Bir kisə un

Bir kisə un

17-12-2022 03:00 / Bu xəbər 1975 dəfə oxundu

Günay Ümid

(Hekayə) 

Heç vaxt tarix, rəqəm yadımda qalmır. Amma o günü dəqiq xatırlayıram. 1994 cü ilin mart ayı idi. Torpağın canı yeni qızırdı. Evimizdəki odun sobasının tükeşi eyvanın tavanını qaraltmışdı. Bizdən yuxarı mərtəbədə yaşayan Gülü xala eyvanda, dəmir yağqabıların içində çoxlu dibçək gülləri əkmişdi. 

Sobadan çıxan tüstü, his güllərə ziyan vurur deyə anamla dalaşmışdıda. Bu, əli belində məhəllə davası, Gülü xalanın da evindəki nəfəslikdən çıxan  odun peçinin tüstüsü eyvanının tavanını qaraldanda bitdi. Müharibənin qızğın vaxtları idi. İşıqlar gün ərzində 2-3 saat yanırdı. 

Evlərə gələn maye qaz isə tamamilə kəsilmişdi. Evimizdəki qaz sobasının qapağı üç il olardı ki bağlı idi. Üstündə dəmir çörək tabağı  qoyulmuşdu. Atam yenicə həbs olunduğundan bütün yük anamın çiyinlərinə düşmüşdü. Anam dörd uşağı saxlamaq üçün iki işdə çalışırdı. Həftənin istirahət günlərində çörək bişirib o tabağa yığırdı ki, biz həftə boyu korluq çəkməyək.

Evdəki unun, ərzağın bitdiyini anamın Allahın qulağına pıçıldadığı duaları eşidəndə başa düşmüşdüm. Açığı üzülməmişdim. Çünki əmin idim ki anam bizi bütün məhrumiyyətlərdən qoruyur. O gün anam soyuducunun buzluğundan  iri sümüyü çıxarıb bizə sümük suyunda sup bişirməyə başladı. Bu sümük soyuducumuzdakı sonuncu ərzaq idi. Çörək tabağındakı  boyat  qırıntılar "İran maşınkası"nın üstündə qaynayan supun bişməsini gözləyirdi. O vaxtlar "İran maşınka"sından bütün evlərdə var idi. Ağ neftlə yanırdı, adətən yaşıl rəngdə olurdu. Üstü də sürüşkən idi.  Üstünə qazan, çaydan  qoyanda ehmalca davranırdıq.  

Kiçik qardaşım tez-tez yeməyin haçan bişəcəyini soruşurdu. Anam da hər dəfə bir söz deyib onun başını qatırdı. Nəhayət ki, böyük bacım yerə süfrə saldı. Hərəmiz qaçıb öz qablarımızı götürdük.  

Anam çörək tabağındakı qırıntıları qablarımıza doğramağa başlamışdı ki, məndən qazanın altını söndürməyi istədi. Sevincək "İran maşinka"sına tərəf qaçıb qazanın altını söndürdüm. Üzümü çevirib süfrəyə geri dönəndə arxadan gələn gurultu səsinə diksindim. O an mənə elə gəldi ki, müharibənin tən ortasında, topun, tüfəngin altında qalmışam. Bu gurultu bir anda hamımızın sevincinin qulağını batırdı. Ayağımın yanındakı sümüyü görəndə elə bil yuxudan ayıldım.   

Qazan sürüşüb yerə dağılmışdı. Bir anda gözlərim  mətbəxin qapısından ətrafı çaşqınlıqla izləyən anamın baxışlarına sataşdı. Bu elə dəhşətli çarəsizlik idi ki...adamın nitqi tutulurdu. Axı mətbəxə anamın son ümidi dağılmışdı...

Anam özünü güclə toplayıb: "Rədd ol, gözüm səni görməsin", - deyə üstümə qışqırdı. 

Qorxumdan haçan həyətə qaçdığımı xatırlamıram. Bircə o yadımdadır ki, gedib bir daşın üstündə oturdum. Yerdən bir cubuq götürüb ürəyimin  ritmini tuta-tuta  torpağı  eşməyə başladım. Birdən çubuğuma bir birinə keçirilmiş  bir cüt sırğa ilişdi.  O sırğaları gəlinciklərimin qulağına taxacağımı xəyal etməyə başladım. İçimi qəribə bir sevinc aldı. 

Mənə elə gəldi ki, ürəyimdə günəş doğub. Bir az bundan qabaq yaşanan hadisəni təmiz unutmuşdum ki, bacım eyvandan məni səslədi:
- Gəl evə, qapını açıq qoymuşam. 

Anamın hirsi soyuyub. Barmaqlarımın ucunda içəri girib otağa keçdim. Ovcumdakı sırğaları bacıma uzadıb: "Bunları kuklamın qulağına taxa bilərsən?" - dedim. 

Bacım sırğaları alıb gəlinciyin qulağını deşməyə çalışırdı ki, anamın səsi gəldi:
- Əlindəki nədi?
- Sırğadı (barmağıyla məni göstərib) həyətdən tapıb, - dedi.

Anam sırğaları alıb uzun-uzun baxdı və bacıma dönüb: "Gəl arxamca. Qapını klidlə, özün də uşaqları yatırıb yat. Mən gələndə zəngin səsinə oyanarsan", - dedi. 

Heç nə başa düşmədik. Yatağıma uzanıb yorğanı yenicə başıma çəkmişdim ki, məni yuxu tutdu. Hamımız ac idik. İsti çörək ətrinə yuxudan oyananda hələdə yuxuda olduğumu düşünüb yenidən gözlərimi yumdum. Anam saçlarımı sığallayıb: "Gəl yemək ye", - dedi. 

Gözlərimi açanda anamın gözlərinin güldüyünü görüb sevindim. Boynunu qucaqlayıb qulağına pıçıldadım: "Yeməkdən sonra sırğaları kuklamın qulağına taxarsan?" -  dedim. 

Anam gülümsədi və gözləriylə otağın küncündəki un kisəsini göstərib: "Kuklanın sırğalarına bir kisə un aldım", - dedi.

15.12.2022