Bir qız ağzında tam ölüb...
27-01-2014 20:32 / Bu xəbər 2398 dəfə oxundu
Arqument.Az gənc şair Emil Rasimoğlunun şeirlərini təqdim edir:
Emil RASİMOĞLU
Neynirdim ki, bu geyimi...
Neynirdim ki, bu geyimi,
Anam geyindirib mənə.
Çıxacam bu adamlıqdan,
“Adam” geyindirib mənə.
İsti də,qar da bilmişəm,
Ömrü qumarda bilmişəm...
Nə tam çıxarda bilmişəm,
Nə tam geyindirib mənə.
Göy üzü quşdan yuxarı,
Daş atdım başdan yuxarı...
Günahı daşdan yuxarı,
Xətam geyindirib mənə.
Gözündən gələcəm göyün...
Torpağı geyinən günü,
Mən öz yadımdan çıxacam.
Bəndə qeydiyatından,
Evin adından çıxacam.
Hardasa diri şam ölüb,
Bir qız ağzında tam ölüb...
Deyəcəklər adam ölüb,
Daha “adam”dan çıxacam.
Anam,gəzmə göyüm-göyüm,
Qar içinə bahar geyin...
Gözündən gələcəm göyün,
Yerin otunnan çıxacam.












