"Birjalarda çalxalanma olacaq, amma..." - ŞƏRH
09-11-2016 22:24 / Bu xəbər 1740 dəfə oxundu
"Trampın seçilməsindən sonra əsas gözləntilərdən biri də Federal Rezerv sistemində faiz artımının göstəricisidir”.
Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-dakı prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə birjalarda çalxalanma olacaq, amma bu uzun zaman davam etməyəcək: "Birjalarda çalxalanma olacaq, amma bu uzun zaman davam edən proses deyil, çünki fundamental prosesler bir neçə gündən sonra öz yerini tutacaq. Bunlar müvəqqəti gözləntilərin doğrulmamasından, ajiotajdan doğan reaksiyadır. Qiymətli kağızlar və neft bazarında ciddi oynamalar, dalğalanmalar müşahidə olunur, amma dediyim kimi, bir neçə gün sonra sakitləşəcəyi gözlənilir. Əsas ciddi dəyişiklik qızılla bağlı oldu. Bu da çox anlaşılandır. Çünki stabillik olmadıqda, investorlar ən güvənli investitsiya kimi qızıla üz tutdular və bu, qızılı xeyli dərəcədə bahalaşdırdı Trampın qələbəsindən sonra bu, gözlənilən idi. Bir müddət sonra, yəni seçiləndən sonra Trampın bəzi bəyanatları oldu. Düşünürəm ki, iş adamları və biznes çevrələr üçün verdiyi pozitiv mesajlardan sonra birjalarda müəyyən sakitlik yaranacaq və atılacaq addımların konkret nədən ibarət olacağını görmək olar. Əsas gözləntilərdən biri də Federal Rezerv sistemində faiz artımının göstəricisidir. Çünki Tramp namizəd olarkən dəfələrlə bu barədə faizin daha aqressiv şəkildə, daha ciddi artırılmasını istədiyini söyləmişdi. Yəqin ki, bunun da müəyyən təsiri olacaq. Dolların gələcəkdə bahalaşması Federal Rezerv sisteminin faiz artımına görə gözləniləndir”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə öz şəxsi hesabında ABŞ-da prezident seçkilərinin nəticələrini belə təhlil edib ki, demokratik və azad seçkidə əvvəlcədən proqnoz etmək asan deyil və dünyanın heç bir ölkəsində ədalətli seçki keçirmək mümkün deyil: "Seçki kampaniyasında büdcənin böyüklüyü siyasətdə uduş üçün başlıca faktor sayıla bilməz. Belə ki, bu seçki kampaniyasında Klintonun topladığı büdcə 516 milyon dollar, Trampın 205,8 milyon dollar olub. Klintonun seçki kampaniyasına "Buffet", "Soros" kimi maliyyə oliqarxları, Səudiyyə Ərəbistanı, Qatar kimi zəngin ölkələr pul ayırıb. Amma Donald Trampın kampaniyasında əsas maliyyə mənbələri şəxsi vəsaitlər və sıravi vətəndaşların ianələri olub. Onun kampaniyasına bir ianəçinin xərclədiyi vəsaitin orta məbləği 61 dollar olub. Buna baxmayaraq, "Wall Street” və iri bankların, nüfuzlu medianın, zəngin ölkələrin Hillari Klintona səxavətlə pul xərcləməsi də onu prezident edə bilmədi. Demokratik seçkidə xalqın seçimi qarşısında nə maliyyə, nə də media hakimiyyəti duruş gətirə bilir. Baxmayaraq ki, nüfuzlu media orqanları "CNN", "BBC", "New York Times" Donald Trampın əleyhinə təbliğat aparsalar da, onu məğlub edə bilmədilər”.
İqtisadçı ekspert Fikrət Yusifov isə bildirib ki, neftin qiyməti 60-70 dollara qədər bahalaşacaq: "Müşahidə olunan odur ki, dünya bazarında dolların məzənnəsində bir qədər ucuzlaşma baş verir. Ancaq bunu neftin qiymətinə neçə təsir edəcəyini indidən söyləmək çox çətindir. Məncə, neftin qiymətləri ilə bağlı məsələ o yerə gəlib çatıb ki, iki ildir neft sənayesinə investitsiya qoyulmur. Neft sənayesi də investitsiya qoyulmadan inkişaf edə bilməz. Yəni yatırım olmadan hasilatı artırmaq mümkün deyil. Təxminən nefin qiymət 60-70 dollara qədər bahalaşacaq”.
Qeyd edək ki, 8 noyabrda keçirilən prezident seçkilərində Donald Trump ABŞ-ın 45 ci prezidenti seçilib. Onun gözlənilməz nəticəsi isə dünya mediasında ciddi müzakirələrə səbəb olub.
Arqument.Az












