı. Devalvasiya nəticəsində 13 bankın bağlanması bu şübhələrin əsassız olmadığını bir daha sübut etdi. Bankların hesabatları ictimaiyyətə açıqlaması əhali üçün maraq kəsb etməsə də ekspertlər üçün bank sektorunun mənzərəsini müəyyən etməyə imkan verəcək.

Bütün bu müsbət hadisə fonunda bir sıra suallara cavab tapılması vacibdir. Əvvəlcə, onu qeyd edim ki, şəffaflıq və hesabatlılıq təkcə banklar və bank olmayan kredit təşkilatları üçün yox həm də monetar siyasətə məsul qurumlar üçün olmalıdır. Mərkəzi Bank 2014-cü ildən bəri statistik hesabatlarının həm dövriliyini, həm də məzmununu məhdudlaşdırır, vacib məlumatlar hesabatdan çıxarılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet saytında öz fəaliyyəti barədə hesabata, qəbul etdiyi qərarlara rast gəlmək olmur.

Hesabatlara gəldikdə isə onların ilkin analizi maraqlı nüanslar ortaya çıxarıb. Hesabatlardan məlum olur ki, böhran bank sektorunu vurmayıb və hətta banklarımız mənfəət qazana biliblər. Bank qanunvericiliyinin tələblərinə əməl edən, risk menecmentini düzgün quran və nəhayət ictimaiyyətdə "güclü bank” imici olan bankların zərərinin yüksək olması fonunda reputasiyası zədəli olan, adı bağlanmaq ehtimalı yüksək olan banklar arasında hallanan bankların maliyyə nəticələri yaxşı olub və hətta mənfəət də qazana biliblər. Bu, necə ola bilər? Əgər "AccessBank", "Yapı Kredi Bank" Azərbaycan, "Xalqbank", "Bank of Baku", "Bank Respublika", "Unibank" kimi banklar zərər edirsə, digər banklar necə mənfəət əldə edə bilər? Əlbəttə, söhbət mənfəət qazanan bütün banklardan getmir. Ümumiyyətlə, bu hesabatlar nə dərəcədə reallığı əks etdirir? Bu gün mənfəət qazanmış bank sabah bağlansa bu, nə dərəcədə məntiqli olacaq? Suallar çoxdur. Bunların cavablarını həmin banklar və Palata verə bilər. 

Ancaq fikrimcə, xüsusilə 2 sualın cavabı bizə vəziyyəti real qiymətləndirməyə imkan verər:

- Banklar verdikləri kreditlərin qaytarılmama səviyyəsini necə qiymətləndirirlər?

- Problemli kreditlər üzrə ehtiyatları hansı səviyyədə yaradırlar?

Bu iki sualın cavabı banklarımızın vəziyyətini düzgün qiymətləndirməyə, hesabatların dəqiqliyini müəyyənləşdirməyə imkan verəcək. Palatanın bu məsələlərə diqqət yetirməsi yaxşı olardı”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev isə deyib ki, bankların Nəzarət Palatasına hesabat təqdim etməməsi deyə bir şey yoxdur və ola da bilməz: "Bankların sistemi hamısı avtomatlaşdırılmış şəkildədir və nəzarət altındadır. Ola bilməz ki, hansısa bank palataya hesabat təqdim etməsin. Bu mümkün olan şey deyil”.
Картинки по запросу Zakir Nuriyev arqument.az
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hesabatlarını gizlədən, tam və ya vaxtında açıqlamayan banklara xəbərdarlıq edib. MBNP daha öncə - oktyabrın 30-da məktub göndərərək, noyabrın 15-dək "Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə uyğun məlumatların açıqlanmasını istəsə də, 10-dan çox bank hələ də maliyyə hesabatını dərc etməyib. Bu səbəbdən Palata noyabrın 21-də tələbləri gözardı edən 10-dan çox banka maliyyə sanksiyasının tətbiqi barədə xəbərdarlıq məktubu göndərib. Məktubda bu bankların tələb olunan məlumatların açıqlanmasını təmin etmədikləri vurğulanıb.

Gülzar Məmmədli