Bəxtiyar Hidayətin yeni HEKAYƏSİ

Bəxtiyar Hidayətin yeni   HEKAYƏSİ

12-01-2015 23:20 / Bu xəbər 2556 dəfə oxundu

Arqument.Az Bəxtiyar Hidayətin yeni hekayəsini təqdim edir:

VARATNİKOVUN  ZƏHƏRİ

Paytaxtdan bizim rayona gəlmiş yazar dostumu rayonumuzda xeyli gəzdirib gəzməli- görməli yerləri göstərdim. Bir xeyli də ağsaqqal- ağbirçəklə qulaq yoldaşı elədim. Bir- iki muzeyə də baş çəkdik. Amma dostumu ən çox düşündürən Dinqoz Famillə görüşümüz oldu. 

 Bu dostum da məni necə tanıyır- necə deyərlər, dönməz, əbədi və sarsılmaz bir insan kimi. Az- çox da yaradıcılığma bələddi və beş- on təcnisimi, bir o qədər də qoşma- gəraylımı, bir iki də sərbəstimi əzbərləyib haqqımda orda- burda təriflər dediyini bilirəm. Onun dili ilə desək, bəzi şeirlərimdə yaşadığım zamanın eybəcərliklərini çılpaqlığı ilə əks etdirmişəm və buna görə də  adam elə bilir mən qəhrəman zadam. Mən də dedim qoy elə də bilsin- mənim də bir fanatım olsun qoy bu fani dünyada. Amma...

 Amma hər şeyi uşaqlıq dostum Dinqoz Famil insafsızcasına korladı. Yolun o biri tərəfindən məni görən kimi həm sağ əlinin şəhdət barmağı ilə, həm də möhkəm səs ilə “tez qaça- qaça yanıma gəl” dedi. Qaldım çıxılmaz vəziyyətdə- adam həmişəki kimi dibinə qədər vurub- getməsəm başlayacaq ağır zarafatlar etməyə ki, bu da daha pis. Məcbur qalıb dediyi kimi elədim- qaça- qaça getdim yanına. Bilirdim nə istəyir- bir manat. Aparıb arağa verəcəkdi. Nəysə bunun zəhrimara qalmış manatını verib xeyli də yersiz gülüşünə yersiz hırıldayıb öpüşüb- görüşüb  dostumun yanına qayıtdım. Dostum bunun kimliyini soruşdu- kimdi məni belə qorxudan axı. Mən də bu bədbəxtin uşaqlıq yoldaşım olduğunu dedim və dostumun kefini açmaq üçün onun içki içmək istdadadından söhbət açdım. Bir- iki əhvalatı danışdım.

***

  Dinqoz Famil ustadı- yaxşı hamam montaj edə bilir. Yaxşı da qaynaqçıdı. Amma indi onun- bunun yanında fəhləlik edir- çünki qaynaq aparatını da, başqa avadanlıqları da hərəsini bir arağa dəyişib. Vaxtilə bunun fəhəliyini edənlər indi ustadı, bu onların yanında fəhləlik edir.  Evində də qalıb bir həsir, bir Məmmədnəsir. Heç vecinə də deyil. Ümumiyyətlə dünyada, ölkədə, rayonda, məhlədə nə oldu, nə olmadı adamın vecinə deyil. Vaxtilə dünyanın sonu gəlir deyib camaat evə şam yığanda bu da araq yığırdı. 

 Bizim hamamı da pul- para almadan montaj edib. Amma di gəl günortaya qədər işləyə bilirdi- dilinə araq dəydimi daha işin başından keç. Amma çox vaxt da günortaya qədər içib özünü itirirdi. Buna görə də onun köməkçisi ilə arağı gizlətdik. Gözünə döndüyüm Dinqoz  Famil ( yeri gəlmişkən, “dinqoz” biz tərəflərdə ən keyfiyyətsiz arağa deyilir- sözün mənşəyi haqda yalnız bir ehtimal var- donqili sözündən ola bilər. Axı donqili də insanın keyfiyyətsizinə deyilir) köməkçisinin əlinə bir dəmir verib ki, dəmirkəsənlə bunu kəs- köməkçi də bilmir ki, bu dəmirin haçmama heç bir dəxli yoxdu. Məni də göndərdi siqaret almağa. Evə girib yoldaşıma da deyib bajı, çıx əynimi dəyişirəm. Ikicə dəqiqəyə arağı  paltar şkafındakı ayaqqabıyığılan yerdə bir təğ ayaqqabının altından tapıb bir butulkanı başına çəkib üstündn də bir stəkan turşu suyu içmişdi.

