Beynəlxalq təşkilat İranda soyunaraq etiraz edən tələbənin azad edilməsini tələb edib
04-11-2024 16:32 / Bu xəbər 449 dəfə oxundu
Universitet rəsmisi isə tələbənin psixiatriya xəstəxanasına aparıldığını deyir
"Amnesty International” insan hüquqları təşkilatı İranda etiraz edən tələbənin həbsini pisləyib.
Təşkilat İran hökumətini oxuduğu universitetin həyətində alt paltarına qədər soyunmaqla etiraz edən tələbəni dərhal azad etməyə çağırıb.
Bu barədə "Amnesty International” "X” hesabında məlumat yayıb.
Noyabrın 2-də İranın İslam Azad Universitetinin qadın tələbəsini universitetin qarşısındakı küçədə alt paltarına qədər soyunduqdan dərhal sonra həbs ediblər.
"Amnesty International”ın bəyanatında bildirilir ki, tələbə "Bəsic” üzvləri ilə güvənlik qüvvələrinin basqısına məruz qaldıqdan sonra bu addımı atıb.
Videoni "Əmir Kabir” tələbə kanalı, ardınca kürdlərin "Hengaw” insan hüquqları qrupu, "Amnesty International” və digər sosial media hesabları yayıb.
"Amnesty International” hazırda həbsdə olan tələbənin durumundan narahatlığını bildirib. Bu üzdən təşkilat onun təhlükəsizliyinə təminat tələb edib: "Tələbə azad edilənədək hakimiyyət onu işgəncə və digər pis davranışdan qorumalı, ailə üzvləri və vəkillə görüşə şərait yaratmalıdır”.
Bundan başqa, təşkilat həbs zamanı tələbənin döyülmə və cinsi zorakılığa məruz qalması ilə bağlı ittihamları müstəqil və qərəzsiz araşdırmağa, hadisəni törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.
"The Associated Press” yazır ki, tələbə yarımhərbi "Bəsic” qrupunun üzvləri ilə təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb.
"Onlar tələbənin baş örtüyünü və paltarını cırıblar. Buna etiraz olaraq alt paltarınadək soyunan tələbə universitet ərazisini nümayişkaranə şəkildə dolaşıb və ali məktəbin həyətindəcə oturub”, – deyə xəbərdə bildirilir.
İranın rəsmi mediaları yazır ki, tələbə uyğun geyimlə dərsə gəlmədiyi üçün universitet mühafizəçilərinin xəbərdarlığına etiraz olaraq soyunub.
İslam Azad Universitetinin sözçüsü Məhəmməd Qurbani də deyib ki, tələbə polis tərəfindən saxlanılıb, daha sonra polis nəzarətində psixoterapiya üçün xəstəxanaya aparılıb: "Hazırda həkim və psixiatr nəzarəti altında diaqnoz və müalicədən keçir”.
"Fars” xəbər agentliyi isə universitet rəhbərliyinə istinadən yazır ki, tələbə ali məktəbdə "əxlaqsızlığı təbliğ etdiyi üçün” saxlanılıb.
Rəsmi məlumatda tələbənin heç bir zorakılığa məruz qalmadığı, ona qarşı aqressiv və sərt davranışın olmadığı bildirilsə də, "Əmir Kabir” kanalının yaydığı məlumatda bunlar təkzib edilir.
Məlumatda bildirilir ki, tələbə saxlanılan zaman başı maşının qapısına çırpılıb, təkərlərin üzərində qan izləri olub.
Saxlanılan tələbənin iki uşaq anası olduğu bildirilir.