Bir anlıq özünüzü qadınsız təsəvvür edin...

Bir anlıq özünüzü qadınsız təsəvvür edin...

07-01-2015 23:00 / Bu xəbər 2305 dəfə oxundu

Əminə BAĞIROVA

Hər kəsin müzakirə obyekti olan qadın obrazı. Yaşından, görünüşündən, düşüncə tərzindən, tutduğu vəzifə səlahiyyətindən, ailədəki nüfuzundan  asılı olmayaraq,  qadın hər zaman diqqət mərkəzində olub. Bu isə öz növbəsində müxtəlif xalqlarda, müxtəlif irqlərdə belə, eyni cür yanaşmanın olmasına dəlalət etmir. Mənim  məhz bugün yazmaq istədiyim çox şey var əslində. Məqaləm boyu hər kəsin etdiyi şəninə təriflər söyləmək fikrində deyiləm. Qadına olan münasibətin zamanca dəyişməyən tərəflərini nəzərinizə çatdırmaqdır istəyim. Qədim dövrlərdən indiki anımıza qədər qadın böyük təkamül prosesi keçib. Hamının bildiyi və ya bilmədiyi nüanslar var ki, onlar üzərində durmaq istərdim.  Biz qadınlarla yanaşı, eyni zamanda kişiləri də  düşündürən sual var: Qadının keçdiyi əzəmətli yol haradan və necə başlayır?

Ta qədim zamanlarda özlərini  yetərincə dərk edə bilməyən, istəklərini doğru-dürüst nəql etməyi bacarmayan, ətrafında baş verən fövqəltəbii hadisələri başa düşməyən qədim insanlarda qadın cinsinə olan hörmət böyük maraq doğurur. Qədim daş dövründə qadınlar həm kiçik icma qruplarında, həm ailədə, həm də qəbilədə geniş səlahiyyətə sahib idilər. Təbii ki, bunu sübut edən arxeoloji tapıntılardır ki, xüsusilə məişət əşyaları üzərində məhz qadın silueti əks olunub. Həmçinin Qobustan qayaüstü təsvirlərdə tonqal ətrafında əks olunmuş qadın obrazı...

Qadının uşağa baxması, ailənin ac qalmaması üçün yığıcılıqla məşğul olması, istilik və müdafiə mənbəyi sayılan ocağın müdafiəsi qadına həvalə olunurdu. Ailədə qan qohumluğu qadınla bağlı idi. Əbəs yerə matriarxat dövrü adlanmırdı. Amma nə yazıq ki, bu səltənətlik dövrü min illiklər keçdikdən sonra kişilərin hakimiyyəti ilə əvəz olundu. Bəşər tarixində cinslərin biri digərinə estafeti təqdim etməsinə F.Engels kəskin yanaşma edərək “ana hüququnun devrilməsindən  sonra qadınlar cəmiyyətdə ən şərəfli mövqeyini itirmiş, ərin kənizi olub. Bu qadın cinsinin ümumdünya tarixi məğlubiyyəti idi. Bundan sonra qadınlar haqqında mənfi fikirlər, rəvayətlər yarandı” deyə söyləyib. 

Zənnimcə, Engels bu fikri ilə ailədə və  cəmiyyətdə hüququ pozulan, ərləri tərəfindən zorakılığa məruz qalan, bilməzdən gələn yalnışlığa görə el qınağına çevrilən qadınların bir daha səltənəti ələ keçirməyə cəhd etmələrini istəyib. Bəlkə qadınların “hakimiyyət”i dövründə çiçəklənmə daha intensiv sürətdə inkişaf edirdi.

Amma yuxarıda söylədiyim kimi, hər xalqın zərif cinsin nümayəndəsinə fərqli yanaşmaları olub. Misal olaraq, qədim spartalılardan deyə bilərəm ki, uşağı olmayan qadının kəbini ləğv olunardı və əyalətdən qovulardı. Bədəvi ərəblərin isə doğulan qız uşaqlarının diri-diri torpağa gömülməsi əti ürpədir. Lakin bu bizə qorxunc və dəhşətli faciə kimi gəlməsin. Məgər yaşadığımız XXI əsrdə müasir üsullarla, bir az da “mədəniləşmiş” formalarda qız uşaqlarının tibbi yolla məhv olunması ərəb və yaxud da qeyri millətin atdığı addımdan geri qalmırmı? Məgər dünyaya uşaq gətirə bilməyən “ana”lar əri, qohum və qonşuları tərəfindən qınağa çevrilmirmi? Bu proses çox təəssüf ki, yüz illiklər keçsə də, öz aktuallığını itirmir. Deməli, nə dövrün, nə də qadınların günahıdır. Problemin mənbəyinin haradan başlanmasının müəyyənləşdirilməsi bizə çətin görünsə də, faktlar bir daha sübut edir ki, qadın cinsinə olan münasibət dəyişilməz olaraq qalır. Necə ki, 2+2-nin cavabı 4 etdiyi kimi.  

Dövlət Statistika Komitəsinin 2004-2008-ci illərdə hələ oğlan və qızların demoqrafik göstəricilərinə görə oğlanların yarıdan çox faizi qoruması, qızlara olan “tələbatın” azlığı tendensiyası bu ilə kimi davam edir. Məgər dünyaya oğlan uşağını gətirən qadın deyilmidir? Nəsil artımını həyata keçirən zərif qadınlar deyilmi? Kütlə arasında hələ də C.Məmmədquluzadənin söylədiyi kimi “danabaşlıların” üstünlüyü demoqrafik artıma, xüsusilə qız və  qadınların say tərkibinə görə sıradan çıxarılması, bir xalqın yad əllərə ehtiyac duyulmasına gətirib çıxarılması dəhşətli faciələrə səbəb ola bilər. 

Əziz kişilər, unutmayın, qadınlar yalnız sizin yanınızda  güclü və zərif ola bilər. Onun etibar  və güvən edə bildiyi kişi də xoşbəxt edə bilər. Bir özünüzü 24 saatlıq qadınsız təsəvvür edin. Səhər durduğunuz andan, gece yatağınıza qədər tək olduğunuzu və ətrafınızda  əks  cins nümayəndəsinin yoxluğunu düşünün. İşin nə qədər çətin olduğunu anladınız. Lazım olsaydı, kişilər ayrı planetdə, qadınlar isə başqa qalaktikada yaradılardı.