  Bir gün də bunun ustası qoymur araq içməyə. Bu da ustadan gizlin araq alıb hardansa. Ev sahibinə deyib çay dəmlə- çay stəkanına arağı töküb, üstünə də dəm əlavə edib. Ağzına da bir şəkər qoyub- guya çay içir. Dəmli araq içib - “zakuska” da bir şəkər.

Bizim qonşuda da işlədi- çardağn altına beton tökürdülər. Iş qurtardı- qonşunun artıq qalan qumu mənə lazım oldu- qumun içinən iki butulka araq tapdım. Adam arağı qumun içində gizlədib palçıq qata- qata içirmiş.

O montaj etdiyi hamamdan mütləq sonra araq tapacaqsan- ya qızdırıcının arxasından, ya rakvinlərin böyür- başından. 

Heç nə olmasa da pensilin şüşəsinə 76 spirtdən doldurub bir- iki udum içib  sərxoş olacaq. Hətta arada 96 spirti də beləcə içir- 20 qram bəs edir öz dediyinə görə.

Harda da işlədi həmin yerə yaxın mağazadan nisyə edir- qazandığı da gedir o nisyələrə. 

Dinqoz Familin bir qohumu var - Bakıda yaşayır,  sələfidi. Toyunu bizim rayonda elədi. Bu da  sələfi toyuna gedib orda da araq içmişdi- sən demə borjomi  şüşəsinə araq doldurub gedib toya. Orda da hamı elə bilib borjomi  içir. Famil belə yerlərə gedəndə bir manat arağa verirsə, bir manat da saqqıza verir- sonradan iy bilinməsin deyə. Bax beləcə, içki onun həyatını çeynəyir, o da saqqız çeynəyir. Hətta o sələfi toyunda bir bığsız uzunsaqqal, şalvarıgödək sələfi bunu irad tutub. Famil də hazırcavab- deyib qağa, bə nətəri olur, Ser Aleks Ferqussen bütün dünyanın gözünün qabağında saqqız çeynəyəndə olur, mən 5-3 adamın içində saqqız çeynəyəndə olmur? Niyə öz millətimizi gözümüz götürmür?

 Bundan sonra da dadandı sələfi toylarına- gözəl millət onlardı deyirdi. Heç dəvətnamə zad da lazım deyil, get Allahdan onlara xoşbəxtlik arzula, özün də vur bala- bala. Bir- iki toya belə getmişdi Dinqoz Famil. Amma sonra kələyinin üstü açıldı- bu qarayığval hər dəfə öz dedyi kimi desək- tırnasını dolduranda mütləq xaç çəkir. Sələfilər də mağardan çıxanda xaç çəkdiyini görüb maraqlanıblar nəmənə şeydi. Deyib- a kişilər, mən hara, xristianlıq hara? Mən deyirəm yəni- kül olsun o başa ki( bu yerdə əlini başına qoyub), iki qolnan (bu yerdə də çiyinlərinə aparıb əlini) bir qarını (bu yerdə də xaççəkmə ayininin son akkordlarını vurub- əlini qarnına qoyub) saxlaya bilmir, dolandıra bilmir. Ha, ha, ha....

Sələfilər də deyib başının salamat olmasını istəyirsənsə, bir də bizim toylara gəlmə, sən müşriksən. O da daha qorxusundan sələfi toylarına getmək nədi, o yanda bir uzunsaqqal, şalvarıgödək adam gördümü əkilir aradan.

 Arada da araq içməkdən mərc gəlib bir araq udur. Mərci belədi- burnumdan araq gətirəcəm- bir çappa stəkan arağı birnəfəsə başına çəkir və bu zaman burnundan bir- iki damcı araq gəlir. Hələ zarafata salıb deyir ki, həyat anam mənə süd əvəzi araq içirdib, indi anamdan əmdiyim burnumdan gəlir. 

Qəribə oyunları da var- bir dəfə içkili- içkili evlərinin yanındakı işıqforun işığına nə etmişdisə, qırmızı sönmürdü- bir saat şəhərdə hərəkət dayandı. Bu da qıraqda pivəxanada oturub ürəkdən gülür - ey Famil haa, deyir, sən də hərəkəti dayandıra bilərmişsən.

 Sonra həmin işıqforun işıqlarını söküb aparmışdı evə- guya araqla dəyişəcəkdi. Kimsə dəyişəsi olmadı- bu da neynəsə yaxşıdı, götürüb otağının çilçırağına vurub bu işıqları. Evdə yol hərəkəti qaydaları düzənləyib öz- özünə qəşş eləyib gülür.

