Bir şəhid məzarı olmaqdı Vətən...
03-06-2021 12:22 / Bu xəbər 1558 dəfə oxundu
Arqument.az Xalid Mahmudun yeni şeirlərini təqdim edir:
VƏTƏN
Bir ağac olmaqdı,
yarpaq olmaqdı
birağacın budaqlarında...
Bir dəstə çiçək olmaqdı
bir şəhid məzarının üstündə.
Bir şəhid məzarı olmaqdı
Vətən...
Bir körpənin
bələkdən sıyrılan ümid çığırtısı,
bir ananın qucağındakı arzu yolu,
bir şəhid atasının
məğrur baxışlarındakı
oğul həsrətidir,
bir atanın başını ucaldan
oğul olmaqdı
Vətən...
Bir yetim uşağın gözlərində
bir çimdik təbəssüm ola bilməkdi,
bir ixtiyar qocanın
ümidsiz gözlərində
ümid ola bilməkdi,
bir isti qucaq olmaqdı
Vətən...
Bir yol olmaqdı,
yolçu olmaqdı,
dara düşəndə əyninə kəfən geyinib
addımlaya bilməkdi ölümün üstünə...
Təkcə uğurunda ölmək deyil,
ölümü öldürə bilməkdi
Vətən...
MÜƏLLİMLƏRİMƏ
Bax, o məktəb yolunda
ayaq izlərim qalab...
Qucaq dolu böyümək həsrətindən yapışıb,
arzuların dalınca qaçdığımız o günlər...
Bir də xatirələrim sinif otaqlarında...
Kaş bu ömür valsını geri döndərə bilsəm,
Geri döndərə bilsəm,
atam əlimdən tutub
Məktəbə apardığı həmin xoşbəxt günləri...
Köhnə məktəbimizin köhnə otaqlarında
sevgi dolu bir dünya...
Ağababa müəllim
tutub əllərimizdən hərf öyrədəydi bizə,
Köhnə xatirələrlə oturaydıq üz-üzə...
Sonra Fail müəllim dərs soruşaydı bizdən
"Əlifba”dan, "Oxu”dan.
Dərsi yoxlamaq üçün sinfimizə gələydi
yenə Tutxan müəllim,
O ağ saçlı, qayğıkeş, saçlarının çoxu dən...
Ağalar müəllimin "həndəsi fiqur”ları,
Düzüləydi sırayla yazı taxtası üstə.
Bir dünya açılaydı burda "dödbucaq” kimi,
Qəlbimiz qızınaydı bir isti qucaq kimi...
Həsənağa müəllimin
"Tarix dərəsi”ndəki Herodotla söhbəti
Uzanaydı lap elə "Dünya müharibəsi”nədək.
Emin müəllim yenə yığıb aparıb bizi
Fransa sərhədinə, "Prussiya müharibəsi”nə.
Götürüb Xətayinin topkəsən qılıncını,
kəsib tökəydi bir-bir
vətəni parçalayan sərhəd məftillərini...
Ədəbiyyat dərsində Aslan müəllim yenə
Sərəydi Nəsiminin üsyankar bayrağını
Füzulinin qanayan eşq yaraları üstə...
Köhnə, yarıqaranlıq
sinif otağımızın qapısı açılaydı,
Zarafatla, məzəylə,
şeirlərə vurduğu naxışlarla, bəzəklə,
Gəlib Aşur müəllim girəydi sinfimizə,
dodağımız qaçaydı,
Hamının çöhrəsində təbəssüm gül açaydı...
Vəfadar müəllimin rus dili dərsindəki
şeir tərcümələri,
Lermontovla, Puşkinlə görüşdürəydi bizi.
Qədiməli müəllimin "Fonetik təhlil”lərin,
"Morfoloji qayda”da hecalara böləydik.
Zəng səsindən sonra da
uzanaydı dərsimiz mürəkkəb cümlə kimi...
Mirzəli müəllimin çətin "Tənlik”ləriylə
həyat fəlsəfəsinin cavabını tapmağa
plan quraydıq yenə hesab dəftərimizdə...
Ömür yuxu kimidir,
bir gün bir gecəsi var,
bir gün bir gündüzü var...
Zamanın o başından
bir də dönüb arxaya yorğun-yorğun baxmağın...
Bax o məktəb yolunda
ayaq izlərim qalıb...
Bir də xatirələrim sinif otaqlarında...