Belə də ölmək də rahatdır...
20-07-2020 12:43 / Bu xəbər 2015 dəfə oxundu
Nizami Bağırov
Hörmətli məmurlar, bir neçə gündür ki, sizin və yaxınlarınızın "voyenkomatların” qabağında olan şəkilləri, müsahibələri sosial şəbəkələri "işğal” edib. Bu barədə öz fikrimi heç yazmıram. Amma özünüz fikir versəniz, belə şəkil və məqalələrin altında ən yaxşı halda "xa-xa” smayliki görəcəksiniz və səbəbini də məndən gözəl bilirsiniz.
Başa düşürəm ki, sizlər də bu vətən üçün nəsə etmək istəyirsiniz.
Buna görə də sizi tərtib etdiyim "HƏR ŞEY VƏTƏN ÜÇÜN” məmur səfərbərlik proqramı ilə tanış edim. Bu proqrama əsasən siz:
1. İnsanların problemləri ilə maraqlanın və onların həllinə çalışın;
2. Rüşvət almayın və verməyin;
3. Elan olunan tenderlərə "möhtəşəm biznesmen” yaxınlarınızı yaxın buraxmayın, təmiz keçirin və 30-70% "otkat almayın”;
4. İnsanları vəzifəyə qohumluq-tanışlıq prinsipi ilə təyin etməyin;
5. Tabeçiliyində olan səhiyyə, mədəniyyət, təhsil və digər qurumların rəhbərlərini (nəticə etibarı ilə adi işçiləri) "dolyaya” otuzdurmayın;
6. İnsanların torpaqlarını, evlərini, mülklərini əlindən almayın;
7. Kasıblara çatan yarıdmı "yeməyin”;
8. Ev tikmək, hasar tikmək üçün insanları dağa-daşa salmayın, buna görə pul almayın;
9. Təqsirsiz insanları həbs etməyin;
10. Təqsirsiz insanlara hökm oxumayın, bütün işlərdə ədalətli qərar verin;
11. Saxta yolla seçilməyin;
12. İnsanları yaltaqlığa, məddahlığa öyrəşdirməyin.
Bilin ki, tərəfinizdən hər bir bəndin icrası, döyüşə tanklı, pulemyotlu bir xüsusi təyinatlı taborun göndərilməsinə bərabərdir.
Bilin ki, tərəfinizdən hər bir bəndin icrası sizləri səngərə getməkdən də azad edəcək. Siz heç də narahat olmayın, vətən oğlu səngərdə, düşmənlə üzbəüz vətən üçün hər şeyi həll edəcək.
Bilin ki, vətən üçün canını qoyan qəhrəmanlarımız qabaqda düşmənlə döyüşərkən onların arxasında məmurların bu 12 bəndlik "HƏR ŞEY VƏTƏN ÜÇÜN” məmur səfərbərlik proqramının vicdanla yerinə yetiriməsini görməlidirlər.
Belə də ölmək də rahatdır...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.