  Bir dəfə də gecə vaxtı şəhərin o başından bu başına gələsi imiş. Fışqırıqlayıb bir marşrutu dayandırır və atılır içəri. Sonra da bunu yuxu basır. Bir də onda ayılır ki, artıq Lökbatan körpüsünə çatıb. Düşür sürücünün üstünə- sən məni hara gətiribsən qardaş, indi mən necə qayıdacam? Sürücü hər şeyi yerli- yataqlı biləndən sonra qəşş edib gülür. Daha sonra da deyir- axşam sizin rayona qayıdacam, bu gün də mənim qonağımsan, təki vurmağında ol. Indi dostlaşıblar. Dinqoz Famil də dostdan- tanışdan kim Bakıya gedəcəksə zəng edib ona yer sifariş edir, bu dünyada bir faydalı işə yaradığını sayır.

  Bax belə bir tipdi Famil. Noolsun ki içəndi? Di mən ondan Kefli İsgəndərmi düzəldim? Adam heç “Bəxt Üzüyü”ndəki Hüseyn qədər də yoxdu. Nəinki dünyanın çirkaba batması, heç evinin yanındakı arxın çirkaba batması da maraqlandırmır onu. Amma o mənim xətrimi istəyir, mən də onun. Bir- iki dəfə də ağladığını görmüşəm, zar- zar ağladığını. Dedim kimi ağlayırsan, dedi səni. Əclaf, məni niyə ağlayırsan? Dedi- sən də düzünü deyənsən, səni də öldürəcəklər. Atamı öldürdülər, indi sən qalıbsan. Dedim ay axmaq, kimdi məni öldürən? Dedi- ehtiyatlı ol. Çox kövrəldim. Adam içkiyə atasının ölümündən sonra başlamışdı. Heç 7- sini də gözləyə bilməmişdi. Özü də yaman başlamışdı.

***

 Rayonda şeir müsabiqəsi keçirilirdi- biz beş şair də münsif. Nəysə, birinci yerə bir nəfər, ikinci yerə iki nəfər, üçüncü yerə də üç nəfər uşaq layiq görüldü. Bundan sonra da biz münsiflərə bu müsabiqəni keçirən  Mədəniyyət və İdman Komitəsinin sədri qonaqlıq verməli idi. Amma o qonaqlıq baş tutmadı- yer tuta bilməyən bir qız uşağı qalxdı yerindən, özü də necə qalxdı:

-Hamınız saxtakarsınız. Hərə öz yerlisini seçdi. Mən bunu Heydər Əliyevə yazacam, BMT- yə yazacam. Saxtakarlar, fırıldaqçılar, sizdən şair nədi, heç kərtofsatan da olmaz (Sedanın Moşuya dediyini deyirdi).

Beləcə də Mədəniyyət və İdman Komitəsinin sədri bizdən narazı qaldı, sən demə qızın dediyi şeir onun xoşuna gəlibmiş. Qonaqlıq baş tutmadı. Suyumuz süzülə-süzülə çayxanaya burulduq. Bu arada ən yaşlı münsifimiz Sədrəddin İncəqəlb  o yandan qayıtdı ki, belə demoqoqlar ancaq Ayrım dərəsindən çıxar. İncəqəlbin  dediyini o biri şairlər də təsdiq etdi. Mən də möhkəm cırnadım, demoqoq özünüzsünüz dedim.

 Aradan beş- altı gün keçmişdi- qaçqın kimi məskunlaşdığımız toyxana binasının qabağında məhlə uşaqları ilə söhbət edirdik. Bir də gördüm həmin qız velosipet sürə- sürə toyxananı dörd dolanır. Uşaqlardan bu qızı tanıyan varmı deyə soruşdum- məlum oldu ki, qız biz tərəfdən imiş. Yuxarı Ayrım kəndindənmiş. Barmağımı dişlədim. Sədrəddin İncəqəlbin özündən demoqoq adam olmayıb rayonda, buna kim dağ çəkib görəsən? Özü də bizim dərədən olub həmin şəxs. Biz tərəfdə də yazan çox, ağlım bir şey kəsdirmədi.

***

 Bir axşam qardaşım dedi Varatnikov səni öz evinə dəvət edib. Deyir, gəlsin yaxşı çaxırım var, bir az dərdləşək. Varatnikov bu Familin atasına deyirdik- Cahangir Mirzəyevə. Həm Varatnikova bir az oxşarlğı vardı, həm də savadına görə belə deyilirdi. Cahangir Mirzəyev də bütün rayonda, bütün respublikada və  bütün keçmiş ittifaqda ad çıxarmış adam. indi həyatının son səhfini edirdi- yaşının bu vaxtında şeirə başlamışdı. Son dərəcə zəif şeirlər yazırdı. 

  Cahangir Mirzəyev dövrün qəhrəmanı ola bilərdi. Respublikada barmaqla göstəriləcək və barmaqla sayılacaq dissidentlərdən idi. Hələ 1981-ci ildə atmışdı partbiletini. Özü də o zamankı ADU- nun rektorunun üstünə. Bundan sonra da qara günləri başlamışdı.

26 yaşında qəbul olmuşdu ADU-nun hüquq fakültəsinə. Buna qədər doqquz dəfə iş vermişdi həmin yerə. O vaxtlar da kim idi adi hənd qoruqçusunun oğlunu belə yerə buraxan. Iki il əsgərlikdə olanda da günü həmin fakültəyə hazırlaşmaqda keçmişdi. Və nəhayət qəbul olmuşdu.

 Özü danışırdı qəbul olmağının səbəbini- göyərçin şəkli. Deyirdi sovetin sülh göyərçininin yalnız bu xeyrini gördüm. Demək ədəbiyaytdan yazılı imtəhan imiş. Cahangir baxır ki, yanındakı uşaq inşa yazmaq əvəzinə göyərçin şəkli çəkir. Uşağın ad- soyadını öyrənir. Səhər qiymətlər məlum olur- Mahir Əliyev-5, Cahangir Mirzəyev- 2. Cahangir də götürüb Moskvaya yazır- xahiş edirəm Mahir Əliyevin yazı işini yoxlayasınız. Və yoxlama komissiyası faktı aşakr edir. Bütün unuversitet bir- birinə dəyir. Cahangir də beləcə tələbə bileti qazanmış olur. Deyir yeganə tələbəydim ki, partbiletimi tələbə biletimdən əvvəl amışdım. Hələ əsgərlikdə- uzaq Almaniyada kommunist partiyasının sıralarına daxil olmuşdum. Tələbə yoldaşlarımın hamısı uşaq- muşaq idi. 

Həmin Mahir Əliyev sonrakı il qəbul olur, indi prezident aparatında hüquq şöbəsində rəis ümavini işləyir. Cahangir isə çoxdan köçüb bu dünyadan.

Universitetdə çox qorxurlar Cahangirdən. Adam 9 il çalışıb- çabalayıb məqsədinə nail olmuşdu. Bir yazısına görə Moskvadan komissiya gəlmişdi. Hər şey qaydasında gedirdi- Cahangir hətta dərsə içkili də gedirdi, kimsə dillənə bilmirdi. Ailəsinə də Bakıda yerləşdirmişdi. Özü də gecə növbəsində metroda işə düzəlmişdi. Yoldaşı da hansısa tikiş sexində işləyirdi. Ev növbəsində idilər.

 Amma Cahangir universitetdə tüğyan edən haqsızlıq və rüşvətə biganə qala bilmirdi. Moskvada da Moskvalıq qalmamışdı- nə qədər yazırdı, xeyri olmurdu. Həmin Mahir Əliyev isə universitetə hərdən QAZ-24-ü ilə gəlir və mütləq də QAZ-24-də 2-3 qız olardı. Cahangirə - səndən heyfimi alacam demişdi. 

 Əlbəttə ki, Cahangir onun cavabını artıqlaması ilə vermişdi. Hələ üstəlik şərəf lövhəsində də şəklini cırıb atmışdı. Bax o şərəf lövhəsi məsələsi Cahangirin sonrakı taleyini həll elədi. Əvvəlcə metroda işdən çıxardılar. Cahangir gedib düzəldi quşçuluq fabrikinə. Orda da üzünə adam qoydular- guya toyuq oğurlamışdı. O Mahiri göyərçinlə ilişdirmişdi, Mahir də onu toyuqla ilişdirdi.

 Nəysə, ali məktəbdən ıv kursu bitirməmiş qovlandı Cahangir. Əli heç yerə çatmadığını görüb partiyadan çıxdı. Bu arada isə, necə etmişdisə ABŞ səfirliyinə məktub adlatmışdı, vətəndaşlıq istəmişdi. Reyqanın cavabı da özünü çox gözlətməmişdi- Cahangir Mirzəyev ailəsi ilə birgə ABŞ- a dəvət edilirdi. Amma Sovet hökuməti məktubu Cahangirə çatdırmamış və dövlət adından Reyqana bir cavab verilmiişdi- biz o vətən xainini ABŞ- a məmnuniyyətlə göndərərdik, amma bu arada aftomobil qəzasında həlak olub Cahangir Mirzəyev. Hətta hansısa bir Cahangir Mirzəyevin qəbrinin şəkli də Reyqana göndərilmişdi. Reyqan evi yıxılmış da Cahangirin dirisini harda görüb ki, ölüsünün şəklini də tanısın. O ikinci Cahangir Mirzəyevin də ölüm tarixi baş daşında 1981 imiş. Beləcə də məsələni bu yolal həll edən Sovet hökuməti Cahangiri “başa salmaq” fikrinə düşdü. Adamı elə rayondaca yaxalayıb basdılar rayon dəlixanasına. Burada da hansısa bir iynə vurub həqiqətən dəli eləmək istəmişdilər. Amma Cahangirin sinif yoldaşı Şəfiqə doktor məsələni bilmişdi və Cahangirə yardım etmişdi. Haqq- hesabı  Cahangirə bildirmişdi və Cahangirin dəlixanadan qaçması üçün şərait yaratmışdı. Cahangir saxlanan otağa bir neçə prostin atmışdı ki, uc- uca bağlayıb pəncərədən aşağı düş, filan tərəfdən də qaç.

 Beləcə də Cahangir dəlixanadan qaçıb gəlmişdi kəndə. Daha sonra da onun qaçaq həyatı başlamışdı. Dağlarda, meşələrdə qaçaq həyatı yaşayan Cahangir bəlkə də dünyanın yeganə qaçağı idi ki, silahı, sursatı yox idi. Mən sonralar bildim- kimlər ona yemək aparırmış. O adamlara qarşı hörmətim artdı.

 Qoyun nobatında, mal nobatında olan kəndçilərimiz Cahangiri də nəzərə alardı- onun da payını çantoylarına qoyardılar. Və mütləq bir başıxamırlı da qoyulardı çantoya.

 Sonra necoldusa, Cahangiri Sovet hökuməti bağışladı. Öz dediyinə görə hansısa tələbə yoldaşı kömək etmişdi- həm də ara bir qədər uzanmışdı.

Amma nə təhsilini davam etdirə bildi, nə də heç Allahın fəhəliyinə götürdülər. O da ailəsini dolandırmaq üçün gah erməniyə, gah da müsəlmana qoşulub “xopan”a ( biz tərəfdə qazanc dalınca Rusiyaya işləməyə gedənlərə- xopana gedib deyərdilər. Deyilənə görə söz erməni sözüdür və mənası da qazanc deməkdir. Xam torpaqlarda ilk dəfə biz tərəfdə ermənilər işləməyə getmiş və bizimkilər də bu qazanc yolunu onlardan öyrənmişdilər) gedər, ailəsini beləcə dolandıra bilərdi. Xopandan gələnlər adətən özünə ev- eşik düzəldərdilər. Amma Cahangir ev tikmədi- deyirdi onsuz da Sovet hökuməti dağılacaq, kənd də erməninin içində. Evlər qalacaq ermənilərə- onda çoxları deyirdi ki, elə bunu yaxşı edib dəlixanaya salıblar. 

Sonra da möhkəm xəstələndi Cahangir- bu aralar artıq ona Varatnikov deyirdilər (bundan sonra biz də elə deyəcəyik).  Ciyərinə su yığıldı. Daha xopana gedə bilmədi. Yenə işsizlik, yenə pulsuzluq. Əslində Varatnikovun xopana getməsi rayon rəhbərlərinə də sovxoz rəhbərlərinə də, kənd rəhbərlərinə də sərf edirdi. Başları rahat olurdu.  Varatnokov həmin bu Famili sorğu- sual edəndə gördü uşaq sıfırdı. Özünü yetirdi məktəbə. Məktəb bağlı. Nə olmuş- yuxarı siniflər sovxoz üzümlüklərinə peyin vermək üçün aparılıb. Ibtidai siniflər isə- hər üç sinifin müəlliməsi elti idi. Qaytataları ölmüşdü- mərhumun 7-si çıxınca məktəbib qapısı qıfıllı qalacaqdı. Varatnokov da götürüb Moskvaya yazdı: Mənə deyin görək, mərhum Dursunəli Məsmalıyev Vladimir İliçdən nə qədər önəmli adamdı? Vladimir İliç öləndə iş cəmi 5 dəqiqə dayandı, Dursunəli Məsmalıyev öləndə iş bir həftə dayanır.

Bir də onda gördük bütün ölkə dəyib bir- birinə. Bizim məktəb nədi e- bütün respublika məktəbləri yoxlandı. Və bütün respublika Varatnikovdan çəkinməyə başladı. Bizim də canımız peyin daşımaqdan qurtardı. Amma bir- iki il sonra soxoz torpaqları arendaya verilməyə başladı- Varatnikov da arendaya yer götürdü. Biz şagirdləri yenidən dərsdən ayırıb sahələrdə işləməyə apardı müəllimlər. Bu dəfə Varatnokovun arenda torpaqalrında işləyirdik. Amma elə bilirdik ki, hökumətə işləyirik. Heç pulumuz da verilmədi- axı sovxoz yerində işləyəndə hərəmizə 3- 5 manat pul yazılırdı. Bax Varatnokov belə Varatnikov idi- sovetləri bəyənmirdi- amma özü şagirdləri qul kimi işlədirdi. Bunun səbəbi məktəb kollektivinin ondan qorxması idi- elə bir yerdən yapışardı ki, məktəb bütün respublikada məhşur olardı.

 Bir dəfə Varatnikov ferma müdirindən bir az kəpək istəyir. Müdir də özündənrazının biri- deyir mən düşmənə kəpək vermərəm. Varatnikov bunun bir hesabatını əldə edir- fermada atların 50%-i ölüb. Götürüb yazır Moskvaya ki, qoymayın, Vidadi sovxozunda atlar qırıldı, qalmadı. Gəlib yoxlayırlar ki, at zad ölməyib. Sən demə cəmi bir at varmış fermada- bu at da ilin sonunda bir bala doğub. O biri ilin sonuna qədər də dayçanı canavar yeyib. Müdir də hesabatı faizlə verib- 50% at ölümü qeydə alıb. Bundan sonra müdirin savadsızlığı üzə çıxdı və Varatnikov onun diplomu fermada danayabaxan işləyərkən kəpəyin, yemin pulu ilə aldığını sübut etdi. Adamı göndərdilər hansısa kursa ki, get savadını artır. 

 Yəni bu Varatnikovun gərək quyruğunu tapdalamayaydın- tapdaladınsa, çox incə yerindən yeridəcəkdi zəhərini.

***

 Sonralar Xalq Hərəkatı başladı. Amma rayonda yalnız və yalnız bizim kənddə hərəkatçı yox idi. Varatnikova inanan camaat hərəkata qoşulmamışdı. Varatnikov- əşşi, bunlar da ciqanlardı demişdi. Və əlavə etmişdi- məni universitetdən qovanlar indi qoşulublar hərəkata. Vəzirovun, Mütəllibovun qovduğu kadrlar olub hərəkatın bayraqdarları. Ateizmdən dərs deyən kommunistlər olub Allah adamı.

 Daha sonra da müharibə başladı, Sovet hökuməti dağıldı,  qaçqınlıq başladı. Qaçqınlara müxtəlif ölkələrdən yardım verilirdi. Bir dəfə gördüm Varatnikov düşüb bir ameriaknın üstünə- O Buş kopolunu başa sal ki, mən ölməmişəm. Gözün görür ki yaşayıram.

  Sən demə Varatnikov yenə vətəndaşlıqdan imtina etmək istəyir- amma məktubu gedib ABŞ-a çatmır.

Heç avxt da çatmadı onun məktubu ABŞ- a.

Daha ABŞ- nı da zəif yerindən vurası deyildi ki. Sən demə indi mübarizə aparmaq daha çətinmiş ona- rayonun Allahı sayılan İcra Başçısı Şiraslan Ramazanovdan nə qədər yazsa da xeyri olmurdu. Hətta Şiraslana qarşı bir hərəkat da yaratmışdı “Kalbasan” xalq hərəkatı. Kalbasan da həmin Şiraslanın əmisi oğlu- o da Şiraslanın vəhşiliyindən təngə gəlib Varatnikovun hərəkatına qoşulub da əsas diqqət mərkəzinə düşmüşdü. Bütün ölkə bir- iki ay bu hərəkatdan danışdı. Amma Şiraslana bu hərəkatın bir- istisi, soyuğu dəymədi. Hərəkat üzvləri isə - yarısı Şiraslandan üzr istədi, yarısı ölkədən qaçdı, beş- altısı da həbs edildi. Yalnız Varatnikov “salamat qaldı”. Cammat isə- yenə mərdimazarlıq elədi- camaatı baqaja qoyub özü təmiz qaldı- dedi.

 Hələ bu vurhavurda Famili də əsgərlikdən qaçırda bildi. Bir də eşitmişdi ki oğlu qospitaldadı. Özüylə əsgərlik albomunu da aparmışdı. Komandirləri tapıb- mən sovet ordusunda belə yaşayırdım, bir mənim şəkillərimə də baxın, indi oğluma da baxın, amma mən o hökumətin vətəndaşlığından imtina etdim, dağılmasını istədim. Indi siz nə ordudu saxlayırsınız? Belə də əsgərmi olar, bu əsgərdi ya əsirdi? Niyə bircə vəzifəlinin, varlının uşağı yoxdu bu orduda? Mən belə orduya oğul vermirəm.

 Təxminən bu cür sözlər deyib Famili köçürtmüşdü mülki xəstəxanalardan birinə. Sonra da Famili gətirdi evə. Bir-iki aydan sonra Famil həbs olundu- amma 10 gün yatmadı. Varatnikov necə etdisə rayon hərbi komissarlığı da, həmin N saylı hərbi həssə də, qospitalda bir neçə həkim də hamısı zibilə düşmüşdülər. Hərəsi bir xeyli tərləməli olmuşdu- əlbəttə Varatnikovun da hesabını vermişdilər.

 Varatnikovdan da Şiraslan qorxurmuş- kəndin Qarayazı düzündəki torpaqları sovxoz torpaqları kimi hələ qalırdı. 250 hektar torpaq. Direktor da həmin 50% at hesabatı verən müdir: Tolstoy. Varatnikov  Tolstoyun yerinə keçib ailəsinə gün ağlamaq istədi. əlbəttə bu Şiraslan üçün də sərf edirdi. Amma Varatnikov işi elə həll etmək istəyirdi ki, Şiraslan ona minnət qoymasın. Buna görə də Tolstoyu tutub dedi:

- Ay qarayığval oğlu qarayığval. Bu savadsızlıq sənin başına azmı oyun açıb? Bu gün- sabah səni dığırlayacaqlar.

- Noolub, a Varatnikov?

- Noolasıdı... İndi milli hökumətimiz var, dövlət dilimiz var. Hər şey milliləşir. Elə direktor sözü də milliləşib, olub “icarədar”. Direktor rus dilindədi,  rus hökuməti də düşmən. Bax səni istəyib deyirəm- get Şiraslana ərizə ver- yaz ki, xahiş edirəm məni direktor vəzifəsindən azad edib icarədar kimi işə götürəsiniz.

- Sağ ol, a Varatnikov, el adamısan.

Varatnikov Tolstoyun ərizəsindən həmən sonra boşalmış yerə öz namizədliyini irəli sürdü. Şiraslan da bir qədər qah- qah çəkəndən sonra onun ərizəsinin üstünü yazdı.

Varatnikov xeyli kənd sakinini də özüylə Qarayazıya apardı- əkdilər, biçdilər. Taxıl anbara yığıldı- amma yoxa çıxdı. Şiraslanın payı da yoxa çıxmışdı. Ambardar da, qaravul da ilişdilər- Vratnikov yenə salamat qurtardı.  Həmin ambardar vaxtilə ona çörək daşımışdı.

Hə, bax belə bir adam idi Varatnikov.

***

  Bildi ki, şeirlərini bəyənmədim- bir qədər inciyən kimi oldu. Daha sonra keçdik siyasətə. Ən böyük düşmənlərinin siyasi analitiklər, politiklər olduğunu dedi. Sovetin dağılacağını proqnozlaşdıra bilmədilər, indi adlarını politik qoyublar. Hamısı yalan danışır- bilirlərmi sabah Rusiya necə güclənəcək? Hamısı Rusiyanın dağılacağını gözləyir.

Mən söhbəti dəyişmək istəyirdim. Birdən yadıma  Sədrəddin İncəqəlbin sözləri düşdü. Əhvalatı danışdım. Onun bizim dərədən niyə yanıqlı olmasını soruşdum, kim idi onu belə yandırıb- yaxan ?

- Bax bu lələşin- deyib sinəsinə vurdu əlini.

- Nə vaxt? Nətəri yandırdın onu?

- O vaxt mən dəlixanada olanda psixoloji təsir edib ağlımı başımdan almaq istəyirdilər. Gah dedilər arvad imtina edib səndən, gah dedilər uşaq imtina edib. Sonra da bir qəzet gətirdilər, İncəqəlbin məqaləsi vardı- Qədirbilməz Ünsür. Guya mən satqınam, xainəm, Türkiyə agentiyəm, Amerika şpionuyam. Yazmışdı sovet hökuməti səni oxudub adam eləmək istəyirdi- sən adam olmaq istəmədin. Sovet hökumətinin çörəyi burnundan gəlsin. Ancaq o günləri bir şeiri keçib əlimə- Türkiyə- Azərbaycan qardaşlığından yazmışdı. Ona çəkdiyim dağı çəkmişəm, bir də baş qoşmaq istəmirəm.

- Sonra necə oldu?

- Mən də hökumətlə barışandan sonra İncəqəlbi sevər yerindən vurmaq istəyirdim. Buna görə də bütün yazılarını qəzetdən kəsib yığırdım. Bir gün “Bağlar batır, sahibi yatır” adlı bir məqaləsi keçdi əlimə. Xaqani sovxozunda üzüm bağlarının batması haqqında yazmışdı. Bildim ki, bunun bir “tənqiddən nəticə hissəsi” də olacaq. Amma mən gözlədiyim olmadı- sanki bağlar batmırmış, sahibi də yatmırmış. Yenə Xaqani sovxozunun üzüm bağlarından yazmışdı- gilə- giləni şağırır, salxım- salxımı. Adam birinci məqaləsinin tamam unutmuşdu. Yəqin pay- püşü artıqlaması ilə olmuşdu. Artıq tələdəydi.

Amma mən bir qədər də gözləmək qərarına gəldim. Eşitmişdim adama “Qızıl Qələm” mükafatı vermək istəyirlər. O vaxtlar da rayonda kim mükafat alsa, mükafat Bakıdan rayona gəlir, mükafatı təqdim edən şəxs mükafata  laeuratın adını yazıb təqdim edirdi. Yəni Bakıdan çıxan mükafat kiminçünsə nəzərdə tutuldusa və o şəxs də ya öldü, ya həbs olundusa, bir başqa şəxsə verilməliydi. Dedim lap məqamdı- götürüb “Pravda”ya yazdım- siz necə durursunuz dövlətin keşiyində? Siz necə bütün dünya proletariatını birləşdirmək istəyirsiniz? Bizim Xaqani sovxozunda bir möcüzəli üzüm sortu kəşf olunub- cəmi iki həftəyə üzüm bar verir. Məhsul aşıb daşır. Inanmırsınızsa, sübut da bu- kəsib götürdüyüm məqalələrin sürətini də məktuba əlavə etmişdim. “Pravda” da məni yaxşı tanıyırdı- adım o zaman o qəzetdə çox hallanmışdı. Bunlar məktubumu dərc  etməsələr də  respublikada kimlərəsə bildiriblər. Onlar da Jurnalistlər Birliyinə bildirib. Jurnalistlər Birliyi də mükafatı İncəqəlbdən  alıb verib Qasımcanova. İncəqəlbin də xəbəri yox. Hələ üstəlik də Yazıçılar Birliyinə üzv olasıymış həmin gün. Bazardan bir çongə, 6-7 də kabablıq quzu almışdı- bu uğurlarını toy-düdüklə qeyd edəcəkdi. 

 Böyük iclas salonu- iynə atsan yerə düşməzdi. İncəqəlb  də əyləşib qabaq sırada, iki uğurunu birdən rəsmiləşdirmək ərəfəsində həyatının ən xoşbəxt anlarını yaşayır. Mükafat elan edilir və İncəqəlbin adı çəkilmir- mükafat Qasımcanova təqdim olunur. Tapp, bir zərbə- düz ürəkdən. Dalınca da bir elan- Sədrəddin İncəqəlb dövrün tələblərinə uyğun yaradıcılıq məhsulları ortaya qoya bilmədiyinə görə AYB sıralarına daxil olması mümkün deyil. Tapp- bu da ikinci zərbə- düz ürəkdən. Və dalısınca da infakt- İncəqəlb illərlə xəstəxanalarda qaldı. Bir də onda ayıldı ki, Sovet hökuməti dağılıb. Indi də özünü türkçü kimi göstərib- o qərarı camaatın gözünə soxur- guya Sovet hökumətini bəyənməyib, buna görə də ona təzyiq olub. Bax belə əclafları daim yandırıb- yaxmışam.

***

Hə, Varatnokov beləcə də Sədrəddin  İncəqəlbi ber-biabır etmişdi.

 O axşam nə qədər qaçmaq istəsəm də, beş on şeirini dedi. Mən də başa salmağa çalışdım ki, sən elə dissidentliyin haqqında yaz- əla bir tarixi yazı olar. Sən çox şeylər bilirsən- axırda razı oldu. Amma dedi bu haqda poema yazacam.

 O poemanı da yaza bilmədi - ömrü çatmadı. Şiraslan zəhərlətdi onu. Axır vaxtlar elə Dinqoz Famil kimi olmuşdu - kimlə gəldi içirdi. Şiraslan da yeməyinə zəhər qatdırdı- heç kim də bilmədi necə olub, harda olub. Famil də atasına az qala dünyanın ən güclü adamı kimi baxırdı - onun zəhərlənməsi və səssizcə də dəfn edilməsi - unudulması çatmadı Familə. Başladı Dinqozluğa. Hələ də vurur özüyçün. İncəqəlb indi Türk Dünyası Mədəniyyət Məsələləri Üzrə Təşkilatın sədr müavinidi. Bir ayağı Türkiyədədi. Amma Varatnikovların ayağı kəsilib bu məmləkətdən. Famillər dinqozluq edir. Budur bu saz- söz yurdunun günü- saatı. 

***

 Dostum sanki yeni bir dünya  kəşf etmişdi: - mütləq görüşməliyəm Dinqoz Famillə, - dedi. Ha başa salmaq istədim ki, Famil sənə müsahibə verən deyil,  xeyri olmadı. Zəng edib Famili ucuzxanaların birində tapdıq -  dostumun hesabına süfrə təzələndi. Amma Dinqoz Famil başladı bizim uşaqlıq xatirələrimizi üyüdüb-tökməyə. Dostumun müsahibəsi alınmadı. Famil yalnız bircə sualına cavab verdi- niyə bu qədər içirsiniz?

- Qorxuram, çox qorxuram. Elə bilirəm ayılan kimi zəhərləyəcəklər məni. Ona görə də arağı su kimi içirəm. Su içənə ilan dəyməz